Dünyanın nəhayət, açıq şəkildə Putin Rusiyasına “stop” deməsi çox ciddi hadisədir. 2015-ci ildə SSRİ-ni rəsmi şəkildə bərpa etməyi planlaşdıran imperiya varisinin planları Maydanda çiliklənəndən sonra şübhəsiz ki, çox qəzəblidir və əsrin növbəti qanını tökməkdə, Ukraynada da bir münaqişə ocağını çatıb məkrli niyyətlərinə çatmaqda israrlıdır. Bu mənada beynəlxalq aləm Ukraynanı ikibaşlı rus qartalının caynağından qurtarmağın yollarını prinsipial olaraq aramaqdadır.
Hər halda gec də olsa, anlayıblar ki, Rusiyanın məkrli planları reallaşdıqca nə postsovet məkanında demokratik ənənələri normal şəkildə inkişaf etdirmək mümkün olmayacaq, nə Suriyadakı vətəndaş qırğınına son qoyulacaq, nə İrandakı istibdad sona çatacaq. Onsuz da Rusiyanın Suriya, İranla bağlı çözüm planlarının qarşısına daş qoyması dünyanı Putin siyasəti barədə ciddi düşünməyə vadar edirdi. Bu mənada Ukrayna, Krım hadisələri bəlkə də göydəndüşmə oldu. Budur, NATO-nun baş katibi Anders Foq Rasmussen, BMT baş katibi Pan Ki Mun davamlı şəkildə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair çağırışlar edir, ABŞ prezidenti Obama Putinlə saat yarımlıq telefon danışığında onu ciddi şəkildə xəbərdar edib, hətta üçüncü dünya savaşının anonsu verilib.
Pekin Yay Olimpiadasında Gürcüstana təcavüz edib torpaqlarının bir hissəsini qoparan Rusiya Soçi Qış Olimpiadasına ev sahibliyi etdiyi günlərdə də Ukraynanı diz çökdürmək üçün baş sındırırdı. Bəlkə də Gürcüstandan sonra oxşar hadisələrin Ukraynada baş verməsi Azərbaycanın şansıdır. Çünki Rusiya hər zaman Azərbaycanı əzmək istəyib, bir neçə il öncə Azərbaycanla sərhəddə rus qoşunlarının sayının artırılmasını unutmamışıq. Əslində Rusiyanın Azərbaycana qəzəbi heç də Gürcüstan və ya Ukraynaya qəzəbindən az deyil, bəlkə də çoxdur. Bu qəzəb təkcə bizim müsəlman ölkəsi olmağımızdan irəli gəlmir. Azərbaycan Rusiyanın bütün təhdidlərinə baxmayaraq neft-qaz marşrutlarında Avropaya istiqamətlənmiş seçim etdi. Rusiyada bazarların qapadılması, miqrasiya qanunlarının sərtləşdirilməsi də Azərbaycanı əzməyə hesablanmışdı. Elə bu qış Qarabağ cəbhəsindəki təxribatlar Azərbaycanın tələyə salınması üçün Rusiyanın hazırladığı plan idi. Ancaq Bakı 2008-ci ilin Gürcüstan hadisələrində olduğu kimi 2014-cü ilin fevralında da ehtiyatlı davrandı və Azərbaycan xilas oldu.
Bu günlərdə həm də onun uğrunda vuruşan Ukraynaya dəstək vermək üçün Azərbaycanın da üzərinə düşən işlər var. Söhbət Rusiyanı qıcıqlandıracaq hansısa fəaliyyətdən, ya 1941-45-ci illərdəki kimi Ukrayna uğrunda döyüşlərə qatılmaqdan getmir. Azərbaycan öz mövqeyini müəyyənləşdirməli, bu gün rus işğalına qarşı çıxan Qərbin yanında olduğunu açıqlamalıdır. Əgər Rusiya Krımda məğlub olacaqsa, sabah Qarabağda da uduzacaq. Bu günə qədər Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistanın adı çəkilirdisə, artıq bu işğala rəhbərliyi Rusiyanın etdiyini dünyaya car çəkməyin zamanıdır. Necə ki, Gürcüstan bunu bəyan edir. Necə ki, Ukrayna rus işğalına qarşı ayaqdadır. Biz bu mərhələdə əhalisinin 58 faizi ruslardan ibarət olan Krımı Ukraynanın ərazisi sayan beynəlxalq ictimaiyyətə xatırlatmalıyıq ki, bir ovuc erməninin yaşadığı Azərbaycan torpaqlarının da Ermənistana dəxli yoxdur və Krıma və Qarabağa eyni münasibət olmalıdır. Bu gün işğalçı Ermənistan işğalçı Rusiyanın yanındadır. Azərbaycan bu fürsətdən yararlanmalıdır.
Ancaq ABŞ-dan Rusiyaya hədə bəyanatlarının gəldiyi bu günlərdə ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın da ünvanına sərt tənqidlərin yer alması üzücüdür. Bəlkə kimlərsə istəyir, ancaq mən ən azı indiki situasiyada ölkəmin adını bu sayaq hesabatlarda görmək istəmirəm. Situasiyanı dəyişmək çoxmu çətindir? Olmazmı ki, ölkə başçısının da dediyi kimi korrupsiya və rüşvətə son verilsin, müxalifətə meydan verilsin, Tofiq Yaqublu, Yadigar Sadıqov, İlqar Məmmədov, gənclər həbsdən azad edilsin, heç olmasa təzə rəis təyinatından sonra Tağı Əhmədovun qəzetləri boğma planı aradan qaldırılsın? Elə hesabatda bunlardan yazılıb da. Biz ölkəmizdə sürətlə müsbət dəyişikliklərə nail olmalıyıq ki, demokratik dünyanın qarşısında yox, yanında yer ala, ardınca da Qarabağımızı qaytara bilək. Fürsətdir. Günün birində hiyləgər Ermənistan Rusiyanın zəiflədiyini görüb onu sata, Gömrük İttifaqından imtina edə və Qərbə qucaq aça bilər. Kəsəsi, cəbhəni Amerikaya yox, erməniyə, onun müttəfiqinə açmaq lazımdır.