Ukrayna xalqı üçün taleyüklü günlərdən biridir – ölkə bu gün özünə demokratik yolla yeni prezident seçməlidir. Budəfəki seçkilərinin əsas özəlliyi bəlli: 25 may seçimləri Krımın ilhaqı və ardınca da Ukraynanın cənub-şərqində Moskvanın rüsxəti ilə vüsət alan silahlı separatizm dalğası fonunda reallaşmalıdır. Səsvermənin bütün ölkə boyu baş tutması bu xüsusda ən azı, iki aspektdən mühüm önəm daşıyır.
Biri odur ki, 25 may seçkiləri, nəhayət, Ukraynanın növbəti legitim dövlət başçısını müəyyənləşdirməklə eks-prezident Viktor Yanukoviçin erasının sonuclandığına de-yure nöqtə qoyacaq. Bu isə Rusiyanın Yanukoviçdən “qanuni prezident” kimi yararlanıb ölkəni qarışdırmaq imkanlarını əhəmiyyətli ölçüdə məhdudlaşdırmış olacaq.
İkincisi, ölkədə situasiyaya konkret kimin və ya hansı komandanın cavabdeh və sorumlu olmasının bilinməsi ortalığı xeyli duruldacaq. Eyni zamanda xalqdan mandat alan təzə prezident aylardır ölkədə hökm sürən qorxulu prosesləri dayandırmaq və separatçı ünsürləri cilovlamaq üçün çəkinib-etmədən cəsarətli və əməli addımlara gedə biləcək. Buna onun resursu da, beynəlxalq dəstəyi də artıq yetərli olacaq.
Üçüncü və ən əsası isə seçkilər Ukrayna toplumunun demokratik inkişaf yoluna sadiqliyinin, Maydan hərəkatı nəticəsində hakimiyyətə gələn, Moskvanın indiyədək “xunta” adlandırdığı siyasi qüvvənin əslində demokratik və sivil kəsimə aid olduğunun dünyaya əyani nümayişinə çevriləcək – Kremlin əlindən daha bir bəhanəsi çıxmış olacaq.
Şübhəsiz ki, məhz sadalanan amillərə görə Rusiya 25 may seçkilərinin legitimliyini həmişə şübhə altına almağa çalışıb. Hərgah, seçki ərəfəsində Moskva bu mövqedən guya geri çəkilmək tövrü nümayiş etdirməyə çalışdı. Söhbət Ukrayna sərhədlərindən rus ordu birləşmələrinin uzaqlaşdırılması ilə bağlı Moskvanın verdiyi bəyanatdan və Putinin Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində “Ukraynanın yeni prezidenti ilə işləməyin mümkünlüyünü” dilə gətirməsindən gedir.
Ancaq bunlar növbəti aldadıcı manevrlər də ola bilər. Hər halda, həmin bəyanatlardan sonra Ukraynanın cənub-şərqində Rusiyaya sadiq pozucu qüvvələrin fəaliyyətində səngimə müşahidə olunmur. Necə ki, Putinin saxta referendumu təxirə salmaq çağırışını separatçılar ciddiyə almadılar, ehtimal böyükdür ki, həmin qüvvələr nəzarət elədikləri ərazilərdə prezident seçkilərini pozmaq üçün də hər şeyə gedəcəklər ki, yeni prezident bölgədə legitim sayılmasın və Rusiya bu faktordan rəsmi Kiyevə təzyiq göstərməkdə davam eləsin.
Ancaq bugünkü seçkilərin qalibi ilk turda bilinməsə belə, ən önəmli olan prosesin uğurlu startı, davamlılığı və təbii ki, Ukrayna xalqının demokratiya maraqlarına uyğun yekunlaşmasıdır. Çünki ölkəyə xaricdən – Rusiyadan sırınan böhranın həll yolu yalnız demokratiyadan keçir. Başqa müstəvidə mövcud problemlərin, o sırada Moskvanın süni şəkildə yaratdığı əngəllərin aradan qaldırılması irreal görünür və hazırkı situasiyanı daha da mürəkkəbləşdirməyə aparır.
25 may seçkiləri bu mənada Ukrayna xalqı üçün sözsüz ki, həm də növbəti demokratiya sınağıdır. Demokratiyada isə çarə tükənməz. Postsovet məkanındakı etnik ərazi konfliktlərin – Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya, Krım məsələlərinin həlli də həqiqətən demokratiyadan keçir. Zira, demokratik rejimlərin bir-biri ilə anlaşması qat-qat asandır.
İndi təsəvvür edin ki, Rusiya, Ermənistan, Azərbaycan demokratik ölkələrə çevrilməyə başlayıb. Həlli on illərlə uzanan məsələlərin çözümü sürətlənər, sürətlənməz? Yüz faiz elə olar. Çünki demokrasi bütün dərdlərin dərmanı olmasa da, çox dərdin çarəsi sayılır. Buna şübhəsi olanlar zəhmət çəkib demokratikləşsinlər və Ukrayna xalqı kimi öz xalqına heç olmasa bircə dəfə demokratiya testindən çıxmağa şərait yaratsınlar.