Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra yaranmış yeni situasiya az qala hər gün təzə və ilginc məqamları üzə çıxarmaqdadır. Növbəti birisi budur ki, qiyamçıların hərbi çevrilişdən sonra ölkə rəhbərliyinə gətirmək istədiyi şəxsin adı bəlli olub. Hər halda, iddia səslənib.
Sən demə, üsyançılar keçmiş baş nazir Əhməd Davudoğlunu yenidən baş nazir postuna gətirməyi planlaşdırıbmışlar. “Oda” TV bildirib ki, çevrilişi təşkil edən yüksək rütbəli generallar arasında bununla ilgili razılıq olub və hakimiyyət ələ alındıqdan sonra Əhməd Davudoğlu ilə danışıqlar aparılacaqmış.
Hələ ki sabiq baş nazir məsələyə münasibət bildirməyib. Ancaq nə deyəsidir ki? Əlbəttə ki, ağıllı siyasətçi heç vaxt “Cəhənnəmə gedənlərlə” yol yoldaşı, məğlub tərəflə ortaq olmaz, indiki həssas məqamda, üstəlik, başını boş yerə cəllad kötüyü üstə qoyub gələcək siyasi perspektivini sıfırlamaz, çevrilişçilərlə hansısa işbirliyi söhbətini yaxına da buraxmaz.
Amma və lakin… niyə məhz Davudoğlu? Bax, bu, daha ciddi mövzudur. Nəyə görə?
Əvvəla, yada salaq ki, sabiq baş nazir hakimiyyətdə olduğu xüsusilə son illərdə “Amerikanın adamı”, gizli anti-Ərdoğançı kimi tanınıb. Onun istefasında bu amilin mühüm rol oynadığı bəllidir. İkinci mühüm amil “Su 24″ təyyarəsini vurmağa şəxsən göstəriş verdiyini bəyan eləməklə Davudoğlunun Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlıdır.
Artıq bəllidir ki, rus hərbi təyyarəsini ABŞ-da oturan gülənçi pilot vurub. Məqsəd də iki ölkə arasında isti münasibətləri böhran hala salmaq olub. Bəs buna ən çox kim, hansı ölkə can atırdı? Sözsüz ki, Gülənə sığınacaq verən ABŞ. Təbii, Davudoğlu bu amili də göz önünə gətirməli olacaq. Təsadüfi deyil ki, Ankara-Moskva münasibətləri Putin “Davudoğlunun başını” alandan dərhal sonra düzəldi.
Əlbəttə ki, dəqiqini Allah bilər. Ürəkdəkilər, niyyətlər yalnız Allaha məlumdur – o cümlədən məcburi istefası ürəyincə olmamış Davudoğlunun ürəyindəkilər. Ancaq indiki kritik və həssas dönəmdə belə bir məlumatın ortaya atılması, təkzib olunsa da-olunmasa da, şübhəsiz, eks-baş nazirə böyük pislikdir. Eyni zamanda silahlı müxalifətin öz cəzasını yüngülləşdirmək üçün gizli siyasi müxalifəti oyuna qoşmağa yönəlik bir cəhd təəssüratı yaradır.
Hətta daha uzağa gedib iddia eləmək olar ki, bu, növbəti hərbi çevriliş cəhdi olacağı haqda xalqa xəfif bir mesajdır. O anlamda ki, əgər hakimiyyətə hərbçilər yox, ictimai nüfuzu yetərincə yüksək olan Davudoğlu gələcəksə, xalq narahat olmasın, çevrilişə loyal yanaşsın.
Bu üzdən Davudoğlunun personasının bundan sonra Türkiyədə daha böyük diqqətdə olacağı gözləniləndir. Ümumiyyətlə, dövlət çevrilişi, hərbi çevriliş ehtimalı olan ölkələrin hamısında nəzərlər sövq-təbii həm də siyasi müxalifət tərəfə yönəlir.
Azərbaycanda bənzər vəziyyət 1993-cü ilin iyununda olub. Ancaq o zaman bizdəki siyasi müxalifət Türkiyədəki ana müxalifətdən fərqli olaraq, hərbi müxalifətə tam dəstək vermişdi. Nəticədə hərbi qiyam qalib gəldi. Ovaxtkı siyasi müxalifət isə əbədiyyən tarixin “qara siyahısına” düşdü.
Siyasi partiya üçün tarixin “qara siyahısına” düşmək böyük fəlakətdir – qiyam qalib gəlsə də, gəlməsə də.