Sabah Milli Şura “Məhsul” stadionunda hökumətin bahalaşma qərarına etiraz mitinqi keçirəcək. Tarif Şurasının qərarından iki həftə sonraya təsadüf edən aksiyanın nə dərəcədə uğurlu alınacağı təbii ki, bahalığın zərbəsinə tuş gəlmiş sadə insanlardan asılı olacaq. Əgər ölkə insanı hesab edirsə ki, Azərbaycanda benzin az qala Amerika qiymətləri ilə eyni olmalıdır, onda xob, qoy mitinqdən imtina etsinlər, gəlməsinlər. Yox, əgər əksini düşünürlərsə, hesab edirlərsə ki, məmurlar gecə yarısı verdikləri qərarla onların cibinə girib, onda buyursunlar, bu meydan, bu da onlar.
Əslində Milli Şuranın aksiyasına çox gözəl bir ünvanda, nəqliyyatın intensivliyi baxımından super bir yerdə, “İnşaatçılar” metro stansiyasının yüz addımlğında icazə verməklə sanki hakimiyyət də xalqı test edir. Şübhəsiz ki, hökumət növbəti addımlarını 15 dekabr testindən sonra müəyyənləşdirəcək. Son günlər nazirlər bir-birinin ardınca digər tariflərə baxılmadığını deyirsə, deməli, lap yaxşı baxılır, az sonra növbəti qiymət artımı xəbərini də eşidəcəyik. Təbii ki, xalqın benzin bahalaşmasına etirazı olacaqsa, hakimiyyət ciddi düşünməli olacaq. Yetər ki, 150 manat maaşa baxan vətəndaş iki saatlıq dinc aksiyada sadəcə görünsün, foto-video çəkdirib evinə dönsün. O halda nə YAP funksionerləri müxalifəti ələ salmaz, nə də müxalifət özü pis vəziyyətdə qalmaz. Axı 2007-ci ilin yanvarında Xətai rayonunun “Ukrayna” meydanında keçirilən aksiyaları unutmamışıq. O zaman bahalıq əleyhinə çovğunlu havada keçirilən aksiyaya elə ətraf binaların pəncərələrindən nə qədər insan tamaşa edirdi. Bu tamaşa təkrarlanacaqsa, məşhur lətifədə deyildiyi kimi, “filin dişisi də gələcək”.
Ukrayna demişkən, açığı, razılaşdırılmış mitinq vaxtının iki saat ertələnməsi təəccüblüdür. Elə bu yazını yazanda Milli Şuranın aparıcı simalarından birinin aksiyanın 16.00-da deyil, 14.00-da keçiriləcəyindən xəbərsiz olduğunu eşitdim. Hətta Milli Şurada belə xəbərsizlər varsa, deməli, sadə insanların da çoxu çaşqın duruma düşəcək. Yəqin ki, bizim müxalifət qış vaxtını nəzər almadığı üçün 16.00-u seçib. Ancaq nə ehtiyac var idi? Ukrayna xalqı Müstəqillik meydanında 22 gündür ayaqdadır, nə gecə bilirlər, nə gündüz. Necə olur ki, bizdə vətəndaş qaş qaralana qədər meydanda iki saat dözüm gətirə bilmir? Sadə ukraynalılardan tutmuş müxalifət liderlərinə, tələbə-rektorlara qədər hər kəs Avrointeqrasiya tərəfdarı olaraq meydana çıxıb, günlərdir tonqal ətrafında, çadırlarda, sərt şaxtada, qarın-çovğunun altında tarix yazırlar. Kiyevdəki Həmkarlar İttifaqı Evində Avropa meydanı üçün “səhra” mətbəxi qurulub, insanlara isti yemək paylanır. Ukrayna cəmiyyəti Rusiyanın imperiya planına bu sayaq müqavimət göstərir. Biz isə küll halında hətta şəxsi büdcəmizə edilən müdaxiləyə də ikicə saatlıq etiraz etmək istəmirik. Deyək ki, 15 dekabrda qəfil qar yağdı, onda Milli Şura aksiyanı təxirəmi salmalıdır?
Əslində bugünlərdə dünya Azərbaycanın da Ukraynaya dəstək aksiyalarına şahidlik etməli idi. Ölkədə saysız-hesabsız ictimai-siyasi təşkilatlar var, heç adında Avropa olanlardan, Avropadan qrant alanlardan da səs çıxmır. MDB ölkələrinin müxalifət liderləri birbaşa Maydana gələrək Ukrayna xalqına və müxalifətinə həmrəyliklərini nümayiş etdirir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, Moldovanın sabiq baş naziri Vlad Filatin və Tacikistanın Sosial Demokrat Partiyasının sədri Rahmatullo Zoyirov Maydana gələn müxalifət liderlərindəndir. Azərbaycandan isə bu günədək Kiyevin baş meydanına gedən görməmişik. Məlumata görə, Müsavat başqanı İsa Qəmbər 2004-cü ildə olduğu kimi yenə də Kiyevə gedib Maydanda Ukrayna xalqına dəstək verməyi planlaşdırır. Əgər belə olarsa, başqan bütövlükdə Azərbaycanın imicinə töhfə vermiş olar. Ancaq İsa bəy Kiyevə gedənədək ölkədə Ukrayna xalqına dəstək aksiyaları keçirilməlidir. Heç olmasa Ukrayna səfirliyi qarşısında bircə dəstək piketinə nə deyirsiniz? Bugünlərdə Ukraynaya dəstək həm də Avropa kursuna sadiqlik deməkdir.
Ukrayna saytları “Eurovision” müsabiqəsinin qalibi Ruslananın müxalifətin yerləşdiyi Həmkarlar Evinin döşəməsində yatarkən çəkilən fotolarını yayıb. Bütün gecəni aksiya iştirakçıları ilə birlikdə növbə çəkən bu fədakar müğənni gündüz azca dincəlmək istəyəndə hədəfə tuş gəlib. 15 dekabr aksiyasında bizim xalq artistlərimizdən kimsəni görsəniz, xəbər eləyin…