Çoxdan idi rastlaşmırdıq, görüşmürdük. Srağagün axşam saat 18.50-də bir vaxtların məşhur siyasətçisi ilə “Elmlər Akademiyası” metro stansiyasının qarşısında rastlaşdıq. O, foto-atelyenin qarşısında dayanıb oğlunu gözləyirdi. Həmin adamdır, yaxşı qalıb, kökəlməyib, arıqlamayıb, bir balaca saçı ağarıb, vəssalam.
Ənənəvi xoş-beşdən, qarşılıqlı “necəsən, nə var, nə yox”dan sonra ordan-burdan söhbət eləməyə başladıq. Deputat olduğu vaxtlarda və ondan sonra onunla xüsusi salam-kəlamımız olmuşdu, bir neçə dəfə ziyafət məclislərində oturmuşluğumuz da var.
Soruşdum ki, hardadır, nə iş görür, niyə görünmür, harada işləyir. Sabiq deputat dedi ki, üç-dörd yerdə işləyir, kitab yazır, son doqquz ildə üçünü yazıb, kitabının biri hətta Britaniya parlamentinin lordlar palatasında müzakirə olunub.
Maraqlıydı. Dedim, qardaş, bəs bu barədə mətbuat niyə yazmayıb, niyə xəbər verməmisən. Həmsöhbətim dedi ki, özü istəməyib, siyasətdən də, mətbuatdan da elə o vaxtdan birdəfəlik gedib və özünə söz verib ki, media ilə təması olmayacaq.
Amma budur, köhnə dostumuzla təsadüfən rast olmuşuq və jurnalist olaraq onu danışdırıram. Hiss edirəm ki, adamda yaxşı söhbətlər var, ondan əla bir müsahibə almaq olar. Niyyətimi deyirəm. Dərhal üzünü yana döndərib etiraz edir: “Yoo, qətiyyən lazım deyil”. Deyirəm, bu söhbətin ucundan-qulağından bəzi hissələrini yazacam. Yenə etiraz edir, həm də çox səmimi şəkildə. Hiss olunur ki, o, doğrudan da mətbuatla, siyasətlə təmasını kəsib.
“Belə çox rahatam, işimi işləyirəm, həyatımı yaşayıram” deyir. Deyirəm, bəs o köhnə, maraqlı günlərə qayıtmaq, yenidən ölkənin məşhur siyasətçilərindən, hər gün müsahibə, açıqlama verən deputatlardan biri olmaq ehtirası baş qaldırmırmı. “Yox” deyir və əlavə edir: “Jurnalistlər indi də zəng edirlər, müsahibə istəyirlər. İmtina edirəm. O günü bir xanım zəng edib, cavab verirəm ki, mən çoxdandır müsahibə vermirəm. Xanım deyir ki, heç olmasa nəyə görə müsahibə vermək istəmədiyinizi deyin. Deyirəm, elə bunu desəm, müsahibə olacaq da”.
Baxıram ki, yox, onu hətta Elşad Paşasoy da danışdıra bilməz. “Boş-boş nə danışaq? Heç nəyə təsir göstərə bilməyəndən sonra özümüzü yalandan necə siyasətçi adlandıraq?”
Düzdür, belə bir gerçəklik də var. Uzun illərdən bəri dirəşərək, müqavimət göstərənlər də ölkədə, siyasi arenada heç nəyi dəyişə bilmirlər.
“Demək olar ki, doqquz ildir, qəzet oxumuram” deyir. Hiss olunur ki, düz deyir, nəinki qəzet, heç sayt da oxumur.
Ölkənin siyasi arenasında baş verən son intriqalardan, qalmaqallardan da xəbərsizdir, kim kiminlə müttəfiqdir, kim kiminlə davadadır, kim kimi nədə ittiham edib, bilmir. Adam özünü siyasətdən təcrid edib, özünə blok qoyub.
“Amma Ukraynadakı hadisələri izlədim. O da qəzetlərdən yox ha, ”Evronyus”dan. Maraqlı proseslər gedir”.
Mən hörmətli sabiq deputatı bir qədər də artıq danışdırmaq üçün onun ünvanına layiq olduğu kimi tərifli sözlər dedim. Dedim ki, yeri görünür. Bunu tam səmimi deyirdim, doğrudan da onun istər parlamentdəki çıxışlarının, istərsə də siyasi gündəmdə baş verən hadisələrə özünəməxsus ədalətli yanaşmalarının yeri görünür.
Sual verdim: “Gələn il parlament seçkilərində namizəd olacaqsanmı?” Cavab verdi: “Qətiyyən”.
Bu əsnada onun oğlu foto-atelyedən çıxdı və onlar sağollaşaraq maşınlarına minib getdilər. Söhbətimiz yarımçıq qaldı.
Mən onunla söhbəti yazmayacağıma söz versəm də, mümkün olmadı. Mətbuatın gündüz çıraqla axtardığı maraqlı müsahiblə rastlaş, qısamüddətli olsa da söhbətləş, amma heç nə yazma. Olarmı heç?
Təsəllim var ki, onun adını çəkmirəm. Hərçənd çoxları söhbətin kimdən getdiyini təxmin edəcəklər.
Bəli, bir vaxtlar ölkə siyasətinin ən istedadlı, parlaq adamlarından biri uzun illər öncə siyasətdən getdiyini bəyan edib və hələ də sözünün üstündə durur, müsahibə istəyənlərdən imtina edir, hər hansı şəkildə siyasətə qarışmır, adının belə çəkilməsini istəmir.
Onu qınamaq mümkün deyil. İyrəncliklərlə dolu bu mühitdə əlləşmək, çabalamaq bezdirici, zəhlətökən işdir.
Bir daha dönməmək üzrə siyasətdən gedənlər əslində hörmətə layiqdirlər. Bütün bu eybəcərliklərə, murdarlıqlara baxmayaraq, öz ideyası uğrunda çarpışanlar da eləcə.