“Desələr almaqla necəsən, denən alıcı quş kimi! Əlinə keçəni qoy cibinə. Uğur və xoşbəxtlik sənin qapını döyəndə əgər istəməsən, yıxıl yat, cavab vermə!”
(Servantes, “Don Kixot”)
***

Xəbər başlığı görürsən: “Çimərliklər haçan açılacaq – Operativ Qərargahdan açıqlama!” Açıb oxuyursan, görürsən, heç qərargah özü də heç zad bilmir, xətakar jurnalist qəsdən belə başlıq atıbdır ki, biz avamlar girib oxuyaq.

Yoxsa “müzakirələr gedir, nəticələrə baxacağıq, əgər çimərliyi açmalı olsaq, bunun hansı formada olmasını tapmalıyıq” nə deməkdir? Sonra da deyirlər jurnalistlərə təzyiq oldu, kimisə həbs elədilər, nə bilim, qəzet bağlandı, sayt dağıldı, jurnal cırıldı… Bu cür eləyirsiniz ki, təzyiq olur da bə!

Söz açılmışkən, bugünlərdə mən Bibiheybətdəki “Jurnalist binaları” yaşayış kompleksində böhran vəziyyəti yaranması haqda xəbər oxudum.

Sitat: “Bir neçə jurnalistin velosipedi blokdan oğurlanıb. Binanın təhlükəsizlik və işıqlandırma sistemi aşağı səviyyədədir, girişdə şlaqbaum yoxdur. Nəticədə kənar yerlərdən yad adamlar həyətə maşınla gəlir, dövrə vururlar. Səbayel rayon icra hakimiyyətinə müraciətlərin nəticəsi yoxdur”. Dəhşətdir. Bəs “Sərhədsiz reportyorlar”, “Human Rayts Votç”, “Fridom Haus” buna niyə münasibət bildirmir? Hesab edirəm ki, hökumət vaxtilə jurnalistlərə hədiyyə adı ilə onları bir binaya toplayarkən məhz bu cür toplu təzyiqlərə məruz qoymağı nəzərdə tutmuşdur. Fikir verin, yad adamların binanın ətrafında dövrə vurması nə deməkdir? Bu, jurnalistlərimizin, hər biri “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Əflatun Amaşov” mükafatı laureatı olan dəyərli yoldaşların yaradıcılıq azadlığına birbaşa senzura tətbiq etməkdir.

Özünüz təsəvvür edin: sən mənzildə əyləşib bu il taxıl istehsalında artım, suçlu əmək qəhrəmanları, lap elə düşmənə qan udduran patriotlarımız haqda reportaj yazarkən, intervyunu diktofondan köçürərkən yaxınlıqda hansısa yad ünsürlər şübhəli şəkildə dövrə vurur, bəzən siqnala basırlar. Belə şəraitdə nə yazasan? Mənim özüm bir ay qonşuda mələyən qoyunun əziyyətini çəkdim, şükür, dünən ömrünü bayrama qurban verdi. Güman edirəm, oxucular son bir ayda o mələrtini mənim cümlələrim arasında hiss etməmişdir.

Nəsə, mövzudan uzaqlaşmayaq. Söhbət jurnalistlərə təzyiq faktından gedir.

Həmin xəbərdən daha bir-iki cümləni oxuyaq: “Analoq.az saytının baş redaktoru Savalan Talıblının azyaşlı qız övladının məhəllədə olan kənar şəxslər tərəfindən aparılmasına cəhd də ötən ilin yay aylarında baş vermişdi… Bina sakini Vüqar Vəliyev bildirib ki, ötən il avtomobilimin ehtiyat hissələrini söküb apardılar”. Gördüyümüz kimi, vəziyyət olduqca kriminaldır, lakin “Amnisti İnternaşional” hələ susur. Başqa vaxt olsa, bar-bar bağırır, özlərini demokrat adlandırırlar. Jurnalistin avtomobilindən ehtiyat hissəni söküb aparan adam bu il də əsas hissəni sökməyə şirniklənər. Hələ adam sevinir ki, nə yaxşı karantin var, polislərimiz quldurları evdən çıxmağa qoymur, yoxsa Allah bilir jurnalist binalarında daha hansı mənfi mənzərələrə rast gələrdik.

Ancaq mən başa düşmürəm ki, niyə başqa hörmətli jurnalistlərimiz həmin məhəllədə tikilən yeni jurnalist binasından mənzil almaq üçün dalaşırlar. Axı gördüyümüz kimi, orada tam kriminal durumdur, uşaq və velisoped, ehtiyat hissə oğruları, yad ünsürlər cövlan edirlər. Demək olar, heç bir yaradıcılıq azadlığı qalmayıbdır.

O cümlədən, dünən mən hörmətli Afaq Bəşirqızının artistlərimizin, mədəniyyətin ağır durumu barədə intervyusunu oxudum, çaş-baş qaldım.

Deyir, elə əməkdar artist var, dolanışıq üçün yuyucu toz satır. Topdan. Guya bu pis haldır. Vallah, alan olsa, mən özüm sabun bişirib satmağa hazıram, di gəl orda da monopoliya var. Başqa xalq artisti türklərin evini silib yaşayırmış. (Bir millət, iki dövlət deyilikmi? Bu da bəyəniləsi haldır). Hələ intervyuda bu vəziyyəti keçmiş nazir Əbülfəs müəllimə şəlləməyə çalışırlar. Siz bir jurnalistlərin halına baxın, şükür eləyin. İstəyirsiniz, sizi də “Artistlər binası”na yığıb velosipedi əkişdirsinlər, yuyucu toza palçıq qatsınlar, “Sərhədsiz aktyorlar” və Səbayel bələdiyyəsi də sussun, yana-yana qalasınız? Maşallah, ölkədə faktiki kino və teatr qalmayıb, ancaq minlərlə xalq və əməkdar artist var, hərəsinin döşündə medalı, cibində ev orderi, təqaüd hesabda, nə bilim, maşın qarajda… Ta nə istəyirsiniz? Hökumət özü tamaşa göstərir, yazı yazır, bunlar yenə narazıdır.

Əsəbiləşdim, çimərliyi necə açmaq haqda elmi məsləhətlərimə yer qalmadı. Eybi yox, onsuz qərargah hələ fikirləşir, gələn dəfə yazarıq.