Siyasi dustaqlar bir müddətdir müstəqil qəzetləri ala bilmirlər. O sırada Müsavat başqanının müavini Tofiq Yaqublu “Yeni Müsavat” qəzetinə abunə edilsə də, abunə olmadığı və oxumaq istəmədiyi iqtidar qəzetləri ona verilir, fəqət “Yeni Müsavat”a neçə vaxtdır həsrətdir.
Qızı Nigarın dediyinə görə, 13 saylı “zon”un rəhbərliyi problemin aradan qaldırılacağı ilə bağlı vəd versə də, sözünə xilaf çıxıb. Sanki camaat ondan türməyə narkotik keçirməyi xahiş edib…
Avtoritar bir məmləkətin zindanında, üstəlik, şərlənərək tutulan siyasi dustaq üçün müxalif, müstəqil mətbu nəşr nə deməkdir, yəqin ki, izaha ehtiyac yoxdur. Yaxşı mənada bu, onlardan ötrü bir narkotik, analgetikdir – ağrıkəsici, sakitləşdiricidir. Allah hamısının qapısını açsın, ancaq şəxsən mən əminəm ki, vicdan məhbusuna türmə yeməyi çatmasa, qəti pəjmürdə olmaz, amma mənəvi qida çatışmazlığı – o, ayrı məsələ…
Bu çatışmazlığın özü məgər işgəncə deyil? İşgəncədir. Eləcə də vicdan məhbusuna iqtidar mətbuatının zorla oxutdurulması – bu da mənəvi işgəncədir. Belə şeylər guya iqtidar-müxalifət münasibətlərinin normallaşmaya üz tutması, hər iki aydan bir dialoq körpüsü qurulacağı barədə verilən vədlər fonunda əsla anlaşılmır.
Ümumiyyətlə, Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, İntiqam Əliyev kimi şəxsləri həbsxanada saxlamağın nə anlamı var, bilinmir? Onlar yüz il də keçsə, əfv ərizəsi yazası deyillər. Məxsusən, həmkarımız, Qarabağ veteranı Tofiq bəyin andını içə bilərik. Amma gəl ki, hətta iqtidar düşərgəsindən, bu düşərgəyə yaxın çevrələrdən də həmin dustaqlara azadlıq istənilməsinə rəğmən, onlara münasibət yumşalmır, mənəvi işgəncələr səngimir…
***
Mövzuya dəxli olan mühüm bir detal barədə: son vaxtlar az qala, dəb halını alıb – ABŞ Konqresində Azərbaycanda insan haqlarının durumuna dair dinləmələr keçirilən kimi, həmən ona cavab (qisas) aktı qismində Bakıda da dinləmə adına adekvat toplantı düzənlənir. Xub. Ancaq bizim Amerikadan öyrənəcəyimiz, həyatımızı yaxşı qurmaq üçün götürəcəyimiz və tətbiq edəcəyimiz o qədər örnək var. Bəs, Amerika bizdən nə örnək götürə bilər? Varmı belə müsbət, öyündüyümüz şeylər? Yoxdu. O zaman bu dinləmələrin anlamı nə?
Burdan-bura dustağın adicə qəzet oxumaq hüququnu tapdayır, günahsız insanları məhbəslərdə çürüdürlər, amma insan haqları məsələsində Amerikaya irad tutur, ağıl öyrədirlər. XXI sərin paradokslarından biri də budur…
***
Bu sətirlər yazılanda Bakıda dollar həyəcanının başlaması haqda xəbərlər gəlməkdə idi. İnsanlar əllərindəki olan-qalan manatı tez-tələsik ABŞ dollarına dəyişməyə can atırlar. Görəsən niyə?
Bunun ən yaxşı cavabını anti-Amerika dinləmələrinə qatılanlar yəqin ki, daha yaxşı bilər. Bəlkə də ən birinci elə onların özləri dollara üstünlük verirlər, olan-qalan əmanətlərini məhz dollarda, avroda saxlayırlar. Amma hey ABŞ-ın, Avropanın qarasınca danışırlar. İkili standart? Yüz faiz.
Bəs insanlar niyə dollara can atır? Ona görə ki, dünyanın ən sabit, ən möhkəm, dönərli valyutasıdır. Amerika buna nəyin hesabına nail olub? Əlbəttə ki, güclü iqtisadiyyatı və ədalətli maliyyə-vergi sistemi hesabına. Bəs güclü iqtisadiyyat nəyin sayəsində, harada bərqərar olur? Ay sağ ol, iqtisadi-biznes azadlıqlarının, digər təməl azadlıqların var olduğu, korrupsiyanın, məmur monopoliyasının, total rüşvətxorluğun kökünün kəsildiyi, vətəndaş (şəffaflıq) institutlarının güclü olduğu, siyasi dustaqların olmadığı ölkələrdə.
Bu xoşbəxtliklər axı bizə nəsib deyil? Onun da səbəbini hamı bilir… Bu gün Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland korrupsiyanı “demokratiyanın qatili” adlandırıb. Bu da sizə səbəb.
Odur ki, heç olmasa, siyasi dustaqları buraxın, getsinlər özləri sərbəst qəzet alsınlar!..