Bunu əvvəllər çox yazmışıq, demişik, bir daha təkrar edək ki, camaatımız tez təlaşlanan, təşvişlənəndir. Amma buna həmişə bir səbəb olur, biz heç vaxt boş yerə vahimələnmərik.
Srağagün gecə Lökbatandakı “qaz hücumu” zamanı da elə oldu. Qaz iyi gəlməsəydi, insanlar özünü pis hiss etməsəydi, təcili yardımlar xəstəxanalara zəhərlənmiş adamları daşımasaydı, heç minlərlə lökbatanlı və yüzminlərlə paytaxt sakini də narahat olmaz, panikaya düşməz, gecəylə şəhərin başqa hissələrinə daşınmazdılar.
Düzdür, sonuncu tədbirlərə o qədər də ehtiyac yoxmuş, çünki qaz Lökbatanda da eyni qazdır, Ceyranbatanda da. Amma bu, can qorxusudur, qaradağlı da öz canından qorxur, qarabağlı da. Adamlar nə bilsinlər ki, qaza vurulan iyli maddənin – odorantın (bu barədə bir sonrakı abzasda bəhs ediləcək) dozası artıq düşüb. Yoxsa minlərlə insan durduğu yerdə niyə özünü Qəzza sektorundaymış, Krımdaymış kimi aparmalıydı?
Qaza vurulan iyli maddənin adı isə ODORANTdır. Camaatın işlətdiyi dezodorant və ya deodorant kəlmələrinin də ikinci hissəsi buradan əmələ gəlib. Dünən mediada bu andır maddənin aşağıdakı kimi variantları vardı: “aqarant”, “aderant”, “adrenat”, “adernat”, “adorant”, “odarant” və sair.
“Odor” sözü latıncada “iy, qoxu” deməkdir. Odorantın özü isə kimyəvi birləşmədir. Bu maddənin yüksək dozalarının hamısı zəhərlidir, az dozalarının orqanizmə ziyanı yoxdur. Bunu qaza ona görə vururlar ki, qaz sızmasının yeri bilinsin, yaxud da qaz harasa dolubsa, adam odorantın iyindən anlasın ki, burda kibrit çəkmək, alışqanla siqaret yandırmaq, hətta işıq açarını çaqqıldatmaq olmaz. Bomp olar, qanqaraçılıq düşər.
Dünən bu barədə öz rəyini yazan bir nəfər qeyd edir ki, onların evinin yanındakı qazpaylayıcı məntəqənin yanında təsadüfən yerə bir damcı odorant düşübmüş, düz bir ay ordan qalmış turp iyi gəlib, üstəlik, yaxınlıqdakı adamlarda işləmə-qusma halları müşahidə olunub.
Bir dəfə də Babək prospektində necə olubmuşsa, yola bir-iki damcı odorant dağılıbmış, maşınla yol keçənlərin hamısı bu iyi hiss edirmiş, maşının salonundakılar da bir-birindən şübhələnirmiş. Halbuki bunun kimyəvi tərkibi tamam başqa cürdür.
Odorantı kimyəvi silah kimi də işlətmək mümkündür. Məsələn, hazırda dünyanın gündəmində olan Krımda 1853-cü ildə ingilislər odorantlı bombalar işlədiblər, iy-qoxu yarımadanı başına götürübmüş. (Hərçənd hazırda da Krımdan pis-pis qoxular gəlir).
Xüləs, Lökbatan camaatını zəhərləyən maddəni tapmışıq, indi qalıb bunu xalqa təklif edənlərin kimliyini təsbit etmək. Burası çətindir. Heç kim boynuna almır. Biri deyir, odorantı qaza biz vurmuruq, o biri deyir ki, biz vuranda da cüzi vururuq. Başqa biri də deyir ki, adamlar qaz qoxusu hiss ediblər və əsassız yerə panikaya düşüblər.
Bax, burası tibb elmində yenilikdir. Heç demə, adam qorxanda zəhərlənə bilirmiş. Hərçənd bununla qismən razılaşmaq olar, hamımız qorxduğu vaxt ürəyi ağzına gələn, qusan, hətta tumanını batıran adamlar görmüşük, amma birdən-birə 115 adam bu hala düşməzdi.
Hələ yaxşı ki, günah tezliklə odorantın boynuna qoyuldu. Yoxsa bəzi politoloqlar Lökbatanda camaata qəsdən “qaz hücumu” edildiyini deyəcək, bunu Suriyada döyüşən terrorçuların qisas aksiyası kimi dəyərləndirəcəkdilər. Bəzi ekspertlər mütləq bu hadisəni Rusiyaya bağlayacaq, Kremlin Krım məsələsinə görə Bakıya xəbərdarlığı kimi yozacaqdılar. Əlbəttə, hadisədə “İran izi” tapılmadan bu iş yekunlaşmayacaqdı. Ən axırda isə bütün günahlar amerikanların və masonların boynunda qalacaqdı.
Odorantı qaza miqdarından artıq vuran hansısa fəhlə isə halından məmnun halda oturub fikirləşəcəkdi ki, işə bax ha, mənim bir səfeh hərəkətimə görə yeddi dövlətin gizli xidmətlərinin adı çəkilir.