
Samir SARI
Ayı son həddə necə gəldi...
Şamaxıda ayının iki nəfəri yaralaması ölkə gündəminə bomba kimi düşüb. İki gündür, sosial şəbəkə içində “ayı” sözü olan qeydlərlə, şərhlərlə dolub daşır. Bunun ciddi səbəbləri var və bu barədə az sonra. Bizdən ayrılmayın.
Öncə onu da deyək ki, elə bundan əvvəlki günlərdə və həftələrdə də gündəmdə ayı söhbəti vardı. Amma bu, siyasi ayıydı, yəni “rus ayısı”. Jurnalistlər eyzən yazırdılar ki, “rus ayısı” ay dişini ölkəmizə qıcayıb, vay, pəncə atmağa hazırlaşır, bay, caynağından necə qurtulacağıq və s.
Başqa biri Kremlin oyunlarını nəzərdə tutaraq yazırdı ki, “ayının yüz oyunu var, bir armudun başında”. Hətta Moskvaya gedib-gələnlərə “ayı sənə nə dedi” deyə sataşanlar vardı.
Ayı söhbəti bunlarla bitmirdi. Hökumətə yaxın adamlar, özlərini hökumətə calayanlar və ya calamaq istəyənlər yazırdılar ki, Milli Şuranın üzvləri indidən “öldürülməmiş ayının dərisini bölürlər”.
“Meşədə armudun yaxşısını ayı yeyər” atalar məsəlinin işlədilə biləcəyi situasiya yetişməkdəykən meşədən ayı nəriltisi gəldi.
İlk versiya bundan ibarət idi ki, hara ayısı olduğu bilinməyən əyripəncə meşədən teştdə bişən mal ətinin iyinə çıxıb toya cumub, ictimai asayişi pozub, insanlara xəsarət yetirib, vətəndaşların istirahət və şənlik etmək hüquqlarını pozub, sərbəst toplaşmaq haqlarını məhdudlaşdırıb, qaçıb-dağılmaq, pərən-pərən düşmək cəhdlərini sürətləndirib və s.
Bu xəbər paytaxt Bakıya çatar-çatmaz 3 ildən bəri peşəkar mediada yüz dəfələrlə müzakirə olunmuş, xeyli lətifələrin, məzəli replikaların predmeti olmuş ayı mövzusu yenidən qabardı.
Gənclərimiz itoyanadırlar axı, hərəsi bir şey yazdı. Biri yazdı ki, gərək o vaxt Qəbələdəki, İsmayıllıdakı ayıların hamısını yeyəydilər, o da gəlib camaatı yeməyəydi.
Başqası yazdı ki, bu, meşə ayısı deyil, hansısa restoranın qəfəsindən zəncirini qırıb-qaçmış ayıdır. (Bizdə qaydadır, imkanlı adamlar ayıları körpəliyindən tutub qəfəsə salırlar, arada “Coca-Cola”-zad içirdib öldürürlər də).
Biri qeyd etdi ki, ayı bu hadisəni yeyilən qardaşlarının qisasını almaq üçün törədib.
İti ağlı olan birisi yazdı ki, təcili olaraq Şamaxıya ya əslən Füzulinin Ayıbasanlı kəndindən bir nəfəri, ya da Anar adlı ayısevər bir şəxsi göndərmək lazımdır.
Xüləs, ayı söhbəti çox böyüdü, əndazədən çıxdı və gündəmdəki bütün mövzuları basdalayıb pəncəsinin altına aldı. Hiss olunur ki, o aqressiv ayı tapılıb zərərsizləşdirilməyənə qədər bu müzakirə uzanacaq.
Bizim redaksiyanın çölçü reportyorları da yaraq-əsləhə götürüb Şamaxıya getdilər ki, ayının özüylə olmasa da, onu görənlərlə söhbət eləsinlər.
Onlar səfərə hazırlaşanda başqa bir əməkdaşımız onlara Entoni Hopkinslə Aleks Bolduinin çəkildiyi “Son həddə” filmindəki adamyeyən ayıyla əsərin qəhrəmanlarının mübarizəsindən danışdı və dedi ki, meşəyə girəsi olsanız, hər ehtimala qarşı özünüzlə ucu yonulmuş paya götürün, gərəyiniz olar.
Düzdür, yerli ayının Alyaskadakı qardaşı kimi eyni səhvi buraxacağı və özünü Hopkinsin payasına keçirəcəyi ehtimalı azdır, amma yenə də ehtiyatlı olmaq lazımdır. Bizim dost itirən vaxtımız deyil. Həm də seçki ilində.
Belə görünür ki, ayının dalınca meşəyə gedərkən ən azı çevik polis alayının bir taqımı qədər adam olmalıdır və onlar məhz Fəvvarələr meydanında dinc mitinqi dağıdan polislər kimi dəbilqə-qalxanla təchiz olunmalıdırlar. Yoxsa ayı üstünə “PRESS” yazılmış sarı gödəkçələri hərləyən, jurnalistlərin toxunulmazlığı barədə beynəlxalq təşkilatların tələbini qanan deyil, vallahi, tutub adamı cırıq-cırıq eləyər.
İndi bir oğul lazımdır, çıxa, ortaya 1 milyon qoya, deyə ki, o ayını tutun gətirin. Mütləq cəsur ovçular tapılacaqlar ki, həmin ayını olmasa da, meşədən başqa bir ayını vurub gətirəcəklər həmin oğulun hüzuruna. Beləcə, bu ayını zərərsizləşdirən oğul ictimai rəydə yaxşı reputasiya qazanacaq. (Bu, bir ideyadır - istifadə edənin halal xoşu olsun).
Ancaq zarafat bir yana. Deyirlər, ayı kəndə oğurlanmış balasına görə hücum edib və balasını oğurlayan kişinin balasını yaralayıb.
Ayı olanda nə olar, o da anadır. Gərək insanlar heç kəsin balasına toxunub ayılıq eləməsinlər.
musavat.com