Yəqin gördünüz, “Sovetski”dəki aksiyada Milli Şuranın son mitinqindən qat-qat artıq adam vardı. Yəni kimlərsə müxalifətin sıradan çıxarılmasına çox da sevinməsin. Elə hakim düşərgənin içərisindəki radikal qruplaşmanın fəaliyyəti nəticəsində ölkədə müxalifətsiz də istənilən vaxt vətəndaşların gözlənilməz etiraz tədbirlərinə şahidlik edə bilərik. Necə ki, son bazar bunu gördük. Bakının məşhur məhəlləsinin sakinləri qışın bu vədəsində minimum kompensasiyanın qarşılığında ev-eşiklərindən didərgin salınmalarına dözə bilməyib küçəyə axışdılar. Nə Hacıbala müəllimdən icazə istədilər, nə də…
Bu, ciddi xəbərdarlıq olmalıdır. Əslində ayrı-ayrı radikal qruplaşmaların hədələrinin eşidildiyi, böyük güclərin təhdidinin davam etdiyi bir məqamda paytaxtda bu sayaq spontan aksiyaların keçirilməsi hakimiyyəti narahat etməlidir. Hər an prosesləri ayrı səmtə çevirə biləcək planlar işə salına, qarışıqlıq yaradıla bilər. Yeganə çıxış yolu isə vətəndaşı razı salmaqdır. Şəxsi mülk sahibi diktə edən tərəfdir, ondan əmlakını zorla almaq olmaz. Yaxşı ki, aksiyaya polis müdaxiləsi olmadı, kim bilir proseslər hara aparardı. Bu insanları qışın günündə küçəyə çıxmağa vadar edən səbəbləri aradan qaldırmaq yeganə həll yoludur. Onlar qeyri-qanuni bir şey tələb etmir ki…
Birilərinə Ana Qanunun tələbini xatırlatmağın yeri var. Konstitusiyanın 29-cu maddəsində deyilir: “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Maddə 31-də isə deyilir ki, “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır”. Əgər bu hüquq qorunsaydı, adamlar evindən didərgin salınmaz, günün istənilən vədəsində ekskavatorlu məmurlar vətəndaşın evinə “qonaq” gəlməzdi.
Düzdür, bəzi səlahiyyət sahibləri üçün qanun anlayışı yoxdur. Məmur vətəndaşa çımxırıb “ə, nə Konstitusiya” deyirsə, vəziyyət məlumdur. Elə isə prezidentin dediklərini xatırladaq: “İnsan amili bizim siyasətimizin prioritetidir”; “Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır”. Bu, birinci şəxsin mövqeyidir. Ancaq özünü prezident komandasının üzvü hesab edən səlahiyyət sahibləri bu tövsiyələrə əməl etsəydi, “Sovetski” aksiyası olmazdı. “Mən xalqın xidmətçisiyəm” deyən ölkə başçısının son sərəncamları ilə ASAN-Xidmətin dairəsi genişlənir. Ancaq müəmmalısı budur ki, ASAN-a qarşı bir “ÇƏTİN layihə” də işə salınıb. “Sovetski” nümunəsi ortada. Şübhə yoxdur ki, hakimiyyət daxilində də islahatlara qarşı çıxan qüvvələr var. Onlar arxayındır ki, hər bir addımları dövlətin, birinci şəxsin adına yazılacaq. Odur ki, əl altdan istədiklərini edirlər. “Sovetski”dəki proseslər zorakı qaydada həllini tapacaqsa, Azərbaycanın adı yenə mülkiyyət hüquqlarının pozulduğu ölkələr sırasında çəkiləcək…
Deyirlər “Sovetski”nin sökülən ərazisində park salınacaq. Üz-gözü bu məkana öyrəşmiş vətəndaşları evindən sürgün edəndən sonra orda tikiləcək park kimə lazımdır? Sən vətəndaşın istirahətini düşünürsənsə, öncə onun yaşamaq haqqını tanı, həyatına zəhər qatma. Bir də ki, Bakının neft pullarından bir az da onun sakinlərinə vermək olmazmı? Ayağının altından çıxan neft-qaz Avropanı bəzəyə, özün qışın oğlan çağı küçələrə düşüb yaşadığın yer, məhəllə uğrunda mübarizə aparasan, bax, bu, böyük faciədir.
Tarixən fəlakətlər görmüş Bakı, onun əhalisi bu cür münasibətə layiq deyil. Əslində bakılılarla Qəhrəman Şəhərin sakinləri kimi davranılmalı idi. Xatırlayın – Bakıda ermənilərin törətdiyi qırğınları, 30-cu illərdəki repressiyaları, Nargində dənizə tökülən, Sibirə sürgün edilən, 1941-45 müharibəsini neftlə təmin edən insanları, 20 yanvar qırğınına şəhidlik və şahidlik edənləri. Və etməyin. Hər məhəlləsində tarix yatan Bakını dağıtmaq, elə bakılıların özünü bu sayaq pərən-pərən salmaq böyük günahdır. Sonra axtardığımız Bakını tapa bilməyəcəyik. Heç “yenə bu şəhərdə üz-üzə gəldik” də deyənimiz olmayacaq, çünki Bakını tanımayacağıq. Belə getsə, bir köhnə məhəllə qalmayacaq. Heç olmasa kino çəkmək üçün…
P.S. Böyük kino xadimlərimizdən biri Abbas Mirzə Şərifzadə Şamaxı zəlzələsindən sonra Bakıya köçərək indiki “Sovetski” məhəlləsində yaşayıb. Bununla bağlı onun yaşadığı ünvanın üzərinə lövhə də vurulmuşdu. Görəsən həmin tikilini buldozerə verəndə o lövhəni neyləyəcəklər?