Bakıya 1,5 sm qar yağdı, həyatımız iflic oldu. Hətta il yarımlıq hərbi xidmətdən sağ-salamat dönən gəncimiz Bakıda buz üstə yıxılıb öldüsə, ölkənin nəinki bölgələri, hətta paytaxtın rayonlarında əhali qazın, istiliyin kəsilməsi, suyun donması, işığın sönməsi əzabından qovruldusa, deməli, məmurların payız müşavirəsində “qış hazırıq” deməsi sadəcə bir nağıl imiş. Görən kimsə soruşacaqmı hanı qış hazırlıqlarına ayrılan yüz milyonlar, nəyə xərclənib? Hansı ki, keçən il neft gəlirlərinin pik vaxtı olsa da, son qəpiyinəcək xərclənib.
İqtisadçı alim Qubad İbadoğlu deyib ki, son 10 ildə neftdən 110 milyard gəlib gəlib, onun da 65 milyardı artıq xərclənib. Gərək elə bir cəmiyyət quraq, elə dövlətdə yaşayaydıq ki, kənardan bizə həsədlə baxaydılar. Cəmi 9,5 milyon əhalisi olan Azərbaycanın böyük potensialı olduğu halda nədən kiçik çillənin adicə şıltaqlığı qarşısında aciz qaldıq? Budur, xəbər yayılıb: “Qazsız-işıqsız qalan hövsanlılar küçədə ocaq qalayıb, çay qaynadırlar”. (“Qafqazinfo”) Burası Hövsandır, Qusar, Horadiz, Tovuzun Əlibəylisi deyil. Belə durumun varlı Azərbaycanda yaşanması çox acınacaqlıdır. Ölkəmi, onun vətəndaşını belə durumda görmək istəməzdim.
Hüquq müadfiəçisi Mirvari Qəhrəmanlı isə “Azadlıq”a “qarla bacarmırlar, mühairbəni necə edəcəklər!?” deyib. Ağrılı yanaşmadır. Nədən vətəndaş öz ölkəsində özünü bu qədər güvəncsiz, inamsız, ümidsiz hiss eləməlidir? Axı, biz torpaq itirmişik, Qarabağı azad etmək arzusundayıq. Gəlin düşünək, elementar problemlərə boyun əyən, çarəsiz duruma düşən və ümidsizləşən toplum Vətən savaşına qalxmaq üçün yetərincə gücə, qüdrətə sahib ola biləcəkmi? Təbii ki, məmləkətdə ümidsizləşmə prosesi birdən-birə getməyib. Seçki normal keçməyəndə, haqlının haqqı tanınmayanda, məhkəmə sifarişli qərar verəndə də bu inam sarsılırdı.
“Gellap” Beynəlxalq Tədqiqat Mərkəzinin 65 ölkədə keçirdiyi sorğuda Azərbaycan iqtisadi ümid reytinqinə görə 12-ci yeri tutub. Hansı ki, 2013-cü ilin əvvəlində biz daha nikbin imişik, 2-ci yeri tuturmuşuq. Deməli, biz toplum olaraq getdikcə bədbinləşirik, sabaha ümidimizi itiririk. Ən ağrılısı isə odur ki, Gürcüstanda nikbinlik səviyyəsi yüksəlib, “ölüvay” Ermənistan isə mənfi zonadan çıxıb, nikbinliyini 7 faiz artıraraq 17-ci yerə qalxıb. Sonra da deyirlər niyə Azərbaycanda intiharların sayı artır? Buyurun, “Gellap”-ın sorğusu ortadadır. Bədbinlik, ümidsizlik, inamın itirilməsi intihara aparan əsas yollardan biridir. Əgər Azərbaycanın hüquq müdafiəçisi, ziyalısı, alimi, müəllimi, həkimi üçün situasiya aydın deyilsə, bu gündən sabaha ümidi yoxdursa, onda bu, dövlət və millət üçün çox ciddi məsələdir. Bir alim-ziyalımızla söhbətdə dedi ki, danışmaq onunçün çox çətindir. Çünki “situasiya mənimçün aydın deyil, ölkədə bir qeyri-müəyyənlik var”. Bu qeyri-müəyyənlikdən xilas olmaq yolunu kimi intiharda görür, kimi də Siruyaya gedib guya “Allah yolunda vuruşmaqda”.
Suriyada həlak olmuş daha bir gəncin vaqeəsindən “Əl-Cəzirə”dən xəbər tutduq. Çıxılmaz durumda olan ailə, körpə uşaqlar, qoca ata-ana…Suriyada ölənlərimizin sayı 100-ü keçib artıq. Təkcə bu ilin ilk ayında 14 itki var. 2014-ün yanvarında Qarabağ cəbhəsindəki itkilərimiz isə 7-dir. Gənclərimiz Qarabağ savaşına köklənməli olduğu halda “ov”lanır və Əsədlə döyüşə cəlb olunurlar. Bəlkə Qarabağın qaytarılacağına olan ümidin azalmasına görə o cavanlar 450 km-lik Vətən cəbhəsinə yox, hava yolu ilə 2 min km-lik Bəşər cəbhəsinə yollanır. Azərbaycanda gəncləri yoldan çıxaran, onların beyinlərini “yeyən”lərdən fərqli olaraq Ermənistandakı bütün dairələr, başda erməni kilsəsi olmaqla gəncləri Suriyaya yox, Ağdam, Füzuli cəbhəsinə göndərir, fərqimiz budur. Deməli, ermənilər küll halında Qarabağı bizdən çox istəyir, odur ki, 20 ildir torpağımızda ağalıq edirlər.
Bu günlərdə Qarabağ cəbhəsində gərginlik davam edir. Bakıda isə daha çox ayrı məsələlərdən danşılır. Məsələn, Horadizi azad edənlərdən birini, polkovnik-leytenant Üzeyir Cəfərovu “erməniyə işləməkdə” suçlayıb təhdid edirlər. Bu ölkənin qəhrəmanına “vətən xaini” kimi yanaşılanda, müavinəti yeyilən qazi özünü yandıranda əlbəttə, Suriyaya cənnət ardınca gedənlərimiz artacaq. Vaxt var idi cənnət görmək istəyənləri Azərbaycana çağırardıq, İsa bulağına enməyə, Cıdır düzünə qalxmağa. Daha səsimiz çıxmır, səsimizi alıblar o yerlərlə birgə. Kökdən düşmüşük küll halında…