Bir-iki il öncə oğlum ibtidai sinifdə oxuyanda hər gün dərsdən kefikök gəlir, axşamlar isə mənə belə xəbərlər verirdi: “Bu gün müəlliməm mənim başımı sığalladı”; “Bu gün müəlliməm məni öpdü, “afərin” dedi”; “Bu gün müəlliməm məni təriflədi, uşaqlara nümunə göstərdi”. Beləcə, davam edirdi. Uşaq bir “müəllimə” deyirdi, beşi də ağzından düşürdü.
Bir gün isə məlum oldu ki, orta yaşlı müəlliməsini dünyalar qədər sevən oğlum evə ondan bir yüngül şillə yeyərək gəlib. Bu xəbəri eşidəndə təxminən bir-iki dəqiqə hiddətli oldum, sonra bəzi detalları (“öpdü”, “başımı sığalladı”, “təriflədi” kimi sözləri) xatırladım və “nəyə görə” deyə soruşdum. Onsuz da dəcəl olduğunu, parta arxasında bir dəqiqə sakit oturmadığını bildiyim oğlum müəllimədən şilləni nəyə görə yediyini müfəssəl şəkildə danışdı, sonra dönə-dönə tapşırdı ki, məktəbə gedərək müəlliməyə bir söz deməyim.
Nə məktəbə getdim, nə də sonra müəllimə ilə rastlaşanda bu söhbəti açıb-bükdük. Oğlum özü də başa düşmüşdü ki, müəllimənin ona vurduğu yüngül şilləni artıqlaması ilə haqq edib. Hətta mən oğluma dedim ki, eybi yox, vaxt gələcək, sən gedib o müəllimənin səni vuran əlindən öpəcəksən.

İnsanın, xüsusilə də uşaqların fiziki təzyiqə məruz qoyulmasına şiddətlə qarşı olsam da, anlayıram ki, müəllimə də insandır, onun da əsəbləri var və onu da çıldırmaq həddinə gətirirlər. Övladlarını canlarından çox istəyən analar var, bir uşağın öhdəsindən gələ bilmir, əsəbiləşəndə çubuğa da əl atırlar, qarğış da edirlər. Müəllimə isə 25-30 uşağın qışqır-bağırına, nazına, kaprizinə dözməlidir. Çox çətindir. Bunu başa düşən valideynlər xırda qulaqburmalardan ötrü hər dəqiqə müəllimlə dava-qırğına çıxmırlar.
Oğlumun müəlliməsindən şillə yeməsi, yuxarıda dediyim kimi, mənə cəmi iki dəqiqə acı vermişdisə, 7 saylı internat məktəbində oxuyan 7 yaşlı Nahidin öz müəlliməsi tərəfindən taxta ilə döyülməsi, gözünün altının qaralması xəbəri ilk oxuduğum gündən bu yazının yazıldığı dəqiqələrə qədər yadımdan çıxmır. Əminəm ki, bu görüntülər minlərlə adama eyni acını yaşadıb.
Müəllimə ona və digər uşaqlara bir şillə vurub keçsəydi, heç kəs bu məsələnin üstünə getməzdi. Deyərdik, uşaq vaxtı bizim də barmaqlarımıza çubuq çəkiblər, karandaşla döyüblər, qulağımızdan dartıblar, eybi yox, unudular.
Ancaq burada söhbət əməlli-başlı işgəncədən gedir. Müəllimə nə qədər hiddətli imişsə, uşağı bu hala salıb. Bu cür əsəbi adamlar hiddətləndikləri anda bir parça uşaqları döyüb şikəst də edə bilərlər. 7 yaşlı uşağın fiziki travması gedəcək, mənəvi travması isə çətin.
Bu məsələnin bir duyğusal tərəfi də var. Axı onlar kimsəsiz uşaqlardır, dövlətə, cəmiyyətə əmanətdirlər. Yiyələri yoxdur deyə, onları istədiyimiz kimi çırpa biliriksə, demək, bu yetimlərə görə üstümüzə heç kəsin gəlməyəcəyinə arxayınıq. Bunca qəddarlıq, amansızlıq olmaz.
Atası-anası olan uşağı o hala salan müəllimənin yəqin ən azı saçını-başını yolardılar. Cəzasız buraxmazdılar. Ancaq Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları da əvvəlcə zorakı müəllimənin tərəfini tutdular, “uşağın ayağı sürüşüb yıxılıb” deyə biabırçı bir açıqlama ilə çıxış etdilər. Ancaq sonradan ortaya yeni sübutlar, videokadrlar çıxınca “təkrar araşdırma” aparılacağını, 7 saylı internat məktəbin rəhbərliyinin işdən müvəqqəti (?) kənarlaşdırıldığını elan etdilər.
“Müvəqqəti kənarlaşdırma” o sözdür ki, başbilənlər ortalıqdakı tozanağın yatmasını, ajiotajın səngiməsini gözləyəcəklər, daha sonra döyülmüş uşağın gözünün altına yığılmış qanı batıracaqlar.
Bu ölkədə güclülər özlərindən zəifləri cəzasız şəkildə döymək, əzmək imtiyazına malikdir - bu, bir qaydadır. Ancaq nə vaxta qədər? Həm də hamıya münasibətdəmi? Hətta 7 yaşlı uşaq da qoluzorluların fiziki, mənəvi, psixoloji təzyiqini hiss etməlidirmi?
Araşdırmaq imkanı olsaydı, öyrənərdik, bilərdik, o müəllimə o kimsəsiz uşağı döyməzdən bir həftə, bir ay, bir il öncə heç olmasa bir dəfə onun başını sığallayıbmı, öpübmü, ürəyini dikəldən tərifli söz deyibmi? İnanmaq çətindir. Onda kimsəsizlərə mərhəmət, şəfqət olsaydı, öz hiddətini yüngül bir şillə ilə soyudar, ağaca, dəyənəyə əl atmazdı.
P.S. Oğlum Nihad hər dəfə rastlaşanda müəlliməsinin əlini öpəcək. Gözünün altı qaraldılmış Cavadov Nahid isə elə edə bilməyəcək.
