“Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”.
(Həsən bəy Zərdabi, “Əkinçi” qəzeti, 1877-ci il)
Bəzən ölkəmizdə kimsə abırsızlıq eləyəndə, qanunları pozanda, xalqa qarşı çıxanda qəribə suallar veririk: “Görəsən niyə utanmır, həyasızlığın bir həddi olmazmı, ayıb deyilmi” və sairə. Başa düşmürük ki, bu cür düşüncə həyata romantik-poetik, sentimental-duyğusal baxışların nəticəsidir. Təzəlikcə azərbaycanlıların vətənə ancaq poetik yanaşdığını, onu real qiymətləndirməkdə çətinlik çəkdiyimizi tənqid eləmişdim. Bax, insanlara bu sosial yanaşma da həmin romantizmin bir növüdür. Halbuki, hər insanın öz bazar dəyəri vardır. Bu bazarda qiymət tələb və təklifin dəyişməsindən asılıdır. Əgər darvinizm nöqteyi-nəzərindən yanaşa bilsəydik, hər şeyi çox yaxşı başa düşərdik, qəbul edərdik, heç kimdən inciməzdik. Təəssüf ki, bizdə Darvini “meymundan əmələ gəlmiş mürtəd oğlu mürtəd” kimi şüurlara yeridiblər, bu işdə əsrlər boyu zalım hakimlərin əlaltısı, süfrə ortağı olan dini elitanın, molla və şeyxlərin də böyük rolu olmuşdur və hazırda həmin təəssüratı dəyişdirmək faktiki qeyri-mümkündür. O üzdən, bizdə təbii seçmə, güclünün qalib gəlməsi, cəsurların və qəhrəmanların yox, qorxaqların və ehtiyatı əldən verməyənlərin nəslinin davam etməsi, parazitlərin isə ölümsüzlüyünü anlamaq, anlatmaq alınmır. Yenə gün gəlir, kimsə incik düşür. Kimsə “meşədən küsür”. Başqası intihar edir. Dördüncüsü zalım zəmanədən şikayətlənir. Halbuki zəmanənin heç bir günahı yoxdur. Zaman elə dinozavrların dövründəki zamandır. Sadəcə, Yerin fırlanması yavaşıdığı üçün müəyyən illərdə 1 saniyəmiz artıq qalır. Həmin 1 saniyə bizim nəyimizə lazımdır, doğrusu hələ bilmirəm. Əslində mövzumuz bu deyildir.
Prinsipcə, mövzu nə idi, o da yadımdan çıxdı. Əgər bir ölkədə elm mərkəzi “Filan institutun şefi toy günü başqa yerdə olubdur, bu haqda foto-sübutlarımız vardır” açıqlaması ilə gündəmə gəlirsə, orada nədən danışmağın, hansı mövzuda yazmağın önəmi nədir? Nədən istəsən yaz, oxucu da nəyi istəsə oxusun. Necə deyərlər, bombarbiya kerqudu. Bəlkə, bunu demokratikləşmə saysaq, yanılmarıq. Yeganə təsəlli tək olmamağımızdır. Yoxsa adamın ürəyi partlayardı. Təklik, şairlərin təsvir elədiyinə baxmayın, çox pis şeydir. Adam bəzən voleybol topu ilə danışmağa məcbur olur. Bu temada 2000-ci ildə rejissor Zemekis-in çəkdiyi, baş rolda Tom Henks-in oynadığı “Didərgin” (orijinal adı “Cast away”) filmi var.
Örnək üçün, keçən həftə Afrikadakı Mali adlı dövlətdə üsyançılar hərbi çevriliş yapdılar, prezident istefa ərizəsi yazdı. Əcaib bir yerdir, bütün normal və sivil dövlətlər Maliyə səyahətə getmək istəyən vətəndaşlarına həmişə xəbərdarlıq edərlər: “Orda sizi öldürə bilərlər”. Həqiqətən, it yiyəsini tanımayan ərazidir. Ölkənin şimalında böyük hissəyə tuareq qəbilələri (yəqin çox zəhmətkeşimiz “tuareq”i maşın növü zənn edir, ancaq burda eyib iş yoxdur; maşının adını sonradan qoyublar) nəzarət edir, onlar orada bir ara Azavat adlı islam dövləti yaratmışdılar. Sonra gördülər Azavatı heç kim saymaq fikrində deyil, incidilər, köçüb getdilər Liviyaya. Orda başladılar hansısa qəbilənin tərəfində başqa qəbilələrlə vətəndaş müharibəsində iştirak eləməyə. Ancaq orda da tuareqlərə pis baxdılar, təzədən bunlar qayıtdı Mali səhralarına. Afrikada belə şeylər adi həyat tərzidir. Korney Çukovskinin yazdığı kimi: “Kalaxari səhrasında, Zambezinin yanında, Bir ölkə var Limpopo, Orda olur hippopo”.
Söz Afrikadan düşmüşkən, keçən həftə oradan bir təəccüblü xəbər aldım: Somalidə millət vəkili öldürülmüşdür. Yerli “Gubcuq Nyus” portalı deputatın adının Abdulqədir Əhməd olmasını qeyd etmişdi ki, inanaq. Doğrudan da, xəbər başdan-başa yeniliklərlə doluydu, məsələn, mən elə bilirdim Somalidə ancaq dəniz quldurları və terrorçular yaşayır. Lakin əməllicə dövlət quruluşu, deputat, portal-filan varmış!
Hələlik bu qədər. Sünnətə-zada çağırsalar, qətiyyətlə müqavimət göstərin. Bu dəqiqə toyu olandan qabaq qonaqları kəsirlər.