Daha bir uğursuz il Azərbaycanın yanından vızıltıyla keçib getdi. Belə itirilmiş illərimiz nə qədərdir? Saysız-hesabsız. Getdikcə daha çox məqsədsiz, nə istədiyi məlum olmayan, instinktlərlə (yemək, yatmaq, çoxalmaq) yaşayan canlı varlıqlara, infuzor tərliklərə, volvoks və yosunlara çevrilirik.
Bəzən deyirik repressiya heç nə edə bilməz, xalq güclüdür və sairə. Amma ətrafınıza, tanışlarınıza, sosial şəbəkələrə diqqət edin. Görün yaltaqlar, alçaqlar, manqurtlar, cinayətkarlar nə qədər artıb… Çünki biz susduqca onlar gəlir. Müdriklərdən birinin sözləridir: “Şərin irəli getməsi üçün yaxşı adamların susması, heç nə etməməsi yetərlidir”. Vəssalam. Yəni sənin “mən nə elədim ki” deməyinin, bəzən tərpənməzliyinin özü də bəzi sistemlərdə və rejimlərdə şərə xidmətin növüdür. Cəmiyyətin ədalət, düzgünlük tərəzisində hansı göz daha ağır basır – budur əsas məsələ.
Mən xüsusən sosial şəbəkələrdə bu balansa fikir vermişəm. Qabaqlar NİDA Vətəndaş Hərəkatının, AXCP və Müsavat gənclər qurumlarının ətrafında xeyli aktiv insanlar var idi, bu gənclər hansısa yaltağın, Azərbaycan xalqının maraqlarına zidd qüvvələrin cavabını dərhal, yerindəcə verirdilər. Misal üçün, bir yaltaq şərhin altında azı 10 qınayıcı şərh olurdu. Bəs indi necədir? İndi hər 10 yaltaq şərhi 1 qınayan ola ya olmaya. Hətta əks durum yaranıb: yaltaqlar göydən gedirlər! Bu, yapistlərin sosial şəbəkələri gizli polisin əliylə təmizləməsinin, saysız-hesabsız gənclərin dustaq edilməsinin nəticəsidir. Repressiya, müvəqqəti də olsa qələbə çalmışdır. Əlbəttə, o mahiyyətcə xırda, həşərat xislətlidir, onun tarixən böyük qələbələri ola bilməz. Əks halda bəşəriyyət qabağa gedə bilməzdi. Şərin qələbəsi evolyusiyaya ziddir. Şər atavizmdir. (Yeri gəlmişkən, bu bioloji termin latınca “atavus” – “uzaq əcdadlardan qalma” anlamını verir. Burdakı “ata” hissəsi bizim ata sözünün eynidir, çox maraqlıdır. Məna və forma eynidir). Bəlkə ona görə şər rejimlərdə mentalitetə, ata-babalardan qalma adətlərə söykənmək güclü təbliğ edilir? Bu tip rejimlər instinktiv olaraq hara söykənməli olduqlarını dərk edirlər? Düşünmək üçün yaxşı materialdır.
Ancaq yapizm hər cür düşüncəyə yad sistemdir. Burada puldan, dəyənəkdən özgə ideoloji baza da yoxdur. Ona görə də adamlar şou-biznes nümayəndələrinin fağır açıqlamalarını dartışmağa qat-qat həvəslidir. Rejim üçün daha maraqlıdır ki, biz yazıq Elza Seyidcahanı müzakirə edək, ofşor hesabların kimin adına olmasını deyil. O üzdən əlinə daş keçən manıslara atır. Millətin deqradasiyasının bir əlaməti də budur: ədalətsizliyi müzakirə etməyə cürətləri yoxdur, ancaq manıs Ədalət Şükürovun haqqında ağızlarına gələni yazırlar. Ən son müzakirə mövzusu da elə Ədalətin “Həndəsə, biologiya, fizika dərsləri bizim millətə lazım deyil, ləğv edək, əvəzində toyda oynamağı, oxumağı öyrədək” sözləri idi. Bunu daşqalaqla qarşıladılar, halbuki, manıs da olsa düzünü demişdi. Guya biz fizika öyrənib nə edəsiyik? Dünyanın harasında fizika elmləri doktoru Səyavuşa yaltaqlıq edir? Hansı dövlətdə riyaziyyat alimi mollalıqla məşğul olur? Hətta bəyənmədiyimiz Rusiyada belə şey yoxdur. Bizdə isə guya ən şöhrətli riyaziyyat alimimiz “İmamlar və qeyri-səlis məntiq” adında məqalə yazır. Bilmirsən başına haranın daşını salasan.
Ancaq çox dilxor olmayasınız deyə, əziz oxucular, sizə bir Yeni il lətifəsi yazıb sağollaşıram:
“İki nəfər türmədə söhbət edir.
-Yeni ilin mübarək.
-Nə boş-boş danışırsan? İndi avqust ayıdır.
-İndicə müstəntiqin yanından gəlirəm, o dedi ki, sənə bir il də artırıb”.