Yenə ana ölümü xəbəri gəldi…Bu dəfə Göyçayda doğuş zamanı 22 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Həkim deyib bu ölümün səbəbi onunçün qaranlıqdır. Yəqin Səhiyyə Nazirliyinin rəsmisi bu dəfə də məsələnin araşdırıldığını və burada həkimin heç bir günahının aşkarlanmadığını qızıl-qırmızı deyəcək, məsələ bitəcək.
Beləcə daha bir ocağın çırağı söndü, doğuşdan salamat çıxan qız övladı da böyüdükcə anasını soraqlayacaq, ancaq nə faydası… Son zamanlar təkcə jurnalist həmkarlarımızın həkim səhlənkarlığının qurbanı olmuş doğmalarının ölümünü xatırlatmaq bəs edər ki, səhiyyəmizin gerçək vəziyyətini qiymətləndirəsən. İndi görün “təbii ölüm” diaqnozu qoyulan nə qədər insan var bu ölkədə.
O gün bir xəstəni özəl klinikada girov götürübmüşlər. Qardaşı danışırdı. Səbəbi dəhşətlidir. Razılaşmadan sonra 4500 manatlıq əməliyyat xərci kassaya ödənilsə də, elə xəstə əməliyyat stolunda olduğu zaman yaxınlarına əlavə 1500 manat da ödəməlisiniz” xəbərdarlığı edilib. Təsəvvür edin, xəstənin ürəyini yarıb işi yarımçıq saxlayıblar ki, “pulu artırın”. Vicdanı olan şəxs bunu edərmi? Düzdür, sonradan məsələnin böyüməməsi üçün girov xəstəni, ardınca girov sənədlərini ailəyə qaytarıblar. Ancaq bu faktın özü fəlakətli durumumuzdan xəbər verir.
Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 2014-cü ilin büdcə müzakirələrində dedi ki, “İrana getmək dəb halını alıb”. Əslində bu, qonşu ölkəyə dərdinə dava dalınca gedən çarəsiz insanlara qarşı həqarətdir. Rektor gərək ordan başlayaydı ki, hər il yüzlərlə məzuna diplom verdiyi halda nədən vətəndaş səhiyyəyə etimad etmir, niyə dünyanın 500 universiteti sırasında Tibb Universitetinin adı yoxdur, niyə nəhəng binaları, yardımçı korpusları olan bu ali məktəb ölkəni normal kadrlarla təmin edə bilmir? Ölkədə normal səhiyyə olsaydı kim fars hərbçilərinin həqarətlərinə dözmək hesabına qonşu ölkənin xəstəxanalarına can atardı? Normal insan 6 aydan bir müayinə olunmalıdır, ancaq ölkədə buna əməl edən neçə faiz var? Təbii ki, bu halda qanında təhlükəli virus daşıyıcıların sayı durmadan artacaq…
Təhlükəli virus demişkən, “Aşura günü”ü qan verən 4437 nəfərdən 210-nun qanında Hepatit B, Hepatit C, HİV və Sifilis kimi təhlükəli infeksiyalar aşkarlanıb. Bu səbəbdən toplanan 105 litr qan məhv edilib! Söhbət bir aksiyanın üzə çıxartdığı böyük rəqəmdən gedir. Ölkədə təhlükəli virus daşıyıcılarının ilbəil artmasından gedir. “SOS” siqnalı çalınmalıdır nəhayət ki. Ancaq bu gün məktəbləri, bağçaları təhlükəli fəsadlar törədən qrip infeksiyası bürüyüb, görün cavabdeh şəxslərin vecinədirmi?
Əslində ölkədə kompleks tədbirlər görülməli, bütün aidiyyatı qurumlar hərəkətə keçməlidir ki, genefondumuza ağır zərbə dəyməsin. Bu ölkədə ərzaq təhlükəsizliyi deyilən bir şey yoxdur. Bu günlərdə bir restorandakı biabırçılıqlardan bəhs edən xəbər yayıldı. Hələ görün minlərlə xırda kafe, lahmacun, çayxana, dönərxana, nə bilim şaurmaxana, xəstəxana, sanatoriya yeməkxanalarında, uşaq bağçalarında vəziyyət necədir. Təkcə bu il ölkədə 38 ton keyfiyyətsiz ərzaq məhv edilibsə, əlavə şərhə ehtiyac yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən az qala hər gün gələn xəbərlər, fotolar heyrət doğurur: şəkər, şirniyyat, çörək sexlərində antisanitariya vəziyyəti hökm sürür. Nə qidamızda, nə içdiyimiz suda keyfiyyət var, nə od qiymətinə olan dərman preparatlarında. Elə buna görədir hansı tibb müəssisəsinə, hansı aptekə gedirsən, uzun növbələrin şahidi olursan. Hələ İrana gedənlərimizi demirəm…
Biz uşaq olanda böyüklər 168 il yaşayan lerikli Şirəli Müslümovu misal çəkib “uzunömürlülər diyarı” haqda fəxrlə danışırdılar. Ancaq bu gün o, köhnəlmiş mövzudur, adamlar elə cavan ölür. Millət vəkili Qənirə Paşayeva illərdir çalışsa da, ictimai yerlərdə siqareti məhdudlaşdıran qanun qəbul edilmir. Görünür kimlərsə bizim xəstə cəmiyyətə çevrilməyimizə, qırılıb-məhv olmağımıza çalışır. Bu yandan da nə cəzaların sərtləşdirilməsi, nə ictimai qınaq həkim məsuliyyətsizliyinə son qoymur.
Səhiyyənin vəziyyətini sübut edən bir fakt da yarım aydır Bakıda… koma vəziyyətindədir: ağdamlı 4 yaşlı uşaq sünnət olunandan bəri ölüm ayağındadır. Adicə sünnətdən e… Nə deyirsiniz, bəlkə uşaqlarımızı da sünnət olunmaq üçün İrana aparaq? “Dəb üçün…”
P.S. Bu yazının vicdanlı, peşəkar həkimlərimizə qəti aidiyyəti yoxdur…