“Kiçik borc borclu edir, böyük borc düşmən”
(latın ata sözü)
Hökumət zəhmətkeşlərə çimərliyi açdı, ancaq tərslikdən hava buludlu və sərin keçməyə başlamışdır, hətta adama elə gəlir yay artıq qurtarıbdır. Bizim bəxtimiz heç vaxt gətirmir. Müdriklər demişkən, araq olanda xaş olmur, xaş olanda araq. Lakin ümidsiz şeytandır, yəqin havalar düzələr.
Fövqəladə halların çimərlik təlimatında zəhmətkeşlərə bir-birindən 2 metr aralıda çimmək göstərişi verilibdir. Yəqin hər bir insan indən belə dənizə üzmək tumanı, günəş kremi (qatıq da olar), gövşəmək üçün qarpızla yanaşı metr aləti də aparmalıdır. Əks halda birdən kimsə üzə-üzə sənin 1,75 metrliyinə gəlsə, qorxunc durum yaranmazmı? Hətta yaxşı olar dənizi sektorlara bölək. Ora Mamedin sektoru, bura Fatmanın sektoru… Xəzərin Qazaxıstan, Rusiya, Azərbaycan və sairə sektorları vardırsa, niyə insan sektorları da olmasın? İnsan dövlətdən əksikdirmi? Mən hökumətdən xahiş edirəm babat bir yerdə mənə 16 kvadrat dənizi ayırsınlar. Hər tərəfimə 2 metrdən hesablayanda belə çıxdı. Ta gedib çimərəm, çimmərəm – özüm bilərəm. Mənə sektorum lazımdır. Bir şey bilməsək bunu yazmarıq. Çünki yaxın günlərdə çimərlik cərimələri də yazılacaqdır, suda qucaqlaşanları idarəyə aparıb tumanda divar dibinə düzüb şəkillərini çəkəcəklər. Bəlkə kimsə qaçıb Türkmənistana üzdü. Öz Oğuz elimizdir, neynək.
Hərçənd, bu cür qəliz formalara və bölgülərə, xəbərdarlıq və sairə darlıqlara ehtiyac yox idi. Rəhbərlik istəsə xalqın bu dənizə cummaq ehtirasını kökündən baltalaya bilərdi. Necə? Çox sadə: dənizi qurudub hansısa xaricilərə satmaqla. Bunun mexanizmini Qabriel Markes müəllim özünün “Patriarxın payızı” romanında veribdir. Orada amerikalılar dövlət başçısını bezdirirlər ki, dənizi bizə sat. Rəhbər əvvəl satmaq istəmir, deyir bəs mən səhər duranda hansı ləpələrə-zada tamaşa edəcəyəm, şairlərimiz nəyə şeir qoşacaq və sairə. Lakin yankilər əl çəkmir. Axırda müqavilə bağlanır, şlüzlərlə dənizi hasarlayıb tankerlərə doldurur, daşıyıb aparırlar. Vəssalam. İndi bizdə də dənizi bu yolla satsaq gör nə qədər pul gələr. Dövlət Dəniz Fonduna. Onsuz hasar əlindən getməyə bir-iki deşik qalıbdır, balığını, kürüsünü it ilində yemişik, bəs bu dəniz bizim haramıza yaraşır? Bircə çimmək qalıb, o da pandemiya təhlükəsi törədirmiş.
Güman edirəm hökumət deputatlarla büdcə müzakirəsində dənizi babat qiymətə satmağı danışmalıdır. Tema açılmışkən, fikir versəniz o idarədə ən bərk səsi çıxan deputatlar seçkidə ən az səs alan deputatlardır. Qəribə vəziyyətdir. Məntiqlə əksi olmalıydı, arxasını daha çox seçiciyə söykəyən deputat guruldamalıydı. Ancaq yox, baxırsan seçicilərin 95 faizinin səsini (28 min nəfər) alan yoldaş hələ bir dəfə də danışmayıbdır, lakin 20 faiz səs alan (1 min nəfər) bülbül kimi cəh-cəh vurur. Hətta az qala müxalifətçi kimi danışır, hirsindən oturduğu kreslonu sındırır, fasilədə koridora çıxıb dibçəyi aşırdır, axırda bəlkə bunu da tutdular, siyasi dustaq siyahısına düşdü, Avropa Şurasında adımıza ləkə gəldi. Nəyə lazımdır belə şeylər? Gələn dəfə hamıya 95 faiz səs yazın, sakitçilik olsun.
Şura demişkən, ordan narazılıq ediblər, deyir Səməd Seyidova telefon açdıq, bizə cavab vermədi. Qarabağ yürüşünun sonunda Deputatxana yüksəkliyi uğrunda əsir düşən cəbhəçilərə azadlıq istəmək fikirləri varmış. Yeddi ildir bunlar Strasburqda Səməd müəllimin bahalı, seçicilərin zülümlə aldığı kürkünü oğurlayıblar, hələ tapılmayıb, indi istəyirlər Səməd müəllim bunlara cavab versin. Yaxşı eləyir cavab vermir. Sanksiya qoysalar, biz də onlara sanksiya qoyarıq. Məsələn, keçən ay Amerika çeçenlərin şefi Ramzan müəllimə və ailəsinə sanksiya qoydu, Ramzan müəllim də efirə çıxıb dedi ki, mən cavab olaraq ABŞ dövlət katibi Pompeo müəllimə sanksiya qoyuram, onun Qroznıdakı hesablarını bağlayıram və Sentoroy kəndinə gəlməsini qadağan edirəm. İndi Avropa çox o yan bu yan eləsə biz Makronun “Zaminbank”dakı hesabını, Ceyhan kəmərini bağlayaq, nefti verək camaata, içində çimsinlər. Çimərlik problemi də aradan qalxar.
Lakin o zaman dənizi satmaq planımın axırı necə olacaq, düzü hələ bilmirəm. Fikirləşmək lazımdır.