“Ax, naxələf oğlum, nə çətin məşqə düşübsən,
Ey kaş, usanaydın!
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,
Bu qübhü qanaydın!”
(Sabir)
Məktəb pandemiyanın güdazına gedəndə dərslər yarımçıq qalmışdı, o üzdən 5-ci sinifdə oxuyan uşağın riyaziyyat dərsini bala-bala özümüz keçirik və hazırda axırıncı bölümlərdəyik. “Gündəlik həyatımızda riyaziyyat” adlı bu hissə mənim çox xoşuma gəldi. Nəyə görə? Praktik olduğu üçün. Hansı səhifəyə, hansı misala baxsan bu tipdə söhbətlərdir: “Ramiz dayı 10 kq qarpıza 0,5 manat verdi. Ramiz dayı qarpızın 1 kiloqramını neçəyə aldı?”, yaxud “Metlaxın uzunluğu və eni 25 santimetrdir, usta 1 kvadrat metr sahəyə neçə metlax vurmalıdır?” və sairə. Yəni, bizim təhsil sistemi potensial dükançı və metlax döşəyən usta yetişdirir, buna da şükür, guya kosmonavt yetişdirəsi deyildik. Gündəm budur. Bulvarın metlaxı da çoxdan dəyişmir. Uşaqları onları gözləyən real həyata hazırlaşdırdıqları üçün, yalan-palan vədlərlə aldatmadıqları üçün hökumətə təşəkkürümü çatdırıram. Zəngilan və Kürdəmir müəllimləri bu alqışı dəstəkləyirlər. Ümid var gələcəyə, Səs versək Elçibəyə! (Bu axırıncı cümlə deyəsən ayrı yazıdan idi, səhvən bura düşdü, ancaq dəyməyək, qalsın. Hərdən yazıda belə anarxiya, dərəbəylik olur. Oxucular da belə şeyləri görməlidir ki, düzgün yazıların qədrini bilsinlər).
Ancaq sətiraltı da olsa, dərsliklərimizdə müəyyən fırıldaqlara rast gəlinir. Cüvəllağı uşaqlar bunu dərhal tapırlar. Elə bizim uşaq da Ramiz dayının qarpız aldığı məsələyə çatanda çox təəccübləndi: “Kilosu 5 qəpiyə qarpız var?” Mən dövlətçiliyə xələl gəlməsin deyə kitabın köhnə nəşr olmasını uydurdum, qabaqlar, pul dəyişməzdən, inflyasiyadan öncə qarpızın bu qiymətə satıldığını söylədim. Kirimədi ki. Açıb kitabın nəşr tarixini gözümə soxur: “2017-ci ildir. Çox köhnə deyil”. Düşünürəm buna 15 sutka verməyin vaxtıdır. Əlaqədar orqanlar istəsə adresi verərəm. Dərslik çap edənlər isə mümkünsə Ramiz dayıya qarpızı gələn dəfə bir az baha satsınlar, biz valideynləri çətin suallarla üz-üzə qoymasınlar. Üstəlik, Ramiz dayı da əvvəlki yerində çalışmır, məncə ona qarpızı artıq baha satmaq olar.
Mövzu açılmışkən, həmin dərsliyin 181-ci səhifəsində də səhv var. Belə misal qoyulub: “İstirahət düşərgəsində 6 kortec var. Hər bir kortec digəriylə daş cığırla birləşdirilib. Düşərgədə neçə cığır var?” Birincisi, o yaşayış obyektinin adı kortec yox, kottecdir. Dərslikdə hər şeyin adı düz olmalıdır, yoxsa böyüyəndə dəmiryolu relsini reys, ampluanı ampula kimi yazan jurnalistlər ordusuyla qarşılaşırıq. İkincisi, bir kotteci başqasıyla birləşdirən cığır sayını bu şərtlə tapmaq mümkün deyil, çünki kottecləri 1 cığır boyunca sıra ilə yerləşdirmək də olar, hər birinə cığır çəkməklə 15 cığırlıq əcaib bir “hörümçək toru” qayırmaq da. Doğrudur, orada bir yerdə “sadə hala gətirib həll edin” cümləsi var, ancaq nəinki 5-ci siniflər və onların müəllimləri üçün, güman edirəm bizim başbilənlər üçün çətin məsələdir. İnanmayan “20 yanvar”, 3-cü mikrorayon dairəsindəki yol qovşaqlarını müşahidə edə bilər. Orda elə körpü var sutkada üstündən 24 maşın keçmir, körpünün altında isə daim tıxacdır. Qovşağı bu dərsliklə oxuyanlar tikdiyi üçün.
Halbuki, bizim yaxşı riyaziyyat ənənələrimiz vardır. Bir dəfə dərslikdə çətinliklə üzləşmişdim, dostum, riyaziyyatçı alim İsmixan Yusufa yazdım, cavabı göndərdi. Dedim hər halda bu misal beşincilər üçün ağırdır, çətindir. Bir az keçdi, İsmixan müəllim mənə o tipdə məsələni 7-ci sinifdə həll eləməyini yazdı, hətta buna görə “5” aldığı dəftərin fotosurətini yolladı. Ən heyrətamizi dəftərin tarixi idi: 1959-cu il! Mən bu fotonu uşağa göstərdim, o da yaxşı mənada təəccübləndi ki, Azərbaycanda riyaziyyat dəftərini 61 il qoruyub saxlayan adamlar vardır. Nə qədər ki, belə adamlar var, ölkəmizin gələcəyindən narahat olmayaq.
Hesab edin bu cızmaqaranı təzə təhsil nazirimizə uğur diləmək üçün yazdım.