Tez-tez olur, iki çəkişən, dartışan, dalaşan tərəfin birindən nəsə yazırsan, yazı çıxandan on dəqiqə sonra ittiham hazırdır: “O tərəfdən pul alıb onun tərəfində durur, üstümüzə qərəzli hücuma keçirlər”.
Sən də tənbəllik eləmirsən, bu dəfə o biri tərəfdən nəsə yazırsan (heç bir tərəf mələk olmadığına görə yazmağa bir şey tapmaq çətin deyil), onda da dünən səndən razı qalan tərəf hiddətlənir: “Getdilər, onlardan pul aldılar, indi tüfəngi bizim üstümüzə çevirdilər”.
Adam arlanır, istəyir bu mövzuya daha toxunmasın. Belə olanda ittiham oxucudan gəlir: “Alacağınızı aldınız, dincəldiniz? Daha o mövzuda niyə yazmırsınız?”
Qınamalı da deyil, ölkə elə bir gündədir ki, hər gün yüz minlərlə adam 20 qəpikdən başlayaraq 20 (200) milyona qədər həcmdə dövr edən xaltura, rüşvət, korrupsiya və sair maxinasiyalarda iştirak edir, bu da onlarda hər şeyin alınıb-satıldığı, pul gücünə düzülüb-quşulduğu barədə təsəvvür yaradır.
Budur, “Xəzər-Lənkəran”-“Neftçi” davasının növbəti taymının səs-küyü yatmamış ordan-burdan iradlar gəlir: “AFFA-dan, ”Neftçi”dən, Rövnəqdən niyə yazmırsınız?”. Sonra ittiham səslənir: “Ağzınızı mumlayıblar, eləmi? Neftin pullarından sizə də dadızdırıblar, yəqin”. Daha sonra təklif səslənir: “Rövnəq Abdullayevdən, ”Neftçi”dən də yazın”.
İş ki belədir, yazaq, hesab bərabərləşsin.
Lap çoxdankı şəxsi qənaətimə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bu ölkədə futbola dəxli olan adamların 100 minlik siyahısına düşmür. Onu AFFA-ya futbol azarkeşi, bilicisi, mütəxəssisi Rövnəq Abdullayev olduğuna görə yox, ARDNŞ prezidenti olduğuna görə qoyublar. Sabah o, ARDNŞ prezidenti postundan gedəndə avtomatik olaraq AFFA-dan da gedəcək. Ondan sonra bu vəzifəyə ARDNŞ-in yeni prezidentini qoyacaqlar.
İndi bu xeyir iş nə vaxt baş verəcək, bilmirəm. Məndən olsaydı, bu gün axşam baş verərdi və mən də evdən redaksiyaya zəng edərdim ki, yazım öldü, verməyin. Redaktorlar da deyərdilər: “Qoy qalsın, sadəcə, P.S. yazarıq ki, bu yazı Rövnəq Abdullayevin istefasından əvvəl, gündüz saatlarında yazılıb”.
Amma bu ölkədə çox şey bizim arzuladığımız kimi olmur. Olsaydı, nə vardı ki, heç FİFA-nın reytinq cədvəlində də ilk yüzlüyün axırında yox, minimum 50 reytinqli komandadan biri olardıq.
Yeri gəlmişkən, AFFA prezidenti olduğu vaxt pişiyi ağaca dırmaşdırılan, iti bulvara buraxılmayan, özü yaltaq mediada ağ yuyulub, qara sərilən Fuad Musayevdən sonra FİFA-nın reytinq cədvəlində irəliləyəcəyimizi düşünürdük. Rövnəq müəllimin vaxtında uzun müddət ilk yüzlüyə düşmədik, indi-indi 93-cü yerdəyik, o da Lüksemburq kimi möhtəşəm komandalarla heç-heçə oynayıb 1 xal qazanmağın hesabına.
İllərdir yazırıq ki, Berti Foqts Azərbaycan futbolunun yaralı barmağına ilk tibbi yardım belə qoya bilmək iqtidarında deyil, amma nə xeyri var. Sanki onu sırf bu cür yazanların acığına, dirəşib saxlayır, ildə bir neçə milyon avro verirlər. O da arada gəlir milli komandanın bazasına baş çəkir, sonra qayıdıb öz ölkəsinə gedir. Elə bil, fon Foqts baş məşqçi deyil, FİFA-nın monitorinq aparanıdır.
İndi gələk “Neftçi”nin üzərinə. Bu komandaya flaqman deyirlər, həm ona görə ki, vaxtilə bütün Azərbaycanı təmsil edib, həm də ona görə ki, neft ölkəsinin ən varlı-hallı şirkətindən qidalanır, AFFA prezidentinin doğma, əziz komandasıdır.
Olsun. Amma bu, o demək deyil ki, bu komanda rəqiblərini hakim gücünə udmalıdır və axırda çempion olmalıdır. Belə çempionluğun axırı hər dəfə Avroliqada biabırçılıqla bitir. Görürsən, Polşanın, Slovakiyanın, ya Makedoniyanın ortabab bir komandası gəlir, “Neftçi”ni burda da udur, qayıdıb gedir, öz meydançasında da udur.
Əlbəttə, Madridin “Atletiko” komandasının oyunçularının sinəsində yazılmış “Lanf of Azerbaijan” sözünü oxumaq xoşdur, adam istər-istəməz qürur duyur, amma biləndə ki, bütün bu quru şöhrət çələngi milyonlarla dollara başa gəlir, adam təəssüflənir.
Üç-dörd gündür ölkədə yüz minlərlə adam fikirləşir ki, bu cür bahalı, dava-dalaşlı, qalmaqallı, iyrəncliklərlə dolu idman növü bizə çoxmu lazımdır? Ortada düz-əməlli oyun yoxdur, ancaq pis-pis oyunlar oynanılır. Ayının yüz oyununun bir armudun başında olduğunu da unutmayaq, pojaluysta.