“Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni”
(Füzuli 4 iyun qiyamı haqda yazmışdır)
İnternetdə planetimizin cürbəcür aerofoto və peykdən çəkilmə şəkilləri vardır. Google bunun ayrıca proqramını da yaradıbdır. Girirsən, hara istəsən sərbəst baxırsan. Hətta dənizin dibinə qədər. Bu tip proqramların uca millətimizin istifadəsi üçün bir neçə üsulu vardır. Daha doğrusu, azərbaycanlılar Yerin çəkilişlərini hərəsi bir məqsədlə izləyir. Biri torpaq almaq istəyir, baxır, görsün Qobu tərəfdə boş yer qalıbdırmı. İkincisi gəzməli-görməli yerlərə baxıb gözünün qurdunu öldürür. 15-20 il qabaq bu temada məzəli əhvalat olmuşdu, adını çəkmək istəmirəm, keçmiş qəzet redaktorlarından biri redaksiyaya gələn dəvətləri ancaq özü istifadə eləyirdi, müxbirlər xahiş eləmişdilər ki, nə olar, bir dəfə də imkan ver, biz gedək xarici görək.
Bu zaman redaktor demişdi: “Quqlu açın, baxın, neynirsiniz canlı görməyi?”
“Quql”un Yer proqramından başqa cür həsrətlə istifadə edənlər kateqoriyası da vardır, bunlar ev-eşikləri işğal altında qalan məcburi köçkünlərdir. O proqramda şəkillər vaxtaşırı yenilənir və obalarımızın xarabalıqlarının zaman keçdikcə əriyib yox olmasını izləmək kədərli mənzərədir.
Zülfüqar Rüfətoğlunun bu temada yaxşı bir şeiri də var: “Mən də bir qorxaq kişiyəm, Elə ki arvadım yatır, İnternet dadıma çatır. Hər gün Şuşaya gedirəm, Quqlun xəritəsində. Quql anamı ağladır…”
Tapın bütöv oxuyun, maraqlı şeirdir.
Nəhayət, oliqarx-məmurların villalarının şəkillərini axtaran araşdırmaçı jurnalistlər kateqoriyası vardır. Bunlardan biri son vaxtlar Abşeron yarımadasında qəribə, zırpı obyekt aşkara çıxarıbdır, onun vəzifəli şəxslərdən birinə aidliyini iddia edibdir. Sonra qeyri-rəsmi də olsa bunu təkzib elədilər, deyildi guya villa deyil, hansısa dövlət orqanına məxsusdur. Hər halda, bizə məlum olmadı obyekt kimindir. Obyektin diqqət çəkən əsas detalı isə nəhəng ərazisinin içində yenə nəhəng formada süni gölün, hovuzun yaradılması idi və həmin göl… Xəzər dənizi (ya da gölü) formasındaydı. Hətta şərti “Abşeron” tərəfdən suya ucunda köşkəbənzər tikili olan körpücük uzadılmışdı və bu da hardasa Bakının modeli sayıla bilərdi. Bircə qalırdı qarşı “sahildə” Saparmurad müəllimə heykəl qoysun.
Öncə qeyd edim ki, biz Azərbaycanda bu tip oyuncaq bənzərləri ilk dəfə görmürük. Xüsusilə Hacı İbrahim Nehrəmli bunun möhkəm azarkeşi idi, 90-cı illərdə Bilgəh tərəfdə bağının həyətində Naxçıvandakı İlandağın nəhəng maketini qurmuşdu. “Dağ” o qədər yekə idi ki, bəlkə, 3-4 kilometrdən görünürdü. Üstündə qartal yuvaları, şəlalələr, ilan sərgisi və sairə – bəlkə, orijinal İlandağda olmayan şeylər quraşdırmışdı. Əlbəttə, surət orijinaldan mükəmməl olmalıdır, Azərbaycanın inkişafı bunu tələb edir. Sonra İbrahim müəllim Dubaydakı süni adalar konsepsiyasını “Xəzər adaları” şəklində təkrarlamaq istədi, ancaq burada projenin ömrü qısa oldu. Beynəlxalq Bankdan alınan bir milyard yarım kreditin qaytarmaq lazım gəldi, obyekti deyəsən satdılar getdi. Hər halda, ilin 300 günü külək əsən, mənzərəsi boz çöllərə açılan yerdə heç bir memarlıq, geoloji, bioloji, sosial və iqtisadi mənası olmayan proje ölkəmizin neft bumundan yaxşı bir anekdot kimi xatirimizdə daim yaşayacaqdır.
Ancaq bu tip projelərin psixoloji səbəblərini düşünməliyik. Məncə burada hansısa boğulmuş arzular, istəklər dayanır. Bəlkə, Hacı İbrahim İlandağa uzun zaman gedə bilmədiyindən, onu Bilgəhə mənəvi baxımdan proyeksiya eləmişdi. İndi bizdə çoxlu “Şuşa”, “Laçın”, “Füzuli”, “Göyçə” kimi adlar daşıyan restoranlar, şadlıq sarayları və sairə də həmin həsrətin ifadə formasıdır. Hacıbala müəllim Bakının şefi işləyəndə nakam “Gül bayramı”nda hətta Şuşa qala divarlarının maketini qurub əylənirdi, ermənilərin gözünü çıxarırdı.
İndi mən düşünürəm ki, Görədil tərəfdəki həmin villanın yiyəsi olan məmur da Xəzər dənizinə yaxın düşə bilmədiyindən, başqa məmurlar oranı hündür, quşqonmaz hasarlara soxduğundan məcbur olub Xəzərin balaca formasını öz həyətində qayırsın. Yoxsa bir-iki kilometrlikdə həqiqi Xəzər ola-ola, oyuncaq Xəzəri niyə düzəldəsən? Bu, kitç, zövqsüzlük, səviyyəsizlik deyildir, vətənpərvərlik, patriotizm, ana təbiəti sevmək əlamətidir! Müğənnilər demişkən, bunun da öz balaca dünyası vardır.
Yəqin biz yaxın vaxtlarda Azərbaycanın da balacasını düzəldəcəyik.