Özünü öymək kimi çıxmasın, mənim oxucularımın içində çox yaradıcıları var, durub-durub elə pritça, hədis, şeir, esse, informasiya yazıb göndərirlər ki, bəlkə də 15 ilin əkə-bükə yazarlarının yazdıqlarından yaxşı olur.
İntəhası, çoxu adının çəkilməsini istəmir: biri təvazökardır, biri utancaqdır, birinin başqa sahədə tanınmışlığı var, biri də hələ özünü püxtələşmiş saymır, yazdıqlarını bir az da təcrübə toplayandan sonra öz imzası ilə dərc etdirməyi düşünür.
O gün bir oxucum (yeri gəlmişkən, o, bu ölkədə yazanların hamısının oxucusudur, sadəcə, lovğalıq olmasın, mənə hörməti altı işarə artıqdır) əla bir yazı yazıb göndərmişdi, iki hərfini düzəldib öz imzası ilə sayta qoyduq, amma zəng elədi ki, heç olmasa soyadımı çıxarın, quruca adım qalsın. Elə də etdik, dedik, yəqin məsləhət belədir.
Beş-on dəqiqədən sonra həmin oxucum imzasını paralamasının səbəbini yazdı. Heç demə, bəyin işlədiyi təsisatın müdiri onun arada yazı-pozu yazdığını bilir və bir söz demir, amma şirkətin rəhbərliyinin bu işdən xəbəri yoxdur. Oxucu-yazar əmindir ki, onun müxalifət qəzetinə yazı yazdığı yuxarılarda bilinsə, heç nə eləməsələr də, firmanı yerli-dibli bağlaya bilərlər. Hətta keçən il bir yazısı çap olunanda müdir onu yanına çağırıb, deyib ki, bax, şəklin burda, imzan burda, başımıza iş açacaqsan, sənin müxalifət qəzetində nə işin var. Bu da xeyli dərəcədə hazırcavab adamdır, çıxarıb o biri qəzetləri qoyub müdirin masasının üstünə, deyib ki, bax, bunlarda yazıblar ki, onlar (yəni biz) hökumətə işləyirlər, ona görə də qəti qorxusu yoxdur. Müdir də deyib, eloğlu, indi mənə ağıl öyrədəcəksənmi, mən bilmirəmmi kim kimə işləyir.
Bir oxucum da var, nəzm ustasıdır, satirik şeirlər yazır və hərdən göndərir ki, məsləhət olsa, bunu çap edin. Bir dəfə demişəm ki, bəradər, ocaq haqqı, şeir verə bilmirik, nə vaxtsa xətirə bir səhifə şeir verəndə redaksiyamız kulis.az saytına dönür, xeyli şeir, qəzəl göndərirlər, ona görə də ən yaxşısı publisistik yazıdır. O da deyir ki, öz publisistik fikirlərini şeirlə qələmə alır, ona belə daha rahatdır. Şair qardaş əlavə edir ki, muxtar şəkildə çap olunmağa iddia etmir, amma o şeirlərdən öz yazılarımızda bəhrələnsək, etiraz eləməz.
Belədirsə, onda türkün sözü, sakıncası yoxdur. Qələm dostum bu dəfə futbol qumarxanalarından yazıb. Onun şeiri “Apardın, pulları verdin ”Topaz”a” adlanır və aşağıdakı kimidir:
Durum sənə ta nə deyim, a kasıb,
Qafanı tutummu şillə-qapaza?
Oğul-uşağının ağzından kəsib,
Apardın, pulları verdin “Topaz”a.
Kişi, başın çıxmır sənin futboldan,
Yaxşı tanımırsan sən “Liverpul”u.
Heç-heçə yazırsan, döşəyir qoldan,
Uduzan kim olur? Di get ver pulu.
Qardaş, bu qumardır, yekə bir qumar,
Buna pul qoyanın udubmu biri?
Qumar düzəldənlər mənfəət umar,
Tələyə qoyarlar müftə pendiri.
Kasıb, ümid olma katalonlara,
Qələbə qazanmaz hər dəfə “Barsa”.
Qumarbaz “Bwin”dən haqq alanlara,
Güvənmə, bir misqal kamalın varsa.
Birisi sürürdü küçədə “Passat”,
Satdı, parasını “Topaz”a verdi.
Uduzdu, əlində qalmadı hessad,
Nəyi var, itirdi, güdaza verdi.
Kasıb, girmə qəti o oyunlara,
Bil, futbol qumarı aşar boyunu.
Gedib dadanarsan cib soyanlara,
Təxirə salarsan hər il toyunu.
Sayma ki, bir günə yüz min qazana,
Sən çıxa bilərsən bu durumundan.
Yüz min sənin kimi hesab yazan var,
Durublar “Topaz”ın uçurumunda.
Milyardlar dolaşır bu pis qumarda,
Ölkənin hər yanı Las-Veqas olub.
Birinin hələlik şansı tumarda,
Mininin qarnına sancılar dolub.
Bu işdə pul yoxdur, binəva kasıb,
Bunun ətək-ətək, israf-xərci var.
Yoxdur bu oyunda şən hava, kasıb,
Adamı havasız edən borcu var.
Necədir? Bax, bu cür şeir və sair yaradıcılıq məhsullarınız varsa, göndərin gəlsin. İstərsəniz, imzanızı bütöv qoyaram, istəməzsiz, yarısını yazaram. Heç birini istəməzsiz, anonim qalarsız, ta neynəyək.