Kosmosdakı ilk milli peykimizin 1 yaşı tamam oldu. Deyirlər 30 aydan sonra ikinci peykimizi də göyə uçuracağıq. Olsun, necə deyərlər, Azərbaycan dövlətinin və xalqının adına fəxrdir. Adamın ürəyindən keçir ki, kaş bütün sahələrdə belə sürətli inkişafa nail olaydıq. Ancaq araşdıranda görürük ki, inkişafdan danışarkən bir çoxları “barıtı”nı çox eləyir. Məsələn, bu gün neft ölkəsinin vətəndaşları çörək ardınca qonşu ölkələrə səpələnirsə, kəndlərdəki hər beş evdən birinin qapısı bağlıdırsa, çox da öyünməyə dəyməz.
Allah bu məmləkətə hər şey verib, hətta Ağdərədəki, Kəlbəcərdəki qızılımızı bu gün ermənilər daşıyıb aparır. Yetər ki, insanlar üçün minimum yaşayış imkanları yaradılsın, iş yerləri açılsın, orta məktəbi bitirən yeniyetmələr Bakıya axışmasın. Deyirlər Abşeron rayonunu ləğv edib ərazisini Bakıya birləşdirmək planı var. Daha Bakının ərazisi bu yükə dözmür. Bir ölkənin əhalisinin üçdə biri onun paytaxtında yaşayırsa, bu, böyük fəlakətdir.
Amerikalı mütəxəssislər Bakıda dəhşətli zəlzələ olacağı haqda xəbərdarlıq edib. Kim bilir, bəlkə nüvə dövləti olan Rusiyanın Azərbaycana tektonik silahla zərbə endirmək, “zəlzələ” adı altında onu sərt şəkildə cəzalandırmaq planın var. Moskva bölgədən çıxmamaq üçün hər şeyə gedər, necə ki, Gürcüstanda bunu gördük. SSRİ-nin 1976 və 1984-ci illərdə Özbəkistanda, 1989-cu ildə Ermənistanda süni zəlzələ törətdiyi barədə vaxtilə çox yazılıb, Rusiya da onun varisidir və Azərbaycana qəzəblidir. Soçi Olimpiadasının açılışında Azərbaycanın xəritəsində Dağlıq Qarabağı dumanla “gizlətməkdən” də utanıb-çəkinmədi. Bu mənada Xəzər donanmasının hansısa “sınaq”ları Bakının başında çatlaya bilər…
Allah eləməmiş Bakıda güclü zəlzələ olsa, Azərbaycanın hansı vəziyyətə düşəcəyini təsəvvürə gətirmək belə adamı dəhşətə gətirir. Əhalinin az qala yarısı, ölkəni ayaqda saxlayan neft infrastrukturu, ümumən hər şey Bakıdadır. Son illərdə xərclənən 60 milyardlıq neft pullarının böyük hissəsi məhz Bakıda xırıd edilib. Hər il büdcədən Bakıya milyardlar ayrılır, paytaxt ağzını açıb o pulları əjdaha kimi “udur”. Nə paytaxtın istilik problemi həllini tapıb, nə yolların təmiri bitib, nə binaların ağardılması prosesi başa çatıb, nə işıq, nə su təchizatı yaxşılaşıb. Elə son həftələrin sərt hava şəraitində paytaxtımızı bir daha “tanıdıq”. Hələ bu 9-10 ballıq zəlzələ deyildi, 9-10 dərəcə şaxta idi. Budur, təmirə dayandırılacaq yolların növbəti siyahısını açıqlayıblar. Deməli, bizi yenə dəhşətli tıxaclı aylar gözləyir. Bakının küçələrinə səpilən pulların yarısı rayon və kənd yollarının təmirinə, iş yerlərinin açılmasına xərclənsəydi, nə paytaxta bu qədər axın olar, nə də bölgələr boşalardı. Heç gör Amerika alimlərinin zəlzələ xəbərdarlığı vecimizədirmi? Biz göydələnlərimizi tikməkdəyik, hansı ki, seysmik zonada belə binaların tikintisi yolverilməzdir.
Bakıdakı binaların ağardılmasına, eyvanların tikilməsinə, sonra o binaların sökülməsinə sərf edilən pullarla 200 minlik yeni paytaxt salmaq olardı. Bakı da öz qədimliyini saxlayar, bu, turistlər üçün də cəlbedici olardı, vətəndaşlar da rahatlıq tapardı. Bakıdakı əyri, şüşəli binalarla əcnəbiləri heç zaman heyrətləndirmək mümkün olmayacaq. Azərbaycanın neft gəlirlərinin tez xərclənməsini istəyən əcnəbilər çox hallarda Bakının inkişafından “heyrətə gəldiklərini” nəfəs dərmədən deyirlər ki, bu pulların başına daş salıb qurtaraq. Budur, Bakıda daha 10 min evin söküntüsünə başlanılıb, ancaq hələ ortada Bakının Baş Planı yoxdur! Olmaya Heydər Əliyev prospektindəki təmir olunmuş beşmərtəbələr kimi Bakını yenidən sökəcəklər, Baş Plana uyğun tikmək üçün…
2014-cü ilin büdcə xərcləri 700 milyonluq kəsirlə qəbul olundu. Növbəti illərdə vəziyyət daha ağır ola bilər. Bizimsə həll olunası işlərimiz hələ çoxdur, göydə peykimiz olsa da. Biz hələ müəllimə, həkimə normal maaş, tələbəyə, pensiyaçıya normal təqaüd verə bilmirik. Nə olsun ki, xalq artistinin təqaüdü 600 manatdır, bizim Qarabağ döyüşçümüz 33 manat (!) alır. Soçi Olimpiadasına gedən əcnəbi (!) idmançılarımıza (?) qızıl medala görə 510 min vəd olunması ilə də çox öyünməyək, on minlərlə gəncimiz evsizlikdən subay qocalır. Nəhayət, bizi günün birində düşmənlə savaş gözləyir, Qarabağı qaytarmaq istəsək, bəs, tankı hansı pulla alacağıq? Neft pullarının Bakı üçün sürətlə xərclənməsi zəlzələ xəbərdarlığı qədər qorxulu faktdır.