Avropa Parlamenti Azərbaycanda 9 oktyabr prezident seçkilərinə demokratik don geydirən 7 deputatını cəzalandırmaq qərarı verib. Gözlənilən idi. Çünki Avroparlament Rusiya başda olmaqla Şərqi Avropanın avtoritar ölkələrinin meydan suladığı və çoxdan kolxoza çevrilmiş Avropa Şurası deyil. Avropa Birliyinin əsas orqanı, strukturu kimi ciddi və hörmətli qurumdur.
Hələ ötən ilin noyabrında bu qurum oktyabr seçkilərinin beynəlxalq standartlara uyğun keçirilmədiyi barədə Azərbaycan iqtidarının qəzəbinə tuş gələn qətnamə qəbul edərək ATƏT DTİHB-in məlum mövqeyini dəstəkləmiş, hansısa maddi, korporativ və şəxsi maraqların qarşılığında seçkiyə müsbət rəy vermiş, bununla da Avropa Birliyinin söykəndiyi ümumbəşəri dəyərlərə, təməl prinsiplərə tüpürmüş 7 avroparlamentardan məsafə saxladığını ortaya qoymuşdu.
Bu, o avrodeputatlar idilər ki, seçkilərdən az sonra onlar haqda kompomat olması barədə Avropa və Azərbaycan mediasında şok məlumatlar yayılmışdı. Göründüyü kimi, tükü tükdən seçməyi bacaran avropalılara məlumatların səhihliyini yoxlamaq üçün çox vaxt lazım gəlməyib və Avropa Birliyini də, təmsil elədikləri ölkələri də nüfuzdan salan başabəla deputatları cəzalandırmaq, cərimələmək qərarını qətiləşdiriblər.
Dünən Avropa Parlamentinin Məşvərət Komitəsi tənbeh məsələsinə baxıb konkret qərar çıxarmalı idi. Yəqin ki, belə də olub – onlara bəraət-filan tanınmayacaq. Ələlxüsus indi – Ukraynada Qərblə Rusiya arasında dəyərlər savaşı özünün həlledici fazasına qədəm qoyduğu vaxtda bu cür barışmaz mövqenin sərgilənməsi olduqca prinsipial əhəmiyyət daşıyır və öncəliklə də postsovet məkanının demokratik qüvvələrinə stimullaşdırıcı, gümrahlaşdırıcı bir mesajdır.
Eyni zamanda avtoritar rejimlərin kürkünə təptəzə birə salan bir olaydır, yenilikdir. Yeri gəlmişkən, görəsən YAP qırğıları buna nə deyəcəklər? Növbəti rüsvayçılıqdan necə çıxacaqlar? Budəfəki (beynəlxalq) qalmaqala hansı donu geydirəcəklər? Yenəmi məsələdə mifik “erməni” barmağı axtarıb hakimiyyətə olan təzyiqləri, ittihamları aparıb ənənəvi şəkildə Azərbaycan dövlətçiliyinə bağlayacaqlar? Ən ümdəsi, qalmaqaldan nəticə çıxarıb da Azərbaycanda heç olmasa, normal bələdiyyə seçkiləri keçirəcəklərmi?
İnanmırıq. Əgər mövcud hakimiyyət ona ünvanlı haqlı tənqidləri illərdir süngü ucunda, aqressiv qarşılayırsa, konstitusiyanı belə bəşəri dəyərlərə zidd olaraq bir nəfərin əbədi prezidentliyi üçün dəyişdiribsə, real görünmür təbii ki.
Köklü dəyişiklik isə artıq iki halda mümkün görünür – ya daxildən, ya da xaricdən hakim idarəçiliyi demokratik seçkilərə məcbur edəcək təzyiqlər yetərli səviyyəyə çatdıqda. Və ya daxili və xarici amillər eyni vaxtda hərəkətə gəldikdə – Ukraynadakı kimi.
Hələ ki Azərbaycan iqtidarı özünü “yaşıl zolaq”da, “toxunulmazlıq adası”nda hiss eləməkdə davam edir. Ancaq bu zolaq və toxunulmazlıq bitəcək. Vaxtı da təxminən bəlli: Qərb Ukraynada Rusiya ilə geosiyasi haqq-hesabı çürüdəndən sonra diqqət və potensialını dünyanın ən qədim imperiyasının sonuncu dayağı olan Güney Qafqaza yönəldəcək. Kimsənin quşqusu olmasın.
Əgər Azərbaycanın hakim elitasında uzaqgörənlər qalıbsa, qoy indidən bu haqda düşünsünlər. Ciddiyə alsınlar ki, 7 avrodeputata verilən cəza təkcə yerdə qalan avroparlamentarlara deyil, həm də postsovet məkanındakı avtoritar rejimlərə özlərini yığışdırmaq barədə xəbərdarlıqdır…
Müdriklə ağıllı arasında fərq barədə o qiymətli kəlam necə idi: “Ağıllı istənilən qəliz vəziyyətdən məharətlə çıxır, müdrik isə belə vəziyyətlərə ümumiyyətlə, düşmür”. Vəziyyət isə doğrudan da qəlizdir və gündən-günə daha da mürəkkəbləşməkdədir.
Yəni müdriklikdən artıq keçib. Yüz faiz keçib. Baş verənlərdən sonra Avropanın göbəyində, “Köhnə qitə”də bundan sonra 7 demirəm, bircə YAP sevdalı avrodeputat tapmaq sizə asan gəlməsin.