“Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!”
(Hüseyn Cavid)
Hökumət iş görmək üçün gənc kadrları cəlb eləmək istəyirdi, “Yüksəliş” adında müsabiqə elan olunmuşdu. Qəfildən həmin imtahanda, müsabiqədə iştirak eləyənlərin az qala hamısı zəhərləndi. Müxtəlif yerlərdə. Qida Təhlükəsizliyi Agentliyi xüsusi araşdırmaya başlayıb, həmçinin hüquq-mühafizə orqanları ayağa qalxıbdır. Güman etmək olar ki, bu işdə köhnə komandanın, vurulan dəstəbaz və tayfabazların rolu vardır. Axı onlar bu saat cilov gəmirirlər, əllərindən çıxan yağlı vəzifələri kimsəyə vermək istəmirlər, hər cür sabotaj və təxribata hazırdırlar. Bir ata sözündə deyilən kimi, tısbağanı ya arxası üstə çevir, ya öldür, heç bir fərqi yoxdur. Bu əski canavarlar dəstəsi isə hazırda yem mənbələrindən təcrid olunmaqdadır. Sizə zarafat gəlməsin, bunlar olduqca böyük oktopod, səkkizayaq, ya da rəhmətlik Hacı Qarabulaqlı demişkən, sprut idilər.
Burada hörmətli oxucular haqlı olaraq irad tuta bilər ki, a kişi, sən də bu cızmaqaranda nəhayət, müqayisə üçün seçdiyin totem heyvanın adını dəqiqləşdir, yoxsa bu nədir, bayaqdan gah deyirsən tısbağadırlar, gah boz qurda oxşadırsan, indi də sprutdan dəm vurursan. İnsafən, oxucular haqlıdır, günahımı boynuma alıram. Eyni zamanda, Mollanın sözü olmasın, mən də haqlıyam, çünki bunlar özlərində bir çox canlılar aləminin keyfiyyətlərini cəmləşdirmiş komanda idi. Nəinki fauna, flora aləminə də nüfuz etmişlər. Bəlkə inanmazsınız, alimlərimizin mürəkkəbinə and içirəm, təzəlikcə başıma gəlibdir: meyvə köşkünə girmişəm, üzüm almaq istəyirəm. Satıcıya deyirəm: “Sizdə boz kardinal sortundan üzüm varmı?”. Satıcı təəccüblənir: “Kardinal var, ancaq sən deyən sort yoxumuzdur”. Birdən ağlıma gəlir ki, beynimdə temaları qarışdırmışam.
Üzümdən söz açılmışkən, bir ara deyəsən “Azadlıq” radiosu araşdırma aparıb tapmışdı ki, Ramiz müəllim administrasiyanın şefi işləyəndə xanımının adına xeyli üzüm bağları olubdur və ən absurdu isə həmin bağ təsərrüfatlarının… dövlətdən külli miqdarda dotasiya almasıydı.
Demək istəyirəm, islahatlar prosesində yeni kadrlar mümkün qədər ehtiyatlı olmalıdır. İmtahana gedirsən, zəhmət çək, özünlə butulkada su, termosda yemək, dimdiyində ot, nə bilim, caynağında ət apar. Odur, Rusiyada Navalnını necə zəhərləyib böyrü üstdə yıxdılar, görmədinizmi? Bizim tayfa-tifaqı dağıdılan məmurların da Putinlə, türkün sözü, sıcaq ilişkiləri var, bəlkə “Yüksəliş” müsabiqəsində iştirak edən südəmər, saf, təmiz, pak (bu yerdə “Ramizin üstünlüyü şəksizdir, şübhəsizdir” sloqanlı bir köhnə yuyucu toz reklamı hardansa yadıma düşdü), ümidverici, islahatçı, qərbyönümlü, millidəyərli, mentalitetli, xalqcanlı, elsevər, millətpərvər, patriot gənclərin zəhərlə sıradan çıxarılmasında Rusiya amili hüquq-mühafizə orqanlarımızın diqqətini mütləq cəlb etməlidir. Lazım gəlsə, Almaniyadan təyyarə çağırıb onları aparıb Berlində klinikaya yerləşdirməyə qədər hər bir detal nəzərdə tutulmalıdır.
Ümumiyyətlə, bizim akademiya həmişə şeytan yuvası olubdur, o binadan xalqımıza heç vaxt xeyir gəlməyibdir. 1990-cı illərdə respublikamızın parçalanmasına səbəb olan cəbhəçilərin çoxu elə orada işləyən elmi işçilər, uğursuz aspirantlar, yarımçıq kandidat-nauklar deyildimi? Hələ yaxşı araşdırma aparsaq indi də ordan çoxlu cəbhəçi-müsavatçı çıxar. Elə Ramiz müəllim özü meydan hərəkatında çox aktiv olmuşdur, neçə dəfə bayrağı şəxsən Azadlıq meydanına aparıb. Bu səbəbdən, yaxşı olar Akademiya ləğv olunsun, onun binası şadlıq sarayı kimi istifadə edilsin. Gözəllik salonu, güləş zalı, avtoprofilaktoriya, kababxana, dönərçi, internet klub, quşxana (ağlınıza pis fikirlər gəlməsin, göyərçin saxlayanları nəzərdə tuturam), mebel sexi, dəmirçi, malyar, padarginal telefon dükanı, reket qəzetlərə redaksiya, İvanovka kənd məhsullarının Bakı nümayəndəliyi və sairə səmərəli məqsədlər üçün də yararlanmaq olar. Yetərincə böyük binaları var, mənasız yerə qalıbdır. 1994-də AMEA-nın İqtisadiyyat İnstitutunun bir direktoru vardı, diplom işimin müdafiəsində mübahisəyə girişdi, bunun ciddi səhvini tutmuşdum, axırda məni idarəyə elmi iş yazmağa dəvət elədi. Getdim qəbula, gördüm kişinin qəbul otağı o qədər uzundur ki, qapıdan bunun kreslosuna çatana qədər xeyli yol getməliyəm.
Hörmətli oxuculara bildirim ki, mən hələ də o yolu gedirəm, bu yazını da kabinetin ortasından yazıb yolladım, sağ-salamat qalın.