Futbol azarkeşi olan hörmətli həmkarlarımızdan biri dünən sosial şəbəkədə eynilə belə yazıb: “Türkiyə futbol yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb. Açığı, Ömər Toprağın heyətdə olmamasına çox təəccübləndim.
Mehmet Topalı heyətə mərkəz müdafiəçisi kimi daxil edən Fatih Terim Semih Kayanı heyətdən çıxarıb, Ömər Toprağı onun yerinə mərkəz müdafiəçisi qoyub, Mehmet Topalı isə orta xəttə çəkməlidir, məncə…”
Əslində mən də elə fikirləşirəm. Hətta qoy imperator Topalı əsas heyətdə oyuna buraxmasın. Ondansa Əmrə Çolak yaxşı oynayar.
Əslində oxucu futbolçuların soyadlarına (Topal, Çolak, Balta, Tosun) diqqət edib deyəcək ki, futbol topalların, çolakların tosunların və baltaların yeri deyil, amma unutmayaq ki, keçmişdə Tanju Çolak adlı bir “qol kralı” vardı, yaxşı oynayırdı. Yəni ad-soyadın peşəkarlığa dəxli yoxdur.
Əsas peşəkarlıqdır və heyətə daxil edilmiş futbolçuların hansı məşhur klublarda oynamasıdır. Türklərin oynadığı ən məşhur klub “Barselona”dır, ancaq orda Arda Turan da hələm-hələm əsas heyətə salınmır. Onun yerinə daha çox xorvat İvan Rakitiçi oynadırlar. 10 gündən sonra onlar bir-birinə qarşı oynayacaqlar. Görək hansı daha çevik tərpənəcək, daha sərrast olacaq.
Açığı, xorvatların heyəti adama daha güclü görünür. Bu milli komandanın oyunçuları “Real”, “Barselona”, “İnter”, “Fiorentina”, “Bayer” kimi klublarda oynayırlar. Türklərə çətin olacaq.
Ona görə də Türkiyənin 80, öz ölkəmizin 9 milyonluq əhalisinin futbolla maraqlanan hissəsi (təxminən 25 milyon nəfər) bacardıqca Türkiyə millisinin baş məşqçisi Fatih Terimə taktiki məsələlərdə, kadr seçimində kömək etməlidir. İmperator olanda nə olar, onun da yardıma ehtiyacı var. Köməksiz keçinə bilsəydi, imperator Napoleon Bonapart Vaterlooda uduzmazdı, öz gücünə vəziyyətdən çıxardı.
Bu baxımdan mən də yuxarıda sitatını verdiyim dəyərli həmkarım kimi, hesab edirəm ki, Nuri Şahini “ilk 11″-də meydana buraxmaq yaxşı olar, qoy ora-bura qaçıb açılışsın. Nə qədər olmasa da alman futbol məktəbinin yetirməsidir, Svaynştaygerlə qabaq-qabağa oynamış adamdır. Yorular, əvəz edərik.
Əlbəttə, başqalarının da başqa fikri olacaq. Məsələn, bizdə işdə uşaqlar deyir ki, Burak Yılmazı, ümumiyyətlə, Fransaya aparmaq olmaz, çox arzu edirsə, turist kimi getsin, öz formasını geysin, matçları trubunadan izləsin və uğursuzluq anlarında vərdiş etdiyi kimi əlini qırxıq başına çəksin.
Elələri də var ki, “Qalatasaray” fanatikidirlər, deyirlər, imperator “Fənər”dən heç bir oyunçu aparmamalıydı. Təbii ki, “Fənərbağça” azarkeşləri də fərqli düşünürlər. Onlar da hesab edirlər ki, “cin-con”lular millinin oyununu bərbad edəcəklər. Eyni fikri “Beşiktaş” oyunçuları haqda deyənlər də var, amma BJK azarkeşlərinin də Fatih Terimə tövsiyələri odur ki, əzəli rəqiblərin oyunçularını Fransaya aparsa da, yaşıl sahələrə buraxmasın.
Bax, belə bir yekdillik, monolitlik var. Belə komandayla uğur qazanmamaq olarmı?
Bəli, gərək futbol mütəxəssisləri biz deyənə qulaq assınlar. Biz bu şoqəribi bilirik. Düzdür, axtarsan, məlum olacaq ki, futbolu bilənlərin 99 faizi, məsələn, riyaziyyatı 7-ci sinif həcmində bilmir və hər hansı bir misalı götürüb həll edə bilməzlər, amma futbolu bilirlər. Mourinyo, Qvardiola qələt eləyir, onlar nə bilir filan oyunçunu nə vaxt kiminlə əvəzləmək olar. Bunu biz bilirik, ekran qarşısında otururuq və bilirik ki, məsələn, Robben bu gün formada deyil, əvəzlənməlidir.
Bir də siyasətdə beləyik. Onu da hamımız bilirik. Dövlət işlərini idarə etməyə qaldı, bizə qaldı. Uzmanıq hamımız. 25 yaşını təzə doldurmuş bir tanış gənc var, evdə anası, özü, yoldaşı yaşayır. O, özü də daxil, cəmisi üç nəfəri idarə etməkdə çətinlik çəkir, amma əmindir ki, Türkiyədə PKK terrorunu durdurmağın reseptinə malikdir.
Yəni bu işlər çox bəsitdir, ağlınız kimya, fizika kimi qəliz elmlərə getməsin.
İndi görərsiniz, Terimin komandası ilk uğursuzluğa düçar olan kimi yüz minlərlə adam deyəcək ki, düz eləmədi, oyunçuları biz deyən mövqelərdə oynatsaydı…