
Nardaranda torpaq çoxdur
Mən respublikamızın dəhşətli dərəcədə, analoqsuz şəkildə inkişaf elədiyinə artıq şübhə ilə yanaşmıram. Ortada faktlar var. Məsələn, hökumətimiz kimi istəsə tutub zindana sala bilir. Halbuki, Çexiya və Almaniya hökuməti bunu edə bilməz. Kimi istəsələr tuta bilmirlər, gərək qanun da imkan versin.
Yaxud, o boyda planeti ağlar qoyan, Marsa aparat göndərən, Ayda “Koka-Kola” zavodu açan (yalan olmasın) Amerika Birləşik Dövlətləri bizdən qorxur. İnanmırsansa hökumətimizin AzadlıqRadiosunun dalına bağladığı vedrənin danqıltısına qulaq as. Bu radio Amerika hökumətinin pulu ilə yaşayır, yəni, buna vurulan şapalaq hesab elə Hyustonlu vergi ödəyicisi Con Brauna dəyir.
O danqıltının qısa tarixçəsi isə belədir. Qabaqca bu radionu FM dalğasından qovdular, dedilər ki, FM dalğası guya Azərbaycanın milli sərvətidir. Amerikalılar da dedilər, ok, istəyirsinizsə milli sərvəti başabaş dəyişək, siz də gəlin Texasda radio açın. Hökumətimiz də dedi istəmirik. Nəyimizə lazımdır? Qoy texaslılar radiosuz qalsın, onsuz çoban şeydirlər, bütün günü dana minirlər.
Bundan sonra radionun əlacı kəsildi, başladı internetə, video yayımına-filana güc verməyə. O zaman yapokratlar da radionun saytına hücumlar düzəltdilər. Ən gülməlisi isə son günlər baş verir.
Demək, AzadlıqRadiosu Türksat peykində yayımlanan bir telekanalda veriliş yeri almışdı, orda həftədə bir-iki saat öz proqramını qoyurdu. Yapokratiya həmin verilişi qabağına qatıb qovdu, veriliş bir neçə kanal dəyişdi. Lap axırda Sivasın bir kənd kanalında qalıbmış, ancaq indi də onu xüsusi qurğu ilə pozurlar. Sadə desək, veriliş olurmuş, ancaq Azərbaycanda baxmaq mümkün deyilmiş. Nəticədə radionun Vaşinqtonda yerləşən rəhbərliyi bəyanat yayıb ki, bəs, verilişimizi Azərbaycan hökumətinin pozmasından, əngəlləməsindən narahatıq, bu saat hökumətlə danışırıq və sairə car-cur-zır-hır...
Təsəvvür edirsinizmi? Eşşək boyda hegemon Amerika dövləti kosmosdakı 1500 peykindən birini döndərib bizim veriliş pozanların başına daş salmağa cürət eləmir, qalıb əlimizdə əsir-yesir... Nə üçün? Çünki bizim hökumətin arxasında Azərbaycan xalqı durur! Hökumət gücünü xalqdan alırsa, vəssalam, ona Əzrayıl da heç nə edə bilməz! Çünki bizdə hər seçki demokratiyaya doğru addımdır, Amerikada isə seçkilər yerində sayır. Biz olmasaq amerikoslar heç Əfqanıstana da girməyə cürət eləmirdilər, Səfər Əbiyev bir rota göndərəndən sonra girmişdilər.
Bax, hal-qəziyyə belədir. Ona görə də ABŞ səfiri Morninqstar əkə NİDA üzvlərinin həbsinin 10 illiyində “Biz bu həbslərdən narahatıq, vicdan haqqı” deyəndə xalqımız qəzəblənir. Sən axı nə üçün narahat olursan? Neft gedir, əsgər gedir, indi də qaz gedir - nə istəyirsən? Bəlkə Tağı Əhmədovu göndərək, gedib Metropoliten-operada bir ağız muğamat oxusun? Cəlal əmi demişkən, mandatını almısan, ay Əliməmməd, otur yerində!
Ən doğru yolda Dövlət Departamentidir. Gördünüzmü, Adriatik dənizindən keçib Avropaya qaz aparacaq kəmərin yaranmasını dərhal alqışladılar, dedilər ki, Azərbaycan qazı xoş gəlir, səfa gətirir, həmişə qazlı-qozlu olasınız.
Özü də bu təzə kəmərin qəşəng adı var: TAP. Bir növ, adamın yadına xalq məsəlləri düşür: “Göydən düşdü, tapp elədi, Gülsənəm onu happ elədi”. (Burda sadəcə göydən düşmür, yerdən çıxır). İkinci variant odur ki, bu kəmər tapıntıdır. Üçüncü variantda “gördün xalq qaz istəyir, tapp, qoy qulağının dibinə, qaz Avropaya lazımdır” kimi oxunur. Ən son variant Trans Adriatik Pipeline sözlərinin baş hərfidir. Burdakı pipeline sözü də ingiliscə boru xətti deməkdir, ancaq istəsən bunu “azərbaycanlıları pipinə də alma” oxumaq olar.
Sonda Riçard Morninqstar müəllimə həyatda yeni yaradıcılıq uğurları, can sağlığı və Nardaranda bir neçə sot torpaq arzu edirəm.