Hökumətin xalqımızı “bahalaşma şok terapiyası” ilə “müalicə” etdiyi bu günlərdə Gürcüstandan yazmaq istəyirəm. Neçə illərdir Azərbaycan vətəndaşları qonşu ölkəyə həsədlə baxır, imkan düşən kimi “havasını dəyişmək, nəfəs almaq” üçün Qırmızı Körpünün o üzünə adlayır. Gedib-gələn həm də havalanır iki qonşu arasında kəskin fərqi görəndə – elə mənim kimi…
Düzdür, Gürcüstanda belə yanaşma var ki, indiyədək ölkədə demokratiya və sair müsbət dəyişikliklər yox, onun “fasadı” (deputat Mahir Həmzəyev demişkən-E.P.) olub. Belə olubsa da, çox pis. Deməli, böyük potensiala malik Azərbaycanın vətəndaşları illərlə “fasad”a həsəd aparıb…
Hər halda Marneulidə AtaHoldinqin nəhəng binasında borçalılar toplantı keçirən zaman kimsə gəlib sorğu-suala tutmadı, “bura niyə yığışmısınız” demədi, bir polis görmədik. Bu, elə sərbəstliyin əlamətiydi.
Gürcüstanın nefti, qazı olmasa da, ölkədaxili qiymətlər bizdən kəskin fərqlənir. Təsəvvür edin, işığı Azərbaycandan alır, amma vətəndaşına pulsuz verir! 100 kvt elektrik enerjisini gürcüstanlılar pulsuz alır, kim ondan artığını istehlak edirsə, bizdən də ucuz qiymətə haqqını ödəyir. Gürcülər benzini bizdən cəmi 20 qəpik baha alır. Sudan istifadəyə görə isə vətəndaşlar qəpik-quruş ödəyir, faktiki olaraq su pulsuzdur. Gürcüstanda bütün vətəndaşlar tibbi sığortaya alınıb deyə, bizdəki kimi xəstələr Allahın ümidinə qalmır.
Orda bazar bizdəkitək od tutub yanmır. Bizim 2-3 manata aldığımız gürcü almasının kilosu Tiflisdə 1 lari – 50 qəpikdir. Banan 90 qəpik – 1 manat 20 qəpikdir. Şirniyyat, ərzaq məhsulları, sular, şirələr, içkilər də bizdən azı yarım dəfə ucuzdur. Nədir, bəlkə bizim pulumuz çoxdur deyə, bu qədər bahalıqdır? Borçalıda soruşdum, müəllim elə bizdəki qədər maaş alır – 300-320 lari, yəni 150-160 manat.
Bizim ucqarlarda bir gecəlik otel qiyməti 50 manatdan aşağı deyil. Biz Tiflisin mərkəzindəki normal səviyyəli oteldə 15-20 manata qalırdıq, səhər yeməyi daxil. Bu qiymətə Bakıda gecəqondu da tapmaq mümkün deyil. Gecəyarısı kafe-barların birində çay istəyimizin qarşılığında gürcü bir az da utancaq halda “çay hazırlaya bilərəm, amma 10 lari olacaq” dedi. Düşündüm ki, bu vaxtı Bakı bulvarında çay istəsən beşqat artıq “oxuyarlar”.
Gürcülər daha çox qənaətli avtomobillərə üstünlük verir. Bizimkilərsə az qalır küçəyə tankla çıxsın. Taksi də burdan ucuzdur. Bir “taksist” görmədim ki, metro qarşısında qabağımıza cumub adamı qamarlamaq istəsin. “Əhmədli”də günboyu “Hövsana 1 nəfər” hayqıran qardaşlarımızı xatırladım. Tiflis avtobuslarında basabas görməzsən, nadir hallarda siqnal səsi eşidərsən, bizdən fərqli olaraq. “Vosmoy” bazarının qarşısındakı səs-küylü mənzərəni xatırladım Tiflisin “Vosmoy”unda olanda. Sakitcə hərə öz alverindəydi, üzlərdə də təbəssüm.
Gürcülər yol kənarını hasarlamır bizimtək. Bakıdan uzanan yollarboyu tikilən hasarların daşı ilə bir şəhər tikmək, o hasarların işıqları ilə həmin şəhəri işıqlandırmaq olardı… Bakıdakı kimi addımbaşı tarixi binaları qaşıyıb ağardan fəhlələri görmədim orda. Köhnə tikililərə əl vurulmur, tikinti şəhərin kənarında gedir. Tiflisi olduğu kimi saxlayıb gürcü hökuməti. Şəhər içindəki meşəliyi seyr etdikcə Bakıda məhv edilən yaşıllıqları xatırlayıb günümüzə acıyırdım. Bizdəki kimi köşklər, marketlər boy-boya düzülməyib bu şəhərdə, şəhərin görünüşünə əl vurulmayıb. Tiflisin suyundan doymaq olmur, nə çayında, nə də kran suyunda xlor tamı hiss etməzsən. Günboyu ciyərdolusu nəfəs almaq mümkündür, bizdən fərqli olaraq zəhər udmursan.
Tiflisə yağış yağdı. Kimsə təəssüflənmədi ki, “maşını təzə yumuşdum, çirklənəcək”. Çünki Bakıdakı kimi göydən palçıq yağmır, yağış yağır. Küçələrində tıxac-filan görmədim, həm də ona görə ki, addımbaşı asfalt qazılmır. Normal piyada-sürücü münasibətləri də həsəd aparılasıdır bu şəhərdə.
Gürcü polisi bir dəfə maşınımızı saxladı. Maşından düşmək istəyən sürücü dostumuza xitabın “zəhmət olmasa əyləşin maşına, sənədlərinizi təqdim edin” söylədi. Ardınca da “yaxşı yol” deyib uzaqlaşdı.
Növbəti gecə qayıdanda isə öz polisimiz sübut etməyə çalışırdı ki, sürət həddini aşmışıq, sübut edə bilmədisə də, əhvalımıza zəhər qata bildi. Hələ gömrükdəki zülmü demirəm. Gürcü tərəfin yoxlanışı 30 dəqiqə, bizimkilərinki isə 2 saatdan çox çəkdi. Gömrük əməkdaşının meşədəymiş kimi “a kişi, hara gedirsən, get dur orda” bağırması isə başqa bir aləm idi. Vətənə gələni bu sayaq qarşılayırdı…