Elşad Paşasoy: “AXCP-də tənqidə dözümsüzlük ifrat həddədir”
“Artıq 15 ildir “Yeni Müsavat” qəzetindəyəm və bu müddətdə dəfələrlə AXCP rəhbərliyinin qəzetimizə qarşı elan olunmamış müharibə şəraitində fəaliyyət göstərdiyinin şahidi olmuşam”.
Bu sözləri Editor.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy “AXCP-yə yaxın mətbu orqanlarda “Yeni Müsavat”ı iqtidara işləməkdə ittiham edirlər. Sizcə, bu nə ilə bağlıdır” sualımıza cavabında belə deyib.
Onun sözlərinə görə, AXCP sədri onlara qarşı qəzərli münasibət ortaya qoyur: “Bunun nə ilə əlaqədar olduğunu bilmək üçün elə AXCP daxilində illərdir müşahidə etdiyimiz prosesləri sərf-nəzər etmək kifayətdir. Məsələ burasındadır ki, partiya rəhbərliyi hakimiyyətə qarşı ən kəskin tənqidlərlə, ittihamlarla çıxış etdiyi halda, AXCP daxilində hətta yumşaq tənqidə belə tolerant yanaşma sərgiləmir. Düzdür, bu, müxalif düşərgənin əsas problemidir. Ancaq AXCP-də tənqidə dözümsüzlük ifrat həddədir. Elə zaman-zaman partiyada yarpaq tökümünün baş verməsi də məhz bu dözümsüzlüyün məntiqi nəticəsidir. Partiya rəhbərliyində olan şəxslərin ölkənin aparıcı mətbu orqanına qarşı savaş açması da məhz azad sözü qəbul etməmək instinktindən, tənqidə tolerant yanaşmaya malik olmamaq hissindən irəli gəlir. On illər boyu şəninə təriflər yağdırdığımız, çıxış və müsahibə, açıqlamalarına saysız-hesabsız materiallar həsr etdiyimiz lider günün birində adi sözümüzü belə özünə yaraşdırmayaraq qəzetlə münasibətlərində moratorium elan edib. Bu, ölkəni idarə etmək iddiasında olanlar üçün çox ciddi minusdur. “Yeni Müsavat” ümummilli qəzet olaraq bütün düşərgələrə tribuna verdiyini bəyan edəndə bir partiyanın rəhbərliyi bu seçimi düzgün saymayaraq qəzeti boykot edirsə, məncə, əlavə şərhə ehtiyac yoxdur. Müxalifət düşərgəsində bir sıra aparıcı fiqurlar var ki, Avrointeqrasiya tərəfdarı olduğunu nümayiş etdirməyə çalışsa da, Avropanın ən ali dəyərlərinə, söz və mətbuat azadlığına sayğılı davranışı gündəlik fəaliyyətində belə nümayiş etdirə bilmədi. Mən ölkəni idarə etmək iddiasında olan liderin bir qəzetlə bağlı partiyanın ali orqanı səviyyəsində boykot qərarı verməsindən sadəcə heyrətlənərdim, təbii ki, əgər Azərbaycanda yaşamasaydım və illərdir bir sıra müşahidələr aparmasaydım”.