Rəsmi Bakı ağır dilemma qarşısında; Bu gün BMT Baş Məclisində Rusiya əleyhinə qətnamə səsə qoyulacaq; ölkəmiz sənədi dəstəkləsə, Kremlin qəzəbinə gələ bilər; dəstəkləməsə, yaxud bitərəf qalsa, işğala haqq qazandıracaq və Qərbin Qarabağa dəstəyini sıfırlayacaq; Ermənistan da mövqeyini rəsmiləşdirməlidir; gözlər Nyu-Yorkda…
Ukrayna BMT-nin 193 üzv ölkəsi arasında qurumun Baş Məclisinin qətnamə layihəsini yayıb. Sənəd Krımdakı referendumu və yarımadanın Rusiyaya birləşdirilməsini qanunsuz elan edir. “Amerikanın səsi”nin məlumatına görə, layihə məzmun etibarilə Moskvanın martın 15-də BMT Təhlükəsizlik Şurasında əngəllədiyi qətnamənin bənzəridir.BMT diplomatlarının sözlərinə görə, yeni mətndə deyilir ki, “referendum Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunda istənilən dəyişiklik üçün əsas ola bilməz”.
Sənəd Baş Məclis tərəfindən qəbul olunarsa, məcburi xarakter daşımayacaq. Ancaq Qərb siyasi analitiklərinin fikrincə, Kiyev BMT üzvlərinin mütləq əksəriyyətinin himayəsini qazansa, bu, Rusiyanın Krımla bağlı mövqeyinin dünyada geniş dəstəklənmədiyi barədə dəqiq siqnal olacaq.
Baş Məclis Ukrayna böhranını martın 27-də müzakirəyə çıxaracaq. Sənədlə bağlı səsvermə də böyük ehtimalla, bu gün keçiriləcək. BMT diplomatları onu da qeyd ediblər ki, qətnamənin hədəfi ABŞ və Avropanın Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıqları fonunda Moskvanın təcridinin davam etdirilməsidir.
Ukraynanın BMT nümayəndəliyinin mətbuat katibi sənədə ən azı, 130 ölkənin səs verəcəyinə ümid edir. Lakin avropalı diplomatlardan biri bu xüsusda skeptik olduğunu söyləyib. Onun qənaətincə, rəsmi Kiyev dünyanın ən qüdrətli dövlətlərindən birini – Rusiyanı ittiham edən sənədə geniş dəstəyi əldə eləmək üçün səsverməyədək fəal lobbiçilik fəaliyyəti aparmalıdır.
Təbii ki, BMT üzvü kimi Azərbaycan da artıq qətnamə layihəsi ilə tanışdır. Bəs rəsmi Bakının mövqeyi necə olacaq? Azərbaycan təmsilçisi sənədi dəstəkləyəcəkmi? Elə məsələ də ondadır ki, Ukraynanın müzakirəyə çıxardığı sənəd Azərbaycan üçün hardasa “qırmızı xətt” dəyərindədir.
Əvvəla, işğala məruz qalan ölkə kimi Azərbaycan dövlətlərin ərazi bütövlüyünə zəmanət verən beynəlxalq hüquqa sayğı əlaməti olaraq Ukraynanın yanında yer almağa borcludur.
İkincisi, ərazisi qonşu dövlətin işğalçı siyasəti nəticəsində qəsb edilən Ukrayna ilə biz indi, demək olar, eyni taleni yaşayır, oxşar xarici siyasət prioritetlərini bölüşürük. O sırada Ukrayna hərbi-texniki sahədə Azərbaycanın ən etibarlı tərəfdaşlarından biri, GUAM bloku üzrə müttəfiqimizdir.
Üçüncüsü, soyu soyumuzdan olan Krım tatarlarının taleyi Azərbaycanı sənədə biganə qalmamağa sövq edir. Burdaca xatırladaq ki, Krımdakı 16 mart qanunsuz referendum öncəsi bu referendumu boykot edən Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu türkdilli dövlətlərin, o cümlədən Azərbaycanın prezidentlərini yerli tatarlara arxa durmağa çağırmışdı.
Başqa yandan, o da var ki, bu dəqiqə postsovet ölkələrindən heç biri, o sırada Dağlıq Qarabağ kimi problemi olan Azərbaycanın rəhbərliyi Krımın ilhaqından ekstaz vəziyyətinə düşən Rusiyanın qəzəbinə tuş gəlmək istəmir.
Yəni söhbət kifayət qədər çətin, taleyüklü bir dilemmadan gedir: ölkəmiz sənədi dəstəkləsə, dərhal Kremlin “qara siyahısı”na düşə, dəstəkləməsə və ya bitərəf qalsa, işğala haqq qazandıra bilər və paralel olaraq özünü ABŞ-ın, ümumən güclü Qərbin, “Böyük yeddilər”in mövqeyinə qarşı qoymaqla Qarabağ ixtilafının dinc, ədalətli həll perspektivini xeyli dərəcədə itirər.
Şəksiz ki, Ermənistan da təxminən eyni dilemma ilə üz-üzədir. Bəllidir ki, işğalçı ölkənin prezidenti Serj Sərkisyan dünya ictimaiyyətinin etirazlarına rəğmən, Krımı Rusiyaya birləşdirəndən bir gün sonra prezident Putinə zəng edərək Ermənistanın Kremlin yanında olduğunu birmənalı bəyan edib. Bu gün İrəvan həm özünün, həm də ağası Rusiyanın işğalçılıq siyasətinə verdiyi açıq dəstəyi öz səsi ilə rəsmiləşdirməlidir. Rəsmiləşdirəcəkmi?
Kəsəsi, gözlər Nyu-Yorkda…
Musavat.com