Bir qrup gənc yazıçı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar müəllimin kitablarını yandırmaq istəyirmiş. Doğrusu mən bilmirəm bu tiplər kimlərdir, niyə yandırmaq istəyirlər, etirazları nəyədir, heç maraqlanmaq da fikrim yoxdur. Çünki AYB ətrafında tarixən, həmişə bir sürü vələdüzna gənc şair-mairlər, cızmaqaraçı yazıçı qırıntıları dolaşmışdır, onlar Anar müəllimin dövlət büdcəsindən ovladığı antilopları didişdirməyə, prezident təqaüdü, yazıçıların poliklinikasında pulsuz diş ağardılması, 4-cü mərtəbədəki kafedə yüz qram araq və sairə güzəştlər əldə etməyə meylli olmuşlar. Haçan qarınları doyub, başlayıblar AYB-yə şıllaq atmağa. Bu mənada adamın hətta Anar müəllimə hərdən yazığı gəlir. Onun çörəyinin duzu, qəlyanının külü, qələminin mürəkkəbi yoxdur.
Uzun sözün qısası, indi Anar müəllimin kitablarını yandırmaq istəyənlər də şeytan bilir (AYB yarandığı gündən Allahın yurisdiksiyası altında deyildir – Z.H.) nə umurlar, kimdən küsüblər. Heç diqqət verməzdik, ancaq Anar müəllimin bu məsələyə açıqlamasının indiki siyasi şəraitə uyğun olmadığı qənaətindəyəm. Sitat: “Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırırdı, sonu isə bəlli oldu”.
Yəni, Anar müəllimin sözündən belə çıxır ki, indi bizim çiçəklənən, dünyaya örnək olan lider respublikamızda faşistlər, yaxud onların bənzərləri vardır. Hm. Bizə lazımdırmı o cür nüfuzlu, milyardlarla oxucusu və beş-altı nəfər yandırıcısı olan dahi şəxsiyyətin ağzından belə siyasi təxribat çıxsın, özü də prezident seçkisi ərəfəsində? Heç AYB-nin üzvü və Milli Şuranın sədri Cəmil müəllim bu cür kəskin müxalifətçi bəyanatlara üz tutmur, doğru da edir. Bizdə faşistlər heç zaman fəaliyyət göstərə bilməzlər. Nəinki kitab yandırsınlar. (Sözgəlişi, bizdə kitab çapı və satışında azad rəqabət şəraiti yaradılmışdır, Nigar Köçərli də sözlərimizi təsdiqləyər, ancaq bu ayrı mövzudur). Hamı, bütün dünya ictimaiyyəti bilir ki, faşistlər bu dəqiqə yeganə olaraq Ermənistanda məskunlaşıbdır. Uşaqları öldürürlər, evləri yandırır, mədəniyyət abidələrini uçururlar. Bax, əgər Ermənistanda Anar müəllimin kitabları yandırılsa biz bunu başa düşərdik. Yeri gəlmişkən, görəsən niyə yandırmırlar? Bunun özü də düşündürücü faktdır. Bir ara hətta AYB-nin altında “Şaumyan” kafesi açılmışdı. Ancaq temadan uzaqlaşmayaq.
Yuxarıda qeyd elədiyim kimi, hazırda prezident seçkisi öncəsidir. Lakin AYB kimi dəstəklədiyini açıqlamır. Biz jurnalistlər, Mətbuat Şurası, Allahşükür müəllim açıqlama vermişdir, AYB isə susur. Bəlkə Anar müəllim Tural Abbaslının prezident olmasını istəyir? Açıq demək lazımdır. Mövqeyini ortaya qoymaq vaxtıdır. İdarə həmişə belə taleyüklü anlarda süründürməçilik edir, opportunizmə yuvarlanır, heliofobiyaya dığırlanır, bəzənsə ablyutofob kimi özünü göstərir. O boyda Formula-1 yarışlarına AYB-nin orqanı “Ədəbiyyat və incənəsət” qəzetində 1 kuplet şeir də həsr edilməyibdir. Adam əsəbləşir. O kitab yandırmaq istəyən gənclərə haqq qazandırırsan. Az qala. Yeri gəlmişkən, Anar müəllimin son bezsiller əsərlərindən olan “Qara qoçun ağ əti” romanına ön sözü bilirsinizmi kim yazıbdır? Elə həmin Milli Şura sədri Cəmil müəllim! Bəli. İnandırıcı olmasa da faktdır. İndi bu “Azərbaycanda faşistlər at oynadır” açıqlamasının mətnini də kim bilir, bəlkə Cəmil müəllim Anar müəllimin masasına ötürübdür?
Yazını isə vaxtilə faşistlərin kitablarını yandırdığı alman yazıçısı Bertold Brextin “Ağlama, Mari” şeirindən bir parça ilə bitirirəm:
“Onlar yenə böyük zamanlardan dəm vurur. Ağlama, Mari.
Dükançı borclarımızı dəftərə yazır.
Onlar yenə şərəfdən danışır.
Ağlama, Mari.
Şkafda bazara çıxartmağa heç nə qalmadı”.
Mən də qərara gəldim Brextin atasını belə yandırım.