Yenə xoşbəxt və bədbəxt ölkələrin reytinq cədvəlini tərtib ediblər. İsveçrə bu dəfə də ən xoşbəxt ölkə seçilib. “Seçilib” deyəndə sorğular, analizlər, müxtəlif göstəricilər nəticəsində bu saatlar, şokoladlar, banklar ölkəsi birinci yerə çıxıb.
Əslində çox təbiidir. Oxumuş adamlar deyirlər ki, insanın özünü xoşbəxt hesab eləməsi üçün zamanını dəqiq bilməsi, çoxlu şokolad yeməsi və əlinin pulla oynaması şərtdir. İsveçrədə isə bunların üçü də var və təkcə bunlar deyil.
Bir dəfə başqa bir beynəlxalq məşhur analitik mərkəz də elan etmişdi ki, dünyada 10 ən yaxşı, havası, suyu təmiz, sakit, yaşıllıqlı, təhlükəsiz şəhərdən dördü (Lozanna, Sürix, Cenevrə, Bern) İsveçrədədir. Orda yaşayan dostlar da deyirlər ki, İsveçrə gerçəkdən də yaxşı, yaşamalı ölkədir.
Düzdür, yazıçı Əli Əkbər arada bu ölkənin, sovet təbliğatçılarının təbirincə desək, sayrışan süni gözəlliklərinin arxasındakı mənfur kapitalizmin eybəcərliklərini də bir neçə abzasda göstərir, amma ümumilikdə götürsək, həmin o eybəcərliklər bu ölkənin xalqının özünü xoşbəxt hiss etməsinə mane olmur.
Açıqlanan reytinq cədvəlinə görə, İsveçrəylə yanaşı, ən xoşbəxt ölkələrin sırasında Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailand yer alır.
Çin və Tayvanın işi məlumdur, onların xoşbəxtliyi “kitayski” xoşbəxtlikdir. Çinlilər əmindirlər ki, partiya və hökumət onları xoşbəxt edib, cənnət görmək istəyən Çinə gəlsin, dünyanın xoşbəxti bizik dünyada və s. Amma nəyə görəsə hər il on-on beş milyon çinli xoşbəxtlik dalınca dünyanın dörd bir yanına səpələnir. Hətta gəlib Hacıqabula da çıxıblar, elə bilirlər ki, Pirsaatda, Rəncbərdə xoşbəxtlik aşıb-daşır.
Cənubi Koreyanı da anladıq. Bu ölkədə buraxılan əla və ucuz kondisionerin altında sərinləyən, qızınan, mükəmməl avtomobillərdə gəzən koreyalı özünü bədbəxt saymayacaq ki.
Sinqapur və Malayziya da eləcə. O ölkələri görüb, gəzib gələnlər ağır seyidlərin cəddinə and içirlər ki, kişilər Asiyada cənnət yaradıblar.
Bəs Tailand hardan gəlib xoşbəxt ölkələrin ilk onluğuna düşüb, bu, çox maraqlıdır. Ölkənin siz deyən sərvəti yoxdur, kasıb yerdir, siyasi durumu qeyri-qənaətbəxşdir, imici, reputasiyası nəinki regionda, hətta dünyada beşbetər gündədir. Məsələ ondadır ki, bu ölkəni bütün dünyada beynəlxalq statuslu fahişəxana kimi tanıyırlar və dünyanın hər yanından yanıqlar Tailanda axışır. Prinsipcə, bu ölkə bədbəxtlərin ilk onluğuna düşməliydi…
Bədbəxt ölkələrin reytinq cədvəlində isə aşağıdakı ölkələr ön yerdədirlər: Suriya, Venesuela, Sudan, İran, Ermənistan (10-cu).
Suriya heç, onun necə bədbəxt olduğunu dünya-aləm bilir. Sudan da eləcə. Bu ölkə adicə sudan da qıtlıq çəkir. Amma Venesuela o siyahıya necə düşüb? Benzinin litri bizim pulla 10 qəpik olan ölkədir və camaat öz güzəranından narazı deyil. Arada yığışıb karnaval-zad da təşkil edirlər. İran da onun kimi. Biz guya ki, daha xoşbəxt ölkənin vətəndaşlarıyıq, amma müalicə olunmağa “bədbəxt İran”a gedirik.
Ermənistanın hansı gündə olduğu barədə politoloq Mübariz Əhmədoğlu başda olmaqla danışanlar o qədər çoxdur ki, başqa sözə ehtiyac yoxdur. Bilirik ki, acından qırılırlar, Yerevan Gəncənin Kirovabad vaxtına oxşayır, iqtisadiyyatları çökür, vətəndaşlar kütləvi mühacirət edir, işsizlik tüğyan edir, heç liftləri də işləmir. Bir sözlə, bədbəxtçilik onları basıb.
İndi gələk öz xoşbəxt ölkəmizə. Biz 38-ci yerdəyik. Əgər siyahının 55-dən yuxarı hissəsində yer alan ölkələri xoşbəxt ölkələr saysaq, bu, o deməkdir ki, biz bədbəxtlərin cərgəsindəyik. İntəhası, Gürcüstandan yuxarıda, Rusiyadan aşağıdayıq.
Yəni biz çox yox, bir qədər az bədbəxt ölkəyik. Özümüzü yaxşı aparsaq, öz üzərimizdə işləsək, xoşbəxt ola bilərik.
Doğrusu, xoşbəxt ölkə olmağın reseptini bu tərəflərdə heç kəs bilmir. Saatımız çox dala qalır, şokolad buraxa bilmirik, pul-paramız da İsveçrə bankındadır. Arada bir karnaval (“Eurovision”) keçirtdik, onda bədbəxt qonşular üstümüzə tökülüb peşman elədilər.