“Bir insanın barəsində törədilən ədalətsizlik, bütün bəşəriyyətə yönəlmiş ədalətsizlikdir”
( Şarl de Mönteskyö, 18-ci əsr fransız filosofu)
Dünən Biləcəridə, Mehdi Hüseynzadə küçəsindəki moteldə bir kişi arvadını bıçaqlayaraq öldürüb. Bu, son 4 gündə Biləcəridə ikinci ağır, qanlı cinayətdir. (Mənim diqqətimi çəkən. Bəlkə axtarsan başqa pis şeylər də tapılar). Avqustun 31-də qəsəbənin Yəhya Hüseynov küçəsində keçmiş kürəkən qayınatasını öldürmüşdü. 14 bıçaq zərbəsiylə. Hələ evə girib başqalarını da öldürmək istəyirmiş, qonşuların səs-küyünə qaçıb.
Kürəkənin qayınatanı öldürdüyü mənzil Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsindən 100 metr məsafədə yerləşir. Bunu niyə xüsusi vurğulayıram? Mərhumun qohumları açıqlama veriblər, deyirlər kürəkən qayınatasını öldürmək hədəsinə çoxdan başlayıbmış, haradasa 1 ildir bu ailə münaqişəsi davam edirmiş. Qayınata 6-cı bölməyə şikayət ərizəsi verib həyatına təhlükə olduğunu deyibmiş. Bəs tədbir hanı? Tədbir-zad yoxdur. Əvəzində 6-cı bölmənin qəhrəman əməkdaşları bugünlərdə saysız-hesabsız karantin cərimələri yazıblar. Meyxanaçı Vüqar Biləcərinin yasına gedənləri divar dibinə düzüblər, elə həmin Yəhya Hüseynov küçəsində maskanı çənəsinə endirib dükan qapısının dəstəyindən yapışmaq istəyən onlarla ağır cinayətkar cərimə edilmişdir.
Vəssalam. Ədalət zəfər çalmışdır – zəhləmgetmiş sovet qəzetlərinin diliylə yazsaq. Sadəcə, o zəfərin təntənəsini azı 2 nəfər daha görməyəcəkdir. “Qatır Məmməd” kinosunun axırında deyilən kimi: “On dörd gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi”. Hərçənd müstəqillik dövrümüzdə məlum oldu ki, kinonun o yeri də saxtakarlıq imiş, Qatır Məmmədi Azərbaycanda sovet hakimiyyəti qurulmamışdan 8 ay qabaq – 1919-cu ilin sentyabrında öldürmüşdülər.
Elə bil çox uzaq getdik, mövzunun qaranlıq künc-bucaqlarında nə qədər ki, bizi də tutub bıçaqlamayıblar, qayıdaq geri.
Görəsən, bizim hüquq-mühafizə orqanları maskasız adamlara qarşı mübarizənin onda birini bıçaqlı adamlara qarşı niyə apara bilmirlər? Hanı bizim polisin profilaktik-tərbiyəvi tədbirləri? Axı orqanların işi cinayət baş verəndən sonra gedib meyitin şəklini çəkmək və türmələri müvafiq şəxslərlə doldurmaqla yekunlaşmır. Camaatın təhlükəsizliyini qorumaq üçün elə həmin camaatın özü ilə sağlam etimad, etibar mühiti qurulmalıdır. Şikayətlərə vaxtında, dəqiq, real baxmaq lazımdır, xala-xətrin qalmasın şəklində hesabatlarla iş düzəlmir.
Tək cinayətlərin profilaktikası deyil, cəzalar da bəzən adekvat olmur, zəhmətkeşlərdə şübhə oyadır. Örnək üçün, görürsən biri vintaçanla vurulduğunu iddia edir, günahsız insanı şərləyir, uzun müddətə həbsinə səbəb olur. Halbuki, gəlib məhkəmədə ifadə verəndə, elə ondan da qabaq, hadisənin səhəri intervülərində görürdük ki, adam turp kimidir, heç bir vintaçan xəsarəti-zadı almayıbdır. Bəs bu tipik işverənə görə keçmiş Qarabağ qazisi Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası kəsmək ölkədə ədalətin təntənəsinə nə dərəcədə xidmət göstərəcəkdir? Hökumətin xoşuna gəlməyən söhbətlər edən adamları cəzalandırmaqdansa, xoşagəlməz hərəkətlər, əməllər törədənləri saxlamaq doğru olardı. Çünki tarix bu prinsipin doğruluğunu yüz illərdir isbat etməkdədir: “Millət və dövlət iki halda korlanır – cinayət var, cəza yoxdursa və cəza var, cinayət yoxdursa”.
Sonda qeyd edim ki, bunlar erməni Paşinyanın Qarabağa gəlib avtomat tüfənglə məşq edən arvadına da aiddir. Paşinyan seçkini udanda bəziləri “Ermənistanda demokratiya qalib gəldi” çığırırdı. Ancaq başqa xalqa qarşı düşmənçilik edənin öz xalqına xoşbəxtlik gətirməsi mümkün deyil.
P.S. Dəqiqləşdirdim, kürəkən qayınatasını öldürərkən maska taxmayıbdır. Yəqin bunu da ağırlaşdırıcı hal olaraq məhkəmədə nəzərə almalıyıq.