
Milli Şuranın 22 iyul tarixində keçirilən toplantısında mühacir həmvətənlərimizlə bağlı məsələ müzakirə olunub. Belə ki, iclas zamanı Mirmahmud Mirəlioğluna məktub verilib. Avropanın 6 müxtəlif ölkəsində yaşayanların Milli Şuraya qəbul olunması ilə bağlı göndərilən məktubda mühacirlər sığınacaq aldıqları ölkədə Milli Şuranın təmsilçilik hüququnu istəyiblər. Müraciət edənlər arasında ABU-nun sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin də olduğu bildirilir. Məlumata görə, mühacirlər bu qurumda təmsil olunaraq vətənə xidmət edə və demokratiyaya töhfə verə biləcəklərini deyiblər.
M.Mirəlioğlu isə iclasda deyib ki, hələ bu məsələni müzakirə etməyin zamanı çatmayıb.
E.Abdullayev “Yeni Müsavat”a açıqlamasında dedi ki şəxsən özü MŞ-a qəbulla bağlı müraciət etməyib: “Mənə müraciət olsa, bu barədə fikrimi bildirərəm. Ola bilər, kimsə ümumi müraciət edib bizim adımızdan. Amma mən konkret müraciət etməmişəm”.