“Ey bizim əsrimizin gözəllik salonları,
savaşda Janna Darkın saç düzümü necəydi?”
(Salam Sarvan)
Milli Məclisin binasında çoxlu iclas zalları vardır, lakin onlara ad qoyulmamışdı. Nəticədə deputatlar, idarənin qonaqları, jurnalistlər, seçicilər və sairə məsul yoldaşlar hansısa otaqda görüşmək, toplantı yapmaq lazım gələndə çaşırdılar. Bir də görürdün Hacı Madərin seçicisi çaşıb Məşədi Etibar Əliyevin görüşünə qatılıb. Almaniya bundestaqından gələn qonaqlar Monqolustan xuralının deputatlarıyla eyni zala düşüblər. Erkin müəllimin brifinqi adıyla redaksiyadan çıxan jurnalist Səyavuş Novruzovdan intervü alır və sairə. Milli Məclis salonlarının adsız qalması ciddi dövlətçilik problemlərinə, siyasi münaqişələrə, geopolitik dartışmalara gətirib çıxarırdı.
Şükürlər olsun, bugünlərdə MM-in yeni rəhbərliyi məsələni kökündən həll etdi, ordakı zallara milli adlar qoyuldu. Məsələn, indi bizim MM-də “Sonalar sonası”, “Monte Karlo”, “Ay işığı”, “Durub göy üzünə öskürən oğlan, Hanı sənin ağzında maskan”, “Muğam festivalı”, “Nəvə toyu” sütunsuz salonları yaradılıbdır. Deputatlar istəsələr bəzəkli maşınlarını birbaşa salona sürə bilərlər…
Gör toy qadağaları bizi nə kökə salıbdır. Hər yerdə şadlıq sarayı axtarırıq, gözümüzə hər tində bəy-gəlin dəyir. Əlbəttə, yuxarıdakı adlar mənim tərəfimdən tamamilə dezinformasiya idi, MM-in sədri Sahibə xanımın sərəncamıyla iclas salonları “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül bağı”, görüş otaqları isə “İpək yolu” və “Odlar yurdu” adlandırılmışdır.
Çox yaxşı, vətənpərvər, yerində, vaxtında, düzgün, elmi, kütləvi, mədəni, tarixi, bədii qərardır. Xüsusilə Qarabağın adının yaşadılması. Yəqin bunun Qarabağ ətrafında Livan ermənilərinin qanunsuz məskunlaşması proqramına mənfi təsiri olacaqdır, neçə nəfər utandığından intihar edəcəkdir. O cümlədən, “Odlar yurdu” otağında öz deputatıyla görüşən seçici qayğıdan od tutub yanmayacaq, həyatı ipək yoluna çıxıb saatda yüzlə gedəcəkdir.
Sözgəlişi, mən bayaq niyə yalan yazdığımı etiraf etdim? AMEA şefinin mətbuatı tənqidindən nəticə çıxarmışam. Ramiz müəllim jurnalistləri tənqid edib, deyir çoxu savadsızdır, vətənpərvərlikdən uzaqdır, dövlət siyasətini qanmırlar və sairə. Ancaq milli mətbuatımızın bu kökə salınmağında özünün nə qədər rolu olubdur, o temada təvazökarlıqla susubdur.
Vallah, nə demək olar, bir gün bizi elmin geridə qalmağında suçlamasalar yaxşıdır. Hələ o rayonlara qoyulan bir sürü rüşvətxor icra hakimi hansı zibillikdən tapılmışdı, kimin icadı idi – bu haqda ümumiyyətlə danışmayaq, çünki böyük ehtimalla onları da biz jurnalistlərin belinə şəlləyəcəklər.
Qayıdaq parlament salonlarının ad qazanması temasına. Artıq ölkəmizdə deputatların baş kəsib, qan töküb, Dədə Qorquddan ad alması dövrüdür. Seçiciyə ən çox ət paylayan deputatı “Qırmızı salon”a, seçildiyi rayonun üzünü görməyəni “Qara çadır”a yerləşdirməliyik. Mən yeganə olaraq MSK sədrinin əməyinə qiymət verilməməsindən dilxor oldum. Neçə ildir seçkilərdə əziyyət çəkir, parlamentdə bir “Məzahir salonu” açmaq olmazdımı? Sağlığında qiymət verək insanlara. Yaşamaq yanmaqdır. Ölüm sevinməsin qoy. El bilir ki, sən mənimsən.
Ümumiyyətlə, son dövrlər kütləvi informasiya vasitələri, o cümlədən yeni media sayılacaq əhalinin internet səhifələri dövlətin diqqəti altındadır, bizim təklif və tələblərimiz dərhal eşidilir. Yazırlar, “niyə filankəs də maskasız filan yerdə olub”, uzağı sabah baxırsan qardaşımız şöbədə divar dibində məlul durub cərimə verir. Hələ bizdə qanun qarşısında bu qədər bərabərlik olmamışdı. Düzdür, həmişə bərabər olurdu, ancaq bu dəfə daha çox bərabərdir. Riyaziyyatda belə şeylərin “böyük bərabərdir” adlı işarəsi var, belə qoyulur: ≥ . Maska taxılmış ağız-burun rəsmi kimi bir şeydir.
Xalqımızın elmi-riyazi üsullarla yaşamaq yanğısı da artıbdır. Örnək üçün, mən bu yaxında bir saytda gözəl məqalə oxudum: “Ramiz Mehdiyevin nəvəsinin toyunda bişirilən toyuğun hazırlanma qaydası”. Mükəmməl informasiya idi, toyuğa neçə qram küncüt, neçə qaşıq yapon ədviyyatı, nə qədər kərə yağı, zəncəfil-zad lazımdır ki, Ramiz müəllimin nəvəsinin toyundakı kimi olsun – hamısı izah edilmişdi. Bəlkə hörmətli akademik Azərbaycan kulinariya elminə bu xidməti ilə tarixdə qalacaqdır.
Həmçinin, toyda kim nə geyinib, donun qiyməti neçə dollardır, atəşfəşanlıq üçün fişənglər hardan alınıb, gəlini hansı salonda bəzəyiblər (“İstiqlal” gözəllik salonu), manıslar hansı havanı çalıblar və sairəni yavaş-yavaş öyrənməkdəyik. Şair demişkən, “hələ cavanam, azdı yaşım, içkiliyəm, sazdı başım”. Çox şeyləri indən belə başa düşəcəyik.