Hərdən adama elə gəlir ki, bizim nə cəmiyyət, nə dövlət, nə millət olaraq heç bir dərd-sərimiz yoxdur. Xüsusilə də Azərbaycan telekanallarını görəndə. Rusiya, Türkiyə TV-lərinə baxırsan, az qala hər gün actual məsələlərin müzakirəsi ilə bağlı geniş proqramlar yayımlanır, hər gün əhalinin diqqəti əsas hadisələrə cəlb olunur, məsələlərin həlli üçün təkliflər səslənir. Qayıdırsan Azərbaycan efirinə, çal oynasın, vur-çatlasın…
2009-cu ilin payızında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində telekanalları sərt şəkildə tənqid etmişdi. O zaman ümid yaranmışdı ki, yəqin vəziyyət dəyişəcək. Hətta PA rəsmisi təklif də vermişdi. Heç olmasa “No komment”-lə şərhsiz kadrlar yayımlanması ilə bağlı. Ancaq üstündən illər keçib, xırda istisnalarla efir bərbad durumdadır.
Yazının bu məqamında pultu alıb yerli kanalları “vərəqləyirəm”. Birində bəsit formada dublyaj olunmuş əcnəbi kinosu verilir, o birində “xalqın sevimlisi” olan şou gedir, başqasında düşük kliplər, başqasında meyxana yarışması, növbəti kanalda pəhriz saxlayan xanımlar üçün əttökən bir serial, sonuncuda da oxuyur. Bu ölkə əhalisinin evində olduğu, telekanalların qarşısında əyləşdiyi “pik” vaxtda apardığım “monitorinq”dir. Xocalı soyqırımının anım gününə biz bu çal-oynasınla gedirik, sonra da deyirik dünya birliyi bu ədalətsizliyə hələ də dözür…
Bu gün dünyada, elə Azərbaycanda proseslər cərəyan edir ki, onların geniş müzakirəsinə olduqca ciddi zərurət var. Budur, Ukrayna ayaqda, Rusiyada da ciddi proseslər başlayıb, ərəb dünyası da qaynayır, Azərbaycanın bu proseslərdən dinc-ağrısız ötüşməsi üçün məmurun, vətəndaşın, müxalifətçinin bir-biri ilə danışması, neqativlərin heç olmasa tədricən, heç olmasa ASAN yolla aradan qaldırılması üçün təşəbbüslər olmalıdır. Bu prosesdə televiziyanın oynaya biləcəyi rol danılmazdır. Ölkədə kütləvi narazılıqları səbəb olan məsələlərin telekanallarda geniş müzakirəsinin aparılması, tok-şouların keçirilməsi həm kanalların reytinqini artırar, həm də hakimiyyətin işinə yarayar. Məsələn, Nazirlər Kabinetinin tələbələrin etirazına səbəb olan qərarı telekanallarda geniş müzakirə olunsa, tərəflərin rəyi eşidilsəydi, nə Bakı Dövlət Universitetində aksiyalar olmaz, nə hakimiyyət kluarlarında həyəcanlı anlar yaşanmaz, nə də gərginlikdən bir universitet müəllimi elə dəhlizdəcə dünyasını dəyişməzdi.
***
Rəhmətlik Sirus Təbrizlinin bir sözü vardı: “Məni filankəslə – məmurlardan konkret birinin adını da çəkirdi – debata çağırsınlar, sizi əmin edirəm ki, həmin saatda Azərbaycanda bir nəfər heç erotikaya da baxmaz”. Haqlı deyildimi? Deyək ki, hakimiyyət efiri müxalifətçilərin üzünə qapayıb və telekanallar da bu səddi aşmaq imkanına malik deyil. Anlaşılandır, Azərbaycan reallıqları və standartları var, kənara çıxmaq təhlükəlidir. Ancaq elə məsələlər var ki, onların efirə verilməsi heç də təhlükəli deyil axı. Həftədə bir-iki dəfə Qarabağ məsələsinin həll yolları ilə bağlı siyasətçi, döyüşçü, məmur, diplomatların iştirakı ilə niyə müzakirələr aparılmır? Bunadamı qadağa qoyulub? Görün nə vəziyyət yaranıb ki, hakimiyyətin müdafiəçilərindən olan deputat Fəzail Ağamalı “Yeni Müsavat”a “heç mənim özümü də son vaxtlar telekanallara çağırmırlar” deyir. Hətta onun sədrlik etdiyi Ana Vətən Partiyası Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi tarixinə həsr olunan tədbir keçirib, ölkə telekanalları bu barədə reportaj verməkdən imtina edib. Niyə, səbəb nədir? Bununçün də prezident sərəncamımı lazımdır? Efiri bomboz bir hala salmaq kimə və nəyə lazımdır?
***
Gerçəklik budur ki, qəzetlərin yayımını xeyli məhdudlaşdırıblar. Televiziyanın ölkə insanına təsiri isə danılmazdır. Ancaq bizdə elə vəziyyət yaranıb ki, JEK işçisi də imkan düşən kimi telejurnalisti qapazlayır. Artıq telekanallara saymazyana münasibət var. Məsələn, o gün bir TV-nin əməkdaşı Bakıdakı heykəllərin biabırçı durumda olması haqqında reportaj hazırlamış, Səməd Vurğunun, Cəfər Cabbarlının abidəsinin pis gündə olmasını efirə vermişdi. Şəhər rəhbərliyi bir gün sonra heykəllərin yuyulub abıra salınacağına söz də vermişdi. Bir gün sonra, cümə günü Səməd Vurğunun abidəsi tərəfdən yolum düşmüşdü, baxdım. Heykəl elə əvvəlki kökdəydi. Uşaqlarımıza “Azərbaycan” şeirini öyrədirik, ancaq şeir müəllifinin abidəsinin üstündəki lövhəyə belə məhəl qoymuruq. 2001-ci ildən latın qrafikasına keçmişik, ancaq Səməd Vurğunun abidəsi hələ kirillə təqdim olunur. Bir çox digər heykəllər də eləcə…Həm zir-zibil içində, həm də…Təbii ki, istisnalar var. Yəni televiziyalar özlərini elə günə qoydular ki, onların qaldırdığı elementar problemlərə məhəl qoyulmur. Hansı ki, cəmiyyətin güzgüsü olmalı, ölkədə nə baş verirsə, dərhal onunla bağlı diskussiyalar təşkil etməli, müzakirələr açmalı, neqativlərin aradan qaldırılması üçün ən müxtəlif variantlardan yararlanmalıdır. Bizim efir bayaq sadaladıqlarımla, bir də həkim terrorunun ünvanı olan klinikaların reklamı ilə doldurulub. Hətta bəzən dəyərli sayıla biləcək filmlər, proqramlar da hamı yatandan sonra efirə verilir. Sanki bir qəsddir. Ən baxımlı isə saatlar şou-biznes əhlinə ayrılır.
Efirə çıxartmalı məsələlər isə çoxdur, lap çox. Azərbaycanın parçalanmasından, Qarabağın işğalından, “Sovetski” sakinlərinin taleyindən, Suriyaya döyüşməyə gedən gənclərimizdən, qadınlarımızdan (!), Müsavatda başqanlıq futbolumuzdakı, kinomuzdakı, səhiyyəmizdəki, təhsilimizdəki acınacaqlı durumdan…daha nələrdən geniş və faydalı müzakirələr açıla bilər. Bu efirin bir tikəsini xəstəxana yollarında qalan tanınmışlar Vaqif Səmədoğluna, Rafiq Hüseynova, Ramiz Əzizbəyliyə ayırmaq olmazmı? Saatları ər-arvad davasına, göz yaşlarına, ölkə insanına qaramatlıq aşılayan verilişlərə, mətbəx dedi-qodularına ayıranlar bu milləti hara aparmaq istəyir? Son günlərdə televiziyalarla bağlı ən çox müzakirə olunan mövzu bilirsinizmi nə idi: yaxası açıq qaldığı üçün TV-dən qovulan aparıcının məsələsi. Ölkə vətəndaşının vergisindən maliyyələşən televiziyanın əsas probleminə baxın. Hansı ki, ən azı həmin kanal ictimaiyyətin, elə mənim, sənin istədiyin verilişlərə yer ayırmağa birbaşa borcludur. Ancaq heç Fəzail Ağamalıya da efir vaxtı ayırmırlar…