“Qardaşım kayfdadır, hoqqa çıxarmaq istəyir”
(meyxana sənətimizin incilərindən)
Deyir, orta məktəbdə fizikanı yaxşı oxumasan, həyatın gələcəkdə möcüzə və sehrlə dolu olacaqdır. Bunu niyə yazıram? Oxucular da yəqin beziblər, fikirləşirlər, bunun elə iki yazısından üçü təhsil problemlərimiz haqdadır. Sadəcə, dünən bir az əsəbləşmişdim, çünki uşaq məktəbdən gəlib deyir: “Sənin cibxərcliyi üçün verdiyin pulun 2 manatını sinif rəhbərimiz tutdu aldı, hamıdan yığırlar, dərs otağının qapısını remont edəcəklər, pəncərə sınıb, dəyişilməlidir, bir də süpürgəçiyə verəcəklər”. Fikirləşdim, ey dadi-bidad, görəsən biz məktəb direktorunun manikür-pedikür xərclərini, Bakı Şəhər Təhsil İdarəsinin zibil pulunu, maarif nazirinin əmisi oğlunun səhər yediyi xaşın pulunu niyə ödəmirik? Pis valideynlərik.
Azərbaycanda məktəb doğrudan dözülməz bir şəkil almışdır, buna nəsə əncam çəkilməsə, axırı yaxşı olmayacaqdır. Təsəvvür elə, onsuz dərs keçilmir, sən uşaqlarının əlavə kurslarda öyrənməsinə bir ətək pul xərcləməli olursan, üstəlik, onun yalandan gedib-gəldiyi, axırda alacağı saxta kağız üçün “oxuduğu” binanın remontuyla da məşğul olmalısan. Niyə axı? Nə üçün? Görəsən, dünyaya nöş gəlir insan?
Srağagün bir təhsil ekspertinin də açıqlamasını oxudum, deyir, ibtidai siniflərin dərsliklərini müəllimlər və valideynlər güclə anlayır, gəl gör uşaq olsun. Tam haqlıdır. Kurikulum adıyla uşaqların başında əcaib eksperiment aparırlar. Bunun birini yazım, biləsiniz. Uşaqlar üçün dərsliklə yanaşı müəllimlər üçün metodiki vəsait də çap edirlər və dərslikdə verilən misalın həll üsulu yalnız metodik vəsaitdə göstərilir! (Bu hiyləni mənə anladan dostum, iqtisadçı ekspert Rövşən Ağayevə təşəkkür eləmişəm). Başa düşürəm, bunu izah etmək bir az çətindir, başıma gəlməyənə qədər mən də anlamazdım. Bir gün 4-cü sinifdə oxuyan uşaq riyaziyyatdan tapşırıq gətirib, deyir, bunu həll edə bilmirəm. Baxdım dərsliyə, gördüm orada heç bir dərsdə bunun üsulu yazılmayıbdır. İnternetdə eyni sinfin müəllimlər üçün vəsaitində isə üsul verilibdir. Düzgün adamsınızsa, bunu niyə uşaqlar üçün də açmırsınız? Müəllim özünü çoxbilmiş göstərib uşaqları, valideynləri qazlasın, repetitorluq edə bilsin, eləmi? Bu nə ədəbsizlikdir? Rəhmətlik təhsil eksperti Əlövsət Osmanlı son vaxtlar tez-tez yadıma düşür. Əlövsət müəllim öləndən sonra pedaqoji sahədə böyük boşluq yaranıb.
İndi keçək gündəlik məsələlərə. Bura isə Bakının sürüşməsi, avtobuslarda qayda yaradılması və Rüfət müəllimin maşınları daxildir. Axırıncı qardaşımız maliyyə nəzarəti idarəsində işləyirdi, hazırda vurulmuşdur, o üzdən paxırlarının üstü açılır, biz də ta bezdirməyək. Fransada çaxır üzümü sahəsi, ferması-zadı varmış, bacarıqlı adamdır. Harada belə dövlət məmuru var? Fəxrimizdir. Kim orada olsa yeməzdi? Şeyxin bu temada yazdığı hədisdə deyilən kimi: “Kimin günahı yoxdursa, üzüyünə brilyant daşı birinci taxsın”. Nəsə, bizim evimizi paxıllıq yıxacaq. Yenə Rüfət müəllim yeyib doymuşdu…
Sürüşmə temasında da yaxşı bir qara yumor vardır, deyir, əgər dağ sənə tərəf gəlirsə, adın isə Məhəmməd deyilsə, dərhal oranı tərk et, sürüşmə baş verir. Abşeron yarımadası hazırda buz üstünə çıxmış dana kimi oynaqlayır, bu isə zəhmətkeşlərimizə heç yaxşı perspektiv vəd etmir. Ən əsası, televiziya qülləmiz təhlükə altındadır. Birdən o sürüşsə, bəs biz nəyə baxarıq? Azərbaycan həqiqətlərini dünyaya nə cür yayarıq? Tək peyklə yaymaq bəs eləmir, teleqülləmizin ucu ermənilərin gözünə girirdi.
Qaldı avtobuslar, dünən onlardan gələn xəbər artıq geopolitik qalmaqala oxşayırdı, çünki Bakıda bir marşrut avtobusu ABŞ səfirliyinin avtomobilinə girmişdi. Belə getsə, Donald Tramp növbəti çıxışlarında bizim avtobuslara toxunmalı olacaqdır.