Elə beləcə də deyib: “Həyətyanı sahəm Allah-təalanın mənə bəxş elədiyi cənnətdir”; “Bunlar çətənə kollarıdır. Başqa yerdə bitmir. Ən çox müsəlman ölkələrində bitir. Bunu müsəlmanlar üçün Allah bəxş edib”.
Bu sözləri “Xaş-xaş 2014” şərti adlı əməliyyat tədbirləri çərçivəsində yaxalanan sabirabadlı Qubadov Əli dilə gətirib. Adamın həyətində 74 ədəd (267 kilo) çətənə kolu və 5 kq qurudulmuş, 5,32 kq yarımqurudulmuş marixuana aşkar ediblər. Hələ məlum olub ki, Əli qardaş 2 ədəd kibrit qutusunda marixuana toxumları da saxlayırmış – növbəti əkin üçün.
Saxlanılan şəxs deyib ki, narkotik bitkini əsasən öz şəxsi istifadəsi üçün əkib, boğazından artıq qalan hissəsini isə satıb “5-3 manat çörək pulu” çıxaracaqmış. Amma Əli bəy nə bilsin ki, ölkədə “Xaş-xaş 2014” kampaniyasının çərçivəsində əməliyyat tədbirləri gedir.
Əlbəttə, Əli Qubadov qəzet, sayt oxuyan adam olsaydı, öz şəxsi istehsalı olan nəşədən çəkib tərkü-dünya olmasaydı, bilərdi ki, bir neçə aydır ölkədə, regionda narkotik maddələrə qarşı ciddi əməliyyat tədbirləri aparılır.
Oxucu dərhal deyəcək, bəs Gürcüstanda tutulan 3 ton maye heroin? Bu da var, əlbəttə. Amma bu, beynəlxalq mafiozların işidir, onunla qoy interpol məşğul olsun, bizim hüquq-mühafizə orqanları qramlıq, kiloqramlıq narkotiklərlə işləyirlər.
Bildiyiniz kimi, son vaxtlar bir yanı Şəki, o biri yanı Şəmkir, Masallı, Salyan və sair çətənə kolu bitən rayonlarda kolyoldu tədbirləri həyata keçirilir. Yabanı halda bitən çətənə kollarını, eləcə də ona bənzəyən digər kolları (gəndəlaşı, kətyanı, qanqalı-manqalı) biçib üst-üstə qalayırlar, üstünə benzin çiləyib odlayırlar. Hələlik o sırada Ağcabədinin adı çəkilmir. Çünki tarixən Ağcabədidə, xüsusilə də Hindarxda marixuanaya qarşı ciddi mübarizə aparılıb. Bir də Hacıqabulda.
Amma bu tərəfdə mədəni halda becərilən bitkilər də var, onları da ayıq-sayıq vətəndaşlar vaxtında polisə, türkün sözü, ihbar edirlər. Nəticədə Çiçəkli kəndinin sakini Əli Qubadov kimi mütəxssislər ilişir. (Yeri gəlmişkən, adından görünür ki, bu kənd münbit torpağa, gül-çiçək, ot-ələf, kol-kos becərmək üçün əlverişli mühitə malikdir).
Bunlar olan şeylərdir. Bu ölkədə marixuana becərənlər, satanlar, çəkənlər həmişə olub, həmişə tutulublar, yenə də olacaqlar. Bu işdə yenilik odur ki, indiyəcən onların heç biri çətənə kollarını “Allahın müsəlmanlara bəxşişi” adlandırmayıb. Bu, efirdə yeni səsdir.
Orası da var ki, Qubadovdan qabaq bu fikri Əfqanıstanda səsləndiriblər. Məlum olduğu kimi, ağlı-huşu aparan maddələrin yasaq və haram sayıldığı bu islam ölkəsində nəşə çəkməyən adamlar barmaqla sayılan qədərdir. Onlar spirtli içki içmirlər, haramdır, amma nəşəni küçədə çəkirlər, yasda, toyda, məktəbdə, hər yanda tüstülədirlər. Əfqanlar gerçəkdən də bu bitkini Allahın lütfü sayırlar və fəxr edirlər ki, dünya üzrə ən yaxşı çətənə məhz Əfqanıstanda bitir.
Əslində isə, çətənənin xası Kolumbiyada da bitir, elə onlar da bunu “Allahın neməti” adlandırırlar, aqrotexniki üsullara, kultivasiya qaydalarına uyğun olaraq əkib-becərirlər, emal edirlər, özləri də yararlanır, qonşuya da pay verirlər, hətta uzaq ölkələrə də göndərirlər. Kolumbiyalılar və boliviyalılar o qədər də qədirbilməz insanlar deyillər, bazar günləri kilsədə ibadət edəndə Yer üzünə göndərdiyi nemətlərə görə Yaradana dua edir, şükranlıq bildirirlər.
Bu arada tamam yaddan çıxdı, getdi, keçən il məhz Sabirabadda Əli Qubadov kimi anaşa istehsalı ilə məşğul olan zəhmətkeşlərdən biri öz ayağı ilə polis şöbəsinə gedib xəbər vermişdi ki, onun qurutmaq üçün sərdiyi çətənə kollarını qonşusu filankəs oğurlayıb. Zərərçəkən polislərdən oğurluq faktının üstünün açılması üçün tədbirlər görməyi xahiş etmişdi, haqq üçünə, onlar da operativ qaydada tədbir görmüşdülər. Hazırda ikisi (nəşə istehsalçısı və oğrusu) də məhbəsdədir və nəşəni pulla alırlar. Halbuki vaxtında çəkişməsələr, anaşalarını paylaşıb çəkə bilsələr, “Xaş-xaş 2015” kampaniyasından da salamat qurtarardılar.