Mən Milli Şuranın 15 mart mitinqində iştirak edirdim, imkan olsa 5 aprel mitinqinə də bir vətəndaş kimi qatılacağam. Çünki mitinqin şüarlarını (“Talana son qoyulsun”, “Siyasi dustaqlar buraxılsın” və sairə) dəstəkləyirəm. 15 martda AXCP üzvü, köhnə dostum Sahib Kərimli mitinq meydanını əhatə edən çoxqatlı binaları göstərib maraqlı bir müşahidəsini diqqətimə çatdırdı: “Fikir ver, eyvanlarda bir nəfər də yoxdur. Nə qədər bu adamlar eyvana çıxmayıblar, nəsə alınmayacaq”.
Doğrudan da “İnşaatçılar” metrosu yaxınlığında, “Məhsul” stadionunda keçirilən lap ilk mitinqlərdə eyvanlara çıxan, mitinqə baxan xeyli insanlar olurdu. Bəs onlar indi hardadır? Sən demə yerli icra hakimiyyəti orqanları, polis, xüsusi xidmətlər həmin binaların sakinlərinə mitinqlər vaxtı eyvanda görünməmək, etiraza hər hansı dəstək verməmək haqda xəbərdarlıq edibmiş. İnsanları qorxudublar. Bu sirri mənə Sahib bəy açdı. Qorxu üzündən adamlar mitinqə hətta pəncərə şüşəsi arxasından baxmırlar.
Cəmiyyətdəki bu qorxunu götürmək üçün etiraz hərəkatı liderlərindən, indiki halda konkret yazsam Cəmil Həsənlidən çox şey asılıdır. Cəmil müəllim son illərdəki cəsur çıxışları ilə xalqın ürəyində isti yer tapıb. Və elə deyəsən bu istilik də onu bir az arxayınlaşdırıb. Açığı, Cəmil bəyi, Milli Şuranı haqlı-haqsız döyəcləyənlərin çox olduğu vaxtda bu qeydləri “yazım-yazmayım” deyə çox düşündüm, ancaq axırda qərara gəldim mütləq yazmaq lazımdır. İstəsələr dost tənqidi kimi qəbul eləsinlər, istəsələr beynəlxalq sionist qüvvələrin, irticaçı rejimin, nə bilim, Fəzail Ağamalının sifarişi saysınlar.
Birincisi, biz hamımız xalq hərəkatı lideri olaraq Əbülfəz Elçibəyin xalqla, kütlə ilə, meydan camaatı ilə necə davrandığını görmüşük. Örnəyimiz odur, başqası yoxdur, üstəlik Elçibəy meydan hərəkatını öz məqsədləri üçün yönəltməyin üsullarını qoyub gedibdir. Yadınıza salın: adam uzun müddətli Kələki mühacirətindən sonra Bakıya dönüb yenidən bütün müxalif partiya və qurumları, hər cür adamı necə öz əli altında birləşdirməyi bacarmışdı. Bəs o cür siyasi mübarizə məktəbi keçmiş Cəmil müəllim nə edir? Onu tənqid edənləri vurmaqla məşğul olur. Misal üçün, 15 mart aksiyası haqda intervüsündə REAL və NİDA qurumlarına söz atır, onları sosial bazası, imkanları zəif adlandırır.
Əslində ortada ciddi bir narazılıq, problem yoxdur, 15 mart mitinqi haqda da REAL və NİDA-dan bir neçə nəfər tənqidi qeydlər yazsalar da, meydanda bu qurumların xeyli üzvü var idi. Lider keyfiyyətləri tələb edir ki, bu cür narazıları iynələməyəsən, öz mübarizənin fokusunu ancaq iqtidara yönəldəsən, elə bir mübarizə ortaya qoyasan ki, artıq səninlə birgə olmamaq həmin narazı qrupların faciəsinə çevrilsin. İnsanları sənin arxanca getməyə maraqlı etməlisən, lider bütün xalqa, o cümlədən onun “sosial bazası zəif” qruplarına rəhbərliyə iddialı olmalıdır. Bayaq adını çəkdiyim Elçibəy hər cür adamlardan komanda qurmuşdu. (Sonra bunları idarə edə bilməmək başqa mövzudur).
REAL və NİDA-nı zəif adlandırmaq isə həm də ədalətsiz yanaşmadır, çünki son illərin İlqar Məmmədov kimi mübarizlik örnəyi var. Həbsdə gənc yaşlarının 2 ildən çoxunu keçirdən NİDA-çılar var. Bu adamların xətrinə dəymək asan olmamalıdır. Siyasətçi belə eləməz.
Cəmil müəllim isə hətta daha qabağa gedib Azadlıq radiosunu mitinq meydanından pis şəkil yaymaqda (adamlar az görünürmüş), xüsusi xidmət orqanları ilə əməkdaşlıqda suçlayır. Xalq hərəkatı liderinin ümumiyyətlə, öz şəkillərinə baxmağa vaxtı olmamalıdır. Bu dərəcə xırdaçılıq olmaz.
İkincisi, Cəmil bəy mitinqə xalqın marağının böyük olmasını mitinq haqda yazıya “Azadlıq” qəzetinin saytında 130 min baxışla izah edir. Ona qalsa bloqqer Mehman Hüseynovun Facebook sosial şəbəkəsində 100 mindən çox izləyicisi var. Nə olsun? Virtual izləyiciləri real etirazçılara çevirəndə ortada neçə nəfər qalır? Əsas məsələ budur və təəssüf ki, bu cür münasibət və davranışlarla elə belə də qalacağı gözlənilir.
Eyvandakıları qaytarmaq yerinə, pəncərədən baxanları da pisikdirməzlər. Bu, əlbəttə, REAL və NİDA-ya aid deyil, ümumi yazdım.