Ukraynada yaşanan dramatik hadisələrin dərsləri yəqin ki, hələ uzun müddət təhlilçilərin və siyasi texnoloqların sevimli mövzusu olaraq qalacaq. Bu dərslər bitməyib. Çünki avrointeqrasiya tələbi ilə ötən ilin sonlarından çalxalanan Ukraynanın, onun xalqının bu olaylardan hansı qazanc və itkilərlə, hansı imicdə çıxacağı hələlik dəqiq deyil.
“XXI əsrin ilk ən böyük geosiyasi inqilabı” özünün qanlı mərhələsinə adlasa da, göründüyü kimi, yekunlaşmayıb. Amma artıq Azərbaycana da dəxli ola biləcək bəzi qənaətlərin altını qırmızı xətlə cızmaq mümkündür.
Birincisi, rəhbər şəxslərin, siyasətçilərin bir nömrəli vəzifə borcudur ki, ölkə, xalq belə qorxunc həddə – qanlı qarşıdurma, parçalanma və vətəndaş savaşı vəziyyətinə gətirilməsin. Zira, heç bir “müdrik kurs”, “köklü siyasi maraq” axıdılan körpə göz yaşına dəyməz. Ölkə sükanı arxasında duran birinci şəxsin görəvidir ki, yaşana biləcək kataklizmləri qabaqcadan görsün, nəticələrini hesablasın; digər siyasi qüvvələrlə dinc barış şanslarını düzgün qiymətləndirib də “qızıl orta”nı itirməsin.
İkincisi, ölkə siyasi yönətimləri özlərinin mənasız inadkarlıqları ilə məkrli xarici qüvvələrin, konkret halda imperiyanı bərpa eləməyi hədəf götürmüş Putin Rusiyasının əlinə yeni tutarqalar verməməlidir. Yanukoviç isə nə tarixi dönəmin əhəmiyyətini düzgün qiymətləndirib vaxtında öz xalqı ilə dil tapmaq şanslarına doğru-dürüst dəyər verdi, nə də “qızıl” ortanı öz zəif siyasi fəhmi ilə duymağı bacardı.
Əksinə, bütün ənənəvi və özündənrazı diktatorlar, avtoritar liderlər kimi o, güc strukturlarına, “Berkut”a, qoçu dəstlərinə arxalandı. Halbuki ölkədə vaxtından əvvəl parlament və ya prezident seçkiləri keçirilməsinə razılıq vermək, yaxud avrointeqrasiya ilə bağlı referenduma getmək kifayət idi ki, ortam böyük ölçüdə yumşalsın, onlarla günahsız insan həyatını itirməsin, Yanukoviçin özü isə siyasi meyitə çevrilib ölkədən qaçaq düşməsin. Onsuz da hakimiyyət enində-sonunda xalq, müxalifət deyəni elədi və edəcək. Rusiya və Avropa ilə ikili oyun oynayan Yanukoviç və komandası bunumu arzulayırdı?
Böyük fransız mütəfəkkiri və diplomatı Taleyrana görə, “Düşmənlərin sayını artıran siyasət yaxşı siyasət deyil”. Siyasətçi üçün tarixi dönüş məqamlarında “qızıl orta”nın əldən verilməsi, hakimiyyət olimpinə qayıtmaq və öz xalqı ilə anlaşmaq şansının itirilməsi isə siyasi intihara bərabər sayılır. Bəli, hakimiyyəti nə vaxtsa qaytarmaq olar, ancaq xalqın gözündən düşən liderin, siyasətçinin, onun qurucu deyil, dağıdıcı dəstəsinin reabilitasiyası mümkün deyil.
“Ukraynada Azərbaycanın da taleyi həll olunur” deyəndə öncəliklə bu dərs nəzərdə tutulmalıdır. Bəzən hansısa dairələr özünütəsəlli naminə iddia edir ki, Ukrayna Azərbaycan deyil. Sözsüz ki, Avropaya coğrafi cəhətdən yaxınlıq, daha doğrusu, Avropa Birliyi ilə həmsərhədlilik, xristian amili, ərazi və əhali sayının ciddi şəkildə Azərbaycandan üstünlüyü, rusdilli vətəndaşların toplumun mühüm bir kəsimini (40 faiz) təşkil eləməsi, böyük neft-qaz resurslarının yoxluğu Ukraynanın əsas özəllikləridir.
Ancaq bənzər talenin anonsunu verə biləcək oxşarlıqlar da yetərincədir. Məsələn, hər iki ölkə sovet şinelindən çıxıb və hakim oliqarxik idarəçiliyin, xalqın mental xüsusiyyətləri baxımından xeyli yaxındır; Azərbaycanda rusdilli əhali çox olmasa da, Ukraynadakı kimi bizdə də güclü “rus barmağı” qalır, çünki Dağlıq Qarabağ problemi var, Kremlin şimalda, şimal-qərbdə yeni separatçılıq ocaqları yaratmaq ehtimalı aradan qalxmayıb, hər iki dövlət Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının, Qərbin GUAM layihəsinin aparıcı üzvləridir və s.
Ancaq hətta bütün bu sadalanan amillər də əlahəzrət xalq faktorunun yanında heç nədir. Odur ki, narazı və qəzəbli xalqa iş-işdən keçəndən sonra yox, həmin xalq küçələrə çıxanadək hörmət qoymaq lazımdır!
P.S. Yazı Viktor Yanukoviçin istefa xəbərindən öncə yazılıb.