“Heç kəsin xoruzu sabaha kimi banlamayıb”
(Azərbaycan ata sözü)
Gədəbəy prokurorluğu bir kənd məktəbinin keçmiş direktorunu tutubdur, deyir bu adam 2017-2019-cu illərdə saxta sənədlər düzəldib müəllimlərin maaş kartlarına əlavə dövlət vəsaiti yazıb mənimsəyirmiş. Təxminən 13 min manatı yeyibdir. Ancaq müəllim təkcə yeyintidə yox, adam öldürməkdə də suçlanır. Sən demə, keçən ilin yayında direktor maşın sürərkən başqa sürücünün yoluna çıxıb və vurub, nəticədə ölüm olub.
Belə baxanda bizdə hər bir özünə hörmət qoyan direktor ildə 6-7 min manatı dövlət büdcəsindən əkişdirməsə, daha nə üçün o vəzifəyə keçibdir? Adamı nəinki rayon və kənd camaatı, heç evdə arvad-uşağı da adam yerinə qoymaz, salamını almazlar. Bizdə diri insanın hörməti yalnız nə qədər pulunun olmasıyla ölçülür. İnsafən ölmüş insanlara da hərdən hörmət bəsləyirik, ancaq gərək vətən yolunda ölsün. Uzun sözün qısası, müəllimin tutulmağında xəbər sayılası heç bir önəmli detal yox idi. Populyar jurnalistika məsəliylə yazsam, əgər it adamı dişləyirsə, bu, xəbər deyildir, yazmasan da olar, əsl xəbər o zaman olur ki, adam iti dişləsin. Mənim diqqətimi orada yol əhvalatı çəkdi. Görəsən əlaqədar hüquq-mühafizə orqanları müəllimin keçən ilin yayında maşınla adam vurmasını niyə 1 il sonra açıblar? Bəlkə o, əlim qurusun yazdığım yerdə – həmin dövrdə direktor işləyirmiş və əlaqədar orqanları qorxudubmuş?
Təəssüf ki, bizdə vəzifəli şəxslərin saysız-hesabsız cinayətləri yalnız onlar vəzifədən çıxarılandan sonra ortaya çıxır, bu da cəmiyyətdə daldan atılan daş effekti yaradır, hətta bəzən o tiplərə yersiz mərhəmət yaranmasına gətirir. (Müəyyən istisnalar da var, məsələn, son koronavirus əhvalatında bəzi vəzifəli şəxslərin, deputat və icra hakimlərinin də sadə camaat kimi cərimələnməsi, töhmətləndirilməsi xalqda rəğbət doğurmuşdur. Qığılcım şəklində, rüşeym formasında olsa da qanun qarşısında hər kəsin bərabərliyinin necə müsbət tərbiyəvi əhəmiyyət daşıdığını, sivil Qərb ölkələrində həyatın nə üçün məna qazandığının səbəblərini anlamışıq). Bəs bu gedişatı nə cür dəyişmək olar? Necə etməliyik ki, vəzifəli şəxslər elə vəzifədə olduqları dövrdə də məsuliyyət hiss eləsinlər, cəzadan yayına bilməsinlər?
Əlbəttə, burada velosipedi təzədən ixtira etməyə ehtiyac yoxdur. İlk növbədə hakimiyyətin qolları arasında səlahiyyət bölgüsü, bir-birinə müstəqil nəzarət mexanizmləri olmalıdır. Müstəqil, doğru seçilmiş parlamentin eyni üsullarla formalaşan icraedici orqanlardan asılılığı olmamalıdır. Hüquq-mühafizə orqanları da həmçinin, müstəqil olmalı, QHT-lər, KİV-lərlə qarşılıqlı etimad mühitində çalışmalıdır. Yoxsa nə qədər şahidi olmuşuq: jurnalist vəzifəli şəxsin qanunsuz mülklərini, rüşvətxorluğunu, korrupsiyaya qurşanmasını aşkara çıxarır, həmin vəzifəli şəxs haqda araşdırma başlatmaq yerinə hüquq-mühafizə orqanları, məhkəmələr jurnalistin özünü cəzalandırırlar. Ay ötür, il dolanır, jurnalistin təqib olunması yaddan çıxır, vəzifəli şəxsi bir gün hansısa səbəbdən işdən atırlar, dərhal cinayətləri də “tapılır”. Hətta absurd vəziyyət yaranır, görürsən cəmiyyət jurnalisti ittiham edir ki, niyə yıxılana balta vurursunuz-zad… Vaxtilə bunları yazdığını və cəzalandığını jurnalist heç kimə izah eləyə bilmir. Dünənə qədər neçə evlər yıxmış, indi isə taxta dişli və dəmirçiyə gedib özünə diş qoydura bilməyən qoca canavarlar isə hansısa bambılı müqavimət bəyanatıyla, guya haçansa, kiminsə yaralı barmağına “çiş” elədikləri xəbəriylə millətin gözündə mələyə dönürlər. Bir saqqallı lətifədəki kimi. Deyir, yaramazın biri ölür, gəlir cənnət-cəhənnəmin qapıları ağzına. Burada Allah-təala soruşur ki, həyatında nə yaxşılıq eləmisən. Adam yarım saat fikirləşir, başını qaşıyır, axırda yadına düşür: “Filan vaxt dilənçiyə 20 qəpik vermişəm”. Tanrı bunun həyasızlığına heyrətlənir, Həzrət Cəbrayıla tapşırır: “Bunun 20 qəpiyini qaytarın, qoy cəhənnəm olsun”.
Gədəbəyli direktor ətrafında qazıntıları isə davam etdirməyə çağırıram. Molla Nəsrəddin demişkən, “eşələmə, qoxusu çıxar”. Şübhəsiz, onun CM-in 159, 160, 161-ci maddələri ilə cinayətləri də olmamış deyildir. Hörmətli oxucularımız “məktəb direktoru” və “cinayət” sözlərini bir yerdə oxuyarkən yəqin yuxarıda nömrəsini yazdığım maddələrin seçki cinayətlərinə aid olduğunu başa düşdülər.