Yaxud yeni Milli Şura yaratmaq zamanı
Azərbaycan prezidentinin son günlər mətbuata və müxalifətə isti mesajlar verməsinin səbəbləri barədə ən müxtəlif təxminlər səslənir. Məncə, bu mesajların arxasında şimal təhlükəsinə birgəliklə sinə gərmək məramı dayanıb. Hər halda rəhbərlik ölkənin şimal bölgəsində silahları işə salanların arxasında hansı dairələrin durduğunu hamıdan yaxşı bilir.
Azərbaycanı Gömrük İttifaqına qoşacaqlarsa, zərbə təkcə bəzilərinin dediyi kimi, “gömrük bossları”nın maraqlarına dəyməyəcək. Son nəticədə bu, ölkənin müstəqilliyinə, siyasi partiyaların, olan-qalan müstəqil medianın boğulmasına, sıradan çıxarılmasına gətirib çıxaracaq. Kim təminat verir ki, sabah Putin Gömrük İttifaqının maraqlarına zidd fəaliyyət göstərən media və siyasi partiyaların da yığışdırılması layihəsini işə salmayacaq?
Baltikyanı ölkələr zamanında Rusiyanın hər cür basqısına dözdülər, itkilər də verdilər, ancaq prinsiplərindən əl çəkmədikləri üçün Rusiyanın növbəti təhdid və təzyiqlərindən sığortalanmaq şansı əldə etdilər. Budur, Avropa Birliyinin Şərq Tərəfdaşlığı ilə bağlı sammiti elə Baltikyanı ölkələrdən birinin paytaxtında – Vilnüsdə keçirilir. Bu mərhələdə bizə hər zamankından daha çox birlik lazımdır. Düzdür, Vəzirovdan bəri bu mövzuda çox danışılıb, hətta bəzən ikrah doğuran mövzuya çevrilib. Ancaq görək bir olmaqdan başqa əlacımız varmı?
Prezident İlham Əliyevin Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı sərəncam imzalamasını da birliyə doğru addım sayıram. Rəsulzadə bolşevik Rusiyasından xilas, Avropaya inteqrasiya yolunda deyildimi? Məntiqlə prezident Rəsulzadə haqda sərəncamı ilə Azərbaycanı Rusiyaya deyil, Avropaya doğru aparmaqda israrlı olduğu mesajını verdi. Təbii ki, bu mesajın açıq mətnlə deyilməsi onsuz da soyuq olan Bakı-Moskva münasibətlərində daha çox gərginliklər yaradardı. Odur ki, münasibət anlaşılandır. Mətbuat nümayəndələri qarşısında çıxışında da İlham Əliyevin Cümhuriyyət qurucuları haqda danışarkən Məhəmməd Əminin adını birinci çəkməsi də münasibətlərdə yeni nüans sayıla bilər. Bunun ardınca heç kim Rəsulzadənin xidmətlərini danmağa cəsarət etməyəcəksə, bunun nəyi pisdir?
Təkcə bu deyil. Ölkə başçısının mətbuat azadlığı ilə bağlı mesajları həm də ondan xəbər verir ki, hakimiyyət indiki durumda ölkə mediasından da dəstək istəyir – xüsusilə də şimal təhlükəsinə qarşı ideoloji təbliğatın aparılması istiqamətində. Kimsə deyə bilər ki, yanılırsan, yaxud bu, eyforiyadan irəli gələn qənaətdir. Amma jurnalistlərin qarşısındakı çıxışında prezidentin müxalifətə ünvanlı mesajları da həmişəkindən tamam fərqli idi axı. Əgər ölkə başçısı tənqidi medianın təmsilçisi, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun problemlərdən bəhs edən çıxışını dinləyib, yekunda vəziyyətlə bağlı tapşırıqlarını verirsə, deməli, bu, yeni situasiyadır, təqdir olunmalıdır. Yadınızdadırmı ölkədə müxalifətin çürüdüyü, olmadığı barədə sərt bəyanatlar? Ötən bazar isə prezidentdən “Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır – Azərbaycan. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq” mövqeyini eşitdik. Bu, Rəsulzadənin haqqının tanınmasının ardınca ölkə müxalifətinin də mövcudluğunun birinci şəxs tərəfindən etirafıdır. Bu, həm də siyasi düşərgələr arasında mövcud olan gərginliyin minimuma endirilməsi üçün gözəl fürsətdir. İqtidarın birincisi ilk addımı atdı, mövqeyini ortaya qoydu. Lütfən, ötən illərə ekskurs edib burada səmimiyyətin olub-olmadığı müzakirəsini açmayaq. Test üçün müxalifətdən də müsbət qarşılıq verilməsi gərəkir. Müsbət işartı varsa, onu dəyərləndirək ki, davamı gəlsin, həbsdəki müsavatçı, cəbhəçi, NİDA-çı dostlar da azadlığa qovuşsun.
Müxalifət Azərbaycanı gözləyən təhlükələr fonunda 9 oktyabr seçkisinin nəticələrini bir kənara qoymalı, kəsəsi, belə demək mümkündürsə, seçki dartışmasını Azərbaycanın müstəqilliyinə qurban deməlidir. Ötən illərin təcrübəsi, ictimai rəyin passivliyi, beynəlxalq birliyin münasibəti onu deməyə əsas verir ki, artıq seçki bitib və yalnız irəliyə baxmaq lazımdır. İrəlidə isə küll halında bizi şimal təhlükəsi gözləyir. Rəsulzadə 1920-ci ilin 27 aprelində hökuməti təhvil verməyə bir şərtlə razı olmuşdu ki, təki Azərbaycanın müstəqilliyinə toxunulmasın. Lakin Rusiya sözünü tutmadı, Cümhuriyyətimizin üçrəngli bayrağının yerinə oraq-çəkicli bayrağını sancdı. Bu gün də bayrağımıza, dövlətimizə təhlükə var. Bu təhlükəyə qarşı birgə dayanmalıyıq. Anlaşılandır, ötənlərdə çox şeylər olub, hər halda, qarşılıqlı şəkildə “keçmiş olsun” deməyi bacarmaq lazımdır. Kimsə güman etməsin ki, Avropa, ya Amerika Azərbaycanı Rusiyanın təhdidindən qoruyacaq. Qorusaydı, Gürcüstanı qoruyardı, Qarabağın işğalına son verərdi, Suriyadakı qırğını durdurardı…
Hər halda, dövlət başçısı ilk addımı atdı, yetər ki, müxalifətdən də qarşılıq gəlsin. Hakimiyyət uğrunda mübarizəni bir neçə illiyə ertələmək də olar. Avropa və Rusiya arasında Azərbaycan davası gedərkən müşahidəçi qalmaq olmaz. Nə qədər ki, Putinin başı Ukraynaya qarışıb-situasiya düzgün dəyərləndirilməlidir. Bu gün yeni bir Milli Şuraya ehtiyac var – iqtidarlı-müxalifətli hamını bir araya gətirəcək, hər iki tərəfin etimadını qazanacaq Milli Müqavimət Şurasına…