Dünən daha bir xalq artistini gizli videosu yayılıb. Saytlar yazır, sosial şəbəkə dağılırdı, şərh-şərhə calanmışdı. Əslində burada xəbəri maraqlı edən nüans “video” sözündən əvvəlki “gizli” kəlməsidir. Yoxsa xalq artistlərinin, əməkdar artistlərin, əməkdar incəsənət xadimlərinin, hətta bu fəxri adları almaq üçün həsrətlə gözləyən manısların videoları çoxdur və bir gün beynəlxalq Youtube saytı onların əlindən cırılacaq.
“Gizli” kəlməsi kifayətdir ki, həmin artistin ən yaxşı klipinin illərlə toplamadığı baxış sayı bir günün içində toplansın. Xalqımız “gizli videolar”a çox maraqlıdır – xüsusilə də artistlərin, siyasətçilərin, jurnalistlərin “gizli videoları”na.
Məsələn, beş-altı il bundan qabaq bir əməkdar artistin, daha doğrusu, əməkdar artistə oxşayan bir nəfərin şalvarsız videosu yayılmışdı, respublikada bu haqq-hesabı bilməyən qalmadı. Taksiyə minirdin, sürücü bundan danışır, avtobusda o müğənninin səsi gəlirdi, sərnişinlərdən kimsə mütləq etiraz edirdi: “Onu üzdən iraq elə, getsin, sən Allah”. Cavanlar pıqqıldaşırdı, qadınlar qızarırdı, uşaqlar soruşurdu: “Niyə elə deyirlər?”
Adamın adı pisə çıxmışdı. Sonra hər şey unuduldu getdi. Xalqımız belə məsələlərdə də çox müdrikdir, yeri gələn kimi deyir: “Kişinin başına iş gələr”.
Hərçənd ölkədəki hetereseksual çoxluq qəti əmindir ki, kişinin başına elə iş gəlməməlidir, gəlsə də gizli qalmalıdır.
Budur, sevimli müğənnimiz Ağadadaş Ağayevin başına xalqımızın mühüm bir kəsiminin qətiyyən pis baxmayacağı bir iş gəlib – onun videosunu gizli çəkiblər.
“Gizli video” deyəndə elə çıxmasın ki, ortada nəsə başqa söhbət var. Ola bilər, o videoya baxmayanlar hövllənərək gedib ona baxmaq istəyəcək və baxıb umsuq olacaqlar. Çünki Ağadadaş qardaş son 20 ildən bəri aşkar çəkilən videolarında nə iş görürsə, o “gizli video”da da o işi görür – oxuyur.
Özü də Allah tərəfi, sənətkar üçün fərqi yoxdur ki, səhnədədir, ya masa arxasındadır, kəpənək qalstukdadır, ya köynəyinin düymələri açıqdır, mikrofonla oxuyur, ya mikrofonsuz söyləyir – bütün hallarda səsi yerindədir, yaxşı da oxuyur.
Əslində o “Sevgili canan”ı əvvəllər də yaxşı oxumuşdu, elə sevgili cananların yığışdığı masanın arxasında da o cür oxuyur və burada heç bir qəbahət yoxdur.
Sənətkara yeganə minus sayıla biləcək məqam köynəyinin düymələrinin açıq olması və maykasının görünməsi ola bilər, amma burada da onun günahı yoxdur, çünki Ağadadaş qardaş xalqın qabağına, səhnəyə həmişə Çinin partiya və dövlət xadimləri kimi sonuncu düyməsinə qədər bağlanmış halda çıxıb, burda isə çəkilişdən xəbəri olmayıb.
Qoy videolarda şalvarsız çəkilənlər, səhnəyə donsuz, eləcə qolfidə çıxanlar utansın.
Əlbəttə, burada nə sənətkarı yeyib-içmək məclisində oxuduğuna görə qınamaq olar, nə də əlinə düşmüş videonu “şokkuldadaraq” yayan qəzetçiləri (onların da çörəyi “şok”dan çıxır). Burada qınanılası yeganə tərəf o videonu çəkənlərdir.
Özü də hiss olunur ki, bunu edən mahnının sonunda müğənniyə “halaldır”, “bravo” deyən sarısaç qadınlardan biridir. Adama deyərlər, ay gözəl xanım, sənətkara “bravo” dediyin nədir, onun videosunu gizli-gizli çəkməyin nə? Yaxşı deyək ki, o videonu gözəl bir gecədən həzin xatirə kimi çəkmisən, gələcək züryətlərinə, qeyrətli qardaşlarına “görün, mən kimlərlə oturub-durmuşam” deyə göstərib fors edəcəksən, bəs onu saytlara ötürmək, yaymaq, “bravo”luq sənətkarı biabır etmək nə üçündür?
Xalqımız belə hərəkətləri mentalitetə zidd sayır və qınayır. Biz Ağadadaş bəyin mahnıları ilə böyümüş insanlarıq, ona qarşı bu sayaq yanlış hərəkətlər edənlər qarşılarında bizi görəcəklər.
Gərək indən belə sənətkar diqqətli olsun, kimlərlə oturub-durduğuna fikir versin. İnsanlar etibarsızdır, dost deyib bağrına basırsan, əlindən qədəhi yerə qoyub buna “Sevgili canan” oxuyursan, bunlar da gedib özlərini axırıncı kameraman kimi aparırlar.
Xüləs, üzümü burdan Ağadadaş qardaşa tutaraq deyirəm ki, o elə bir zirvədir, küləklər (eləcə də kələklər) neyləyəcək, könlün qəmi neylər, dilin nəğmələr söylər, vecinə də alma, kişinin başına iş gələr…