“Mədəniyyət yanar kömür kimi qızarmış xaosun üstündə nazik alma qabığından başqa bir şey deyil”

(Fridrix Nitsşe)

1993, ya da 1994-cü il olardı, o dövrün ünlü satirik və gizli qəzeti “Çeşmə”də belə bir zarafat dərc edilmişdi: “Azərbaycanda prezident seçilənlər 3 şeyə and içirlər – Qurana, Konstitusiyaya və Polad Bülbüloğlu ilə Allahşükür Paşazadəni işdən çıxartmayacaqlarına”.

O zamandan çox sular axıb, Konstitusiyamız dəyişdirilməkdən “Ventilyator” ləqəbi qazanıb, Polad müəllimi isə indi Rusiyada səfir vəzifəsində saxlamağa “and içirlər”. Şeyx özünü ömürlük şeyx elan eləyib, prinsipcə, buna haqqı çatır – elə bir sahəyə baxır ki, orda dünyəvi məxluqatın qaydaları keçərli ola bilməz. Və yəqin “Çeşmə” indiyə qalsaydı toxunulmaz müqəddəslər sırasına AYB sədri Anar müəllimi də əlavə edərdi.

Bu köhnə anekdot niyə milli mətbuatımızın 145 illiyi günündə yadıma düşdü, onu yazım. (Söz açılmışkən, rəhmətlik mətbuatımız sağlığında da çox alagöz idi, bunu qeyd eləməliyəm. Ümumiyyətlə, ölülər haqda ya gərək yaxşı söz danışasan, ya da heç zad danışmayasan. Bizdə isə üstəlik yas mərasimləri qanunla qadağan edilibdir, neçə mollanı ehsan aşının üstündən qaldırıb repressiya ediblər. İnşallah, buna görə operativ qərargahın rəhbərliyi axirətdə virus qazanında qaynadılar). Baxın, son günlər neçə nazirlikdə, idarədə dəyişikliklər olur. Təhsil nazirini çıxarıb xarici işlər naziri qoyurlar. Eks xarici işlər nazirinin oturduğu evin altını qazırlar, lağımın bir ucu, yalan olmasın, Nyu-Yorka çatır. Hətta mən güman edirəm ki, Elmar Məmmədyarovu cəbhəçi elan eləməyin əsl məqamıdır. Sübut lazımdır? Zibil kimi: Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bunun yaxın qohumudur. Əmiuşağı kimi bir şey olmalıdırlar. Yəqin elə AXCP üzvlərinə Milli Məclisi küllən-kuf eləməyi işdən çıxarılacağını duymuş Məmmədyarov tapşırıbdır.

Uzun sözün qısası, hər yerdə islahat gedir, kadrlar dəyişilir, camaat orduya yazılır, o cümlədən toysuz qalan artistlər döyüşə atılmağa hazırdır. Beş adamımız ölürsə, hərəsinin yerinə 10 min adam gəlir – dünən səfərbərlikdə qeydiyyata düşən təkcə xalq artistlərinin sayı 55 mini keçmişdi. Güman edirəm, ayın axırına 11 milyon olacaq, əgər vayenkomatda vərəq qurtarmasa. Yeganə olaraq bir istiqamətdə bizim görünməmiş çətinliyimiz ortaya çıxıbdır, o da məhz mədəniyyət sferasıdır. Biz mədəniyyət naziri qoymağa heç kimi tapmırıq. Düzdür, xaricdən bir cavan oğlanı geri çağırıb “nazirin 1-ci müavini və nazirin vəzifələrini icra edən” adlı uzun bir işi tapşırmışıq, hətta ümid edə bilərik ki, bu gənc insan adını yazana qədər qəzetin yarısı gedən bu möhtəşəm vəzifənin öhdəsindən uğurla gələcəkdir, ancaq hər halda nazir vəzifəsi ayrı, icra edən ayrı.

Demək, vaxtilə Polad müəllimi çıxartmamaq buna görə müdrik qərar imiş və bütün prezidentlər onu tərpətmirdilər! Mədəni insan tapmaq asandırmı? O cümlədən şair sonrakı nazir haqda “Əbülfəs müəllim adına qurban” yazanda bir sürü ağzıgöyçək, yaramaz ünsür üstünə düşdülər, məddahlıqda suçladılar, halbuki, şair qəlbiylə vəziyyəti düzgün qiymətləndirir, Azərbaycanda mədəniyyət naziri vakansiyasına layiq şəxslərin əvəzedilməz olmasını duyurmuş. Bəs biz indi nə edək? Bəlkə Əbülfəs müəllimi geri qaytaraq, deyək “qayıt yerinə qoy Günəşi, Ayı”? Çox çətin vəziyyətdir. Yenə deyirəm, prinsipcə hər şeyimiz var. Dünyanın ən qədim xalqıyıq, muğam çalınanda göydə quşlar isti ölkələrə uçuşunu dayandırıb xanəndənin qavalına qonur, Qobustanda rəsmlərimiz, Qarabağda əsirlərimiz, türmədə OMON-umuz, Lənkəranda limonumuz, Araz boyunda dovşanımız, nə bilim, Kürdəmirdə yovşanımız, karantində maska istehsalımız… Dünən nə qədər jurnalistə də haqlı olaraq dövlət mükafatları verilmişdir. Bir sahə yoxdur orda qıtlıq çəkək. Yeganə mədəniyyət naziri tapa bilmirik. Görəsən, xalqımız mədəniyyət naziri olmadan yaşamağı özünə necə rəva görür?