Bu günlərdə həm Ukrayna, həm də Azərbaycanın amerikalı qonaqları var. Kiyevə səfər edən Amerika senatoru Con Makkeyn polis naziri ilə görüşdən sonra barrikadalara baxmaq üçün Mixaylovsk meydanına baş çəkib, Maydana da gedəcəyini deyib. Azərbaycana gələn amerikalı qonaq Minsk Qrupunun Şəki pitisini xoşlayan həmsədri Ceyms Uorlik isə Makkeyndən fərqli olaraq nəinki Azərbaycan müxalifətinin “Məhsul” meydanında keçirdiyi aksiyaya, heç cəbhə bölgəsində ermənilərin hədəfinə tuş gələnlərin yanına da getmədi.
Niyə getsin? Məgər onu buna vadar edənmi var? Uorlik və digər iki həmsədr yoldaşı Bakıya səfərindən sonra İrəvana, ordan da işğal altındakı Qarabağa gedəcək, ötən həftə Parisdə “Artsax” haqda keçirilən tədbirdə iştirakçı olmuş quldur Saakyanla görüşəcək, tut arağından vurub geri dönəcəklər. Daha onların Azərbaycan torpaqlarına niyə işğalçı Ermənistanın ərazisindən getdiklərini nə hakimiyyətimiz soruşur, nə müxalifətimiz. Müğənniləri, jurnalistləri Ermənistan yolu ilə Qarabağa getdiklərinə görə “qara siyahı”ya salan XİN-imiz də həmsədrlərin Qarabağa Azərbaycandan uzanan yolları birdəfəlik unutmasına fikir vermir.
Bunun əsas günahı küll halında özümüzdədir. Toplum olaraq Qarabağ məsələsini unuda-unuda gedirik. Zamanında bizim bir sıra dəyərli ziyalılarımızın ürəyi partladı – Qarabağ itkisinə görə. Ancaq indi vecimizə deyil, sanki belə də olmalı imiş. Ermənistanın kasıblıq içində boğulacağını, ərazilərin boşalacağını, onda da yalvarıb Qarabağı bizə qaytaracağını gözləyirik. Odur, Əhməd Davudoğluna dedilər Türkiyə Şəmkiri, Daşkəsəni (!) “Ermənistana qaytarmaq üçün” Azərbaycana təsir etsin. Biz ermənilərin iki rayonu azad edəcəyi barədə nağıla qulaq asarkən onlar Azərbaycandan daha 6 rayonu “geri” istəyir.
Bəs biz nə edirik? Heç nə. Vaxtilə Topxanada bir armud ağacının kəsilməsindən hiddətlənib ayağa qalxan xalq daha ağac kəsilməsinə öyrəncəli olub. İl başa çatır, indi 2014-cü ili “Qarabağ münaqişəsinin nizamlanmasında tarixi fürsət” sayanlar tapılıb. Hər ilin sonu belə nağıllar eşidirik. Vaxtilə Bəxtiyar Vahabzadə kimi bir qrup ziyalılar mərhum prezident Heydər Əliyevlə görüşüb Qarabağdan danışmışdılar. İndi belə təşəbbüs də yoxdur. Telekanallarda manıs müsabiqələri, meyxanalar, ər-arvad boğuşmaları daha baxımlıdır, nəinki Qarabağ diskussiyaları.
Ona görə də Qarabağ məsələsi ilə məşğul olmalı olan diplomat Qarabağdansa Şəki pitisindən danışır. O da görür ki, biz cəmiyyət olaraq Qarabağı elə badələri qaldıranda, Şəki pitisinin üstündən araq hortuldadanda yada salırıq. Uorlik nə paytaxtımızda, nə efirimizdə, nə gündəlik məişətimizdə Qarabağsızlığımızı görə bilmirsə, niyə axı bu mövzudan danışsın?
Con Makkeyni Kiyevə aparan ən birinci səbəb ukraynalıların müqaviməti, dirənişi, zorakılığa məruz qalsalar da, sərt şaxtada donsalar da meydanı tərk etməməsidir. Ukraynanın Qarabağ itkisi yoxdur, onlar Avropa uğrunda mücadilə aparırlar. Axı bizim torpaq on illərdir işğal altındadır, niyə meydanda yoxuq? Niyə müxalifətin 15 dekabr aksiyası həm də QARABAĞ AKSİYASINA çevrilmədi? Əgər meydanda olsaydıq, Qarabağı istəsəydik, Azərbaycanın vacib ölkə olduğunu bilən güclər şübhəsiz ki, Ermənistanla özgə dildə danışmağa vadar olardı. Əgər Azərbaycan neft-qaz ehtiyatlarından Qarabağın xilası üçün yararlana bilmirsə, onda sabah hansı təsir rıçaqlarına əl atacaq, bunu düşünən varmı?
Azərbaycan xalqının bu günlərdə dünyanın diqqətini çəkə bilən aksiyalar keçirməsi elə hakimiyyətin özü üçün də lazım idi. Putin İrəvanda açıq dedi ki, Qafqazdan getməyəcək. Yəni həm də Qarabağdan da. Onda bu xalq, 1 milyon 200 minlik qaçqın-köçkün, iqtidar, müxalifət nəyi, kimi gözləyir?
… Əslində iqtidarın ölkədə müqavimət gücü az olan insanların sayının azalmasına görə sevinməsi ağrılıdır. Bu gün bahalığa, Avrointeqrasiyaya görə ortaya iradə qoyanlarımız iqtidar deyən kimi 700 nəfərdirsə, deməli, bu, bir ölkənin, Qarabağın taleyi baxımından təhlükəli haldır. İqtidar meydanda az sayda insanın olmasına əsla sevinməməlidir. Çünki xalq olaraq meydanda görünməsək, bizi asanlıqla yenəcəklər.