Azərbaycanın müstəqilliyi tarixində cəmiyyətdə bunca neqativ enerji toplanmamışdı yazsaq, yanılmarıq yəqin ki. Ölkədə bütün sosial qatları və yaş qruplarını əhatə edən, günü-gündən artan suisidlər şübhəsiz, öncə bu neqativ enerjidən fərdi şəkildə qurtulmaq cəhdi ilə bağlıdır; lap dəqiqi, emosional boşalmanın başqa üsullarının tapılmamasından yana bir individual çıxış yoludur bu.
Hərgah, problem çoxdan fərdi deyil, ictimaidir. İqtidar mənsubları bunu məqsədli şəkildə individuallaşdırmağa çalışsalar da, acı gerçək budur ki, Azərbaycanda son illər qeydə alınan intiharların əksəriyyəti sosial problemlərlə, vətəndaşların elementar haqlarının xroniki və qaba surətdə tapdanması ilə, qısası, total hüquqsuzluqla bağlıdır.
Çünki dövlət öz vətəndaşına sahib çıxa bilmir, çıxmaq istəmir, sanki bu, onun missiyasına daxil də deyil. Dövlət vətəndaşını unudub, onu taleyin ümidinə buraxıb. Son ümid yeri kimi həmin dövlətin ədalətinə sığınan vətəndaş isə ondan da əlini üzəndən sonra aydındır ki, yaşamağın anlamı qalmır və…
Dövlətin əsas təyinatı xalqın, onun fərdlərinin daha yaxşı və təhlükəsiz yaşamasıdırsa, fəqət, bu funksiyasını yerinə yetirə bilmirsə, yalnız kiçik bir zümrənin maraqları yolunda zor aparatına çevrilibsə, o zaman belə dövlət cəmiyyətin, onun fərdlərinin nəyinə gərək ki?
Doğru, intiharlar inkişaf eləmiş ölkələrdə də baş verir. Ancaq Azərbaycandakı suisidlərin səbəbi xeyli dərəcədə özünəməxsusdur, bənzərsizdir və ən əvvəl ölkədə kök salmış antihumanist bir ictimai-siyasi formasiyadan qaynaqlanır. Buna növbəti sübut qismində ordudakı intiharları göstərmək olar: gənc hərbçilər də total hüquqsuzluqdan öz həyatlarına qəsd etmirlərmi?!
Azərbaycandakı mövcud quruluşun qayəsində isə insana – fəhləyə, kəndliyə, ticarətçiyə, müəllimə, həkimə, hakimə, ziyalıya, hərbçiyə, tələbəyə, hətta uşağa layiq olduğu dəyərin verilməməsi dayanır. İnsanın, vətəndaşın konstitusiya və qanunlarla təsbit edilmiş təməl haqları hər gün tapdanırsa, o sırada seçib-seçilmək hüququ, hökumətləri vaxtaşırı dəyişmək hüququ vətəndaşın əlindən alınırsa, seçici səsi illər uzunu seçkilərdə heç bir önəm daşımırsa, vətəndaşın savadı, peşəsi, talantı özünün və ailəsinin ruzisini qazanmağa yetmirsə, daha betəri, hakim qüvvə ondan zombi düzəltməyə israrla çalışırsa, bu, artıq şəxsi deyil, ictimai bəlaya çevrilir.
Axtarsan cəmiyyətdə günbəgün böyüyən ekstremizm təhlükəsinin də bir ucu elə həmin o əcaib formasiyaya gedib çıxır, ölkədə din amilinin qulaqardı edilməsindən, dini təhsilə və maarifləndirməyə yuxarıların barmaqarası baxmasından mənbə götürür.
İnsana qarşı dəyərsizlik isə yekunda mütləq dəyər verməyənlərə qarşı daxildə neqativ enerjinin yığılmasına stimul verir. Bu, labüddür, zira makro-orqanizmin özünüqoruma instinktindən irəli gəlir.
Əfsus ki, toplumda neqativ enerjiyə bais olanlar hələ ki, “fərdi partlayışları” seyr eləməklə məşğuldular. Sanki baş verənlərin onlara aidiyyəti yoxdur. Sanki insanların canına qıymasında onların zərrəcə suçu yoxdur. Bəs birdən cəmiyyətdəki neqativ enerji fərdi şəkildə yox, topa halında və fərqli formada çıxdı, onda nə edəcəksiniz?
Məsul dairələr hələ ki, “İntiharlar bütün ölkələrdə yaşanır” tipli izahlarla özlərinə təsəlli verməkdədirlər. “Korrupsiya bütün ölkələrdə var” deyiminə necə də oxşayır. Bəli, korrupsiya, suisidlər dünyanın ən qüdrətli dövləti olan ABŞ-da da var. Ancaq bizdəki ilə, onun miqyası, əhali sayına nisbəti və səbəbləri ilə müqayisəyə gələrmi? Axı, bizdə bu səbəblər qısa müddətdə və yüzdə 90 aradan qaldırandır!
ABŞ və Azərbaycandakı intiharların, korrupsiyanın bir mühüm fərqi də elə odur ki, orada dövlət, hökumət, iqtidar bütün resursları ilə, var gücü ilə hər iki bəla ilə mübarizə aparır, bu mübarizə bir gün də dayanmır, bizdə isə tərsinə – korrupsiyanın başında dövlətin, hökumətin özü durub, korrupsiya ilə, suisidlərlə mübarizə nəinki aparılmır, əksinə, onlar hər gün stimullaşdırılır.
Bu mənada insana qiymət verən və ədalətli qanunları hamı üçün eyni gücdə olan dövlətlər daim var olacaq. Bəs, vətəndaşlarını potensial kamikadzelərə çevirmiş Azərbaycan dövləti necə, onu hər an təhdid edən altındakı “barıt çəlləyi”ndən qurtula biləcəkmi?