Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü assambleyada çətin vəziyyətlə üzləşdiklərini etiraf edib.
Məlumata görə, Fransada erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 7 iyul tarixli nömrəsində “Avropa Şurası Parlament Assambleyasında işləmək getdikcə çətinləşir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın təmsil etdiyi nümayəndə heyətinin qurumdakı fəaliyyətinə dair fikirləri yer alıb.
AŞ PA sessiyalarında Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsində ölkəmizə qara yaxmaq və onun beynəlxalq aləmdəki nüfuzuna kölgə salmaq üçün dəridən-qabıqdan çıxan N.Zöhrabyan Azərbaycan nümayəndə heyətinin fəallığının və əsaslı faktlarla Ermənistanın işğalçılıq siyasətini avropalı deputatlara çatdırmaq istiqamətində apardığı təbliğatın assambleyada Ermənistan nümayəndə heyətinin işini getdikcə çətinləşdirdiyini bildirib.
7 il ərzində AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin üzvü olan N.Zöhrabyan etiraf etməyə məcbur olub ki, Azərbaycan nümayəndə heyəti Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə və qətnamə layihələrinin qəbul olunmasına hər vəchlə təşəbbüs göstərir. Bu isə özlüyündə erməni nümayəndə heyətinin fəaliyyətinə ciddi problem yaradır.
Erməni deputat AŞ PA-da təmsil etdiyi nümayəndə heyəti üçün çıxılmaz vəziyyətin yarandığını və işləməyin getdikcə çətinləşdiyini qeyd edib.