“Bəzən məmurlar vətəni elə tərifləyirlər, sanki onu satmaq istəyirlər”
(afyorizm)
Bizim hansı dövrdə yaşadığımızı mətbuatın dilindən anlamaq olar. Örnək üçün, görürsən hansısa kriminal qruplaşmanın rəhbərini öldürürlər, qəzetdə xəbər gedir: “İndicə dəhşətli xəbər aldıq”. Lap bu kişiyə uca yaradandan rəhmət diləyək, ancaq dəhşətli nə deməkdir? Həmin ölüm sayəsində dəhşəti kim yaşayıb, harada yaşayıb? Bəlkə bunu da izah eləmək lazımdır.
Yaxud qardaş bacısını öldürmüşdü, bu haqda yazıda belə cümlələr verilmişdi: “Kənd sakini, 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə səbəb bacısının növbəti dəfə küsüb ər evindən ata evinə qayıtması olub. Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib. L.Müseyibova su kanalında boğularaq ölüb”.
İfadəyə baxın: ər evi. Ata evi. Elə bil Azıx mağarasından təzəcə çıxmış, bəlkə heç çıxmamış azıxantropların ibtidai icma quruluşundan, ya da Avropa Şurasının üzvü olan dövlətdən deyil, hansısa papuas qəbiləsinin meşədə həyatından bəhs olunur. Adam ailə qurursa, əri ilə alıb yaşadığı ev onların hər ikisinə məxsusdur, bərabər hüquqla. Bu zaman hüquqa görə pulu kimin verməyi də önəm daşımır. Ər evi varsa, onda məntiqlə arvad evi, uşaq evi-zad da olmalıdır. Lap axırda it damı. Bəs niyə bu ifadələr dilimizdə yoxdur? Yox, it damı var, ana evi, gəlin evi sözləri yoxdur. Çünki müsəlman şərqində itin-pişiyin hörməti qadının hüququndan artıqdır.
Özü də bu sözlərə, ifadələrə hansısa quru söz kimi baxmayın. Azərbaycanda yüzlərlə insan bu “ər evi”, “ata evi” kimi sözlərin qurbanına çevrilir, bu sözlərdən yetişən, qidalanan zorakılığa məruz qalır. Zorakılıq bizdə ideya şəklində daima ictimai ab-havadan asılıdır, kim istəsə götürüb atəş aça bilər. Özü də çox qəribədir ki, uca millətimiz bu temalarda çox riyakardır. Qadına ancaq namus, qeyrət kimi virtual dəyərlər yüklənir, kişiyə isə maddi nemətlər. Cənnət anaların ayağı altındadır, ancaq o ananın şəxsi evi yoxdur. Öncə ata evində qalır, sonra ər evində. Bəzən ikisinin arasında. Buna dözməyən qardaş da bıçağı soxur yazığın qarnına. Bəzən humanist qardaş olur, qan axıtmaq istəmir, aparır kanala itələyir. Görəsən qəfildən, xəbərsiz itələyibsə bu tərzə “arvad kimi” yaza bilərikmi?
Ölkəmiz belə problemlər yaşayarkən görün okeanın o tayından hansı əcaib xəbər alırıq: Twitter ABŞ prezidenti Donald Trampın tvitini silmişdir. Sən ölkədə demokratiyanın səviyyəsinə bax. Sosial şəbəkə prezidentin hansısa statusunda qanunu pozduğunu əsas tutaraq ona senzura tətbiq edir. Trampın günahı nə imiş? O statusda hansısa bəstəkarın mahnısını veribmiş, bəstəkar da müəllif hüququnun pozulduğunu bildirib, şikayət edib. Hətta deyir, mən Trampa musiqilərimə qulaq asmağı da qadağan edirəm. Heyrətamizdir (az qaldım trendə uyaraq bu sözü “heyrətRamiz” yazım). Bəzi ölkələrdə manıslar prezidentə yalvarır ki, bizə xalq artisti, prezident təqaüdü, aşağı yerindən bir fəxri fərman ver, bunlarda isə manıs rəhbərə mız qoyur. O cümlədən sosial şəbəkələrdə prezident haqda əyər-əskik yazanların həbs edildiyi dünya ölkələri vardır. Əlbəttə, bizim ölkə bu kateqoriyaya daxil deyildir. Bizdə hətta indi məlum olub ki, rəhbərliyi söymək üçün xaricdə blogger-zad saxlanmasını elə rəhbərin idarəsində çalışanlar təşkil edirmiş. Gör necə siyasətçi adamlardır. Kələfin ucunu nə cür dolaşıq salıblar. Milli mentalitetə bağlılıq da ortada. Dastanda necə deyirdi? “Onlar bir yeyəndə, sən iki ye”. Bunun kinosu da var, deyir dostlarınla yaxın ol, düşmənlərinlə ikiqat yaxın. Təxminən belə cümlə idi, dəqiq yadımda qalmayıb.
Bəlkə söyüşcüllərdən birinin paytaxtımızda 5 qatlı ofis yiyəsi olması söz azadlığına nümunə kimi saxlanmalıydı, heyf, binanı dünən sökməyə başladılar. Yazıb-yaratmaq üçün jurnalistlərə vermək olardı.