
Zərrə-zərrə Vətəndir, ancaq...
Doğrudur, Qarabağ dünyanın harasında yaşamasından asılı olamayaraq bütün azərbaycanlıların, hətta (İslam-müsəlman torpağı olduğu üçün) bütün müsəlmanlarındır. Amma insanın müəyyən məkanlara fərdi yanaşma və fərqli bağlılıq hissləri var. Biz bütün Azərbaycan yurdunu sevirik. Vətən zərrəsinə kimi hamımızın vətənidir. Amma doğulub, böyüyüb, boya-başa çatdığımız yerə daha fərqli yanaşırıq. Bir nəfər sizin elinizi-obanızı, kəndinizi və ya şəhərinizi tərifləsə, qanadlanmırsınız, həmin şəxsə hörmət bəsləmirsiniz?! Misal üçün, siz Xocalıda doğulmusunuz. Bir nəfər sizə vaxtilə Xocalıda olduğunu söyləyir, Xocalının sizin çox bağlı olduğunuz görməli yerlərindən bir-ikisinin adını çəkir, axırda da Xocalının başına gələn müsibətləri kədərlə yad edir. Bu zaman sizdə həmin şəxsə hörmət və məhəbbət duyğusu baş qaldırmır?! Həmin şəxs bunu qeyri-Xocalı sakininə danışsaydı, o da həmin şəxsə vətənpərvər olduğu üçün hörmətlə yanaşacaqdı, Xocalı faciəsini eşidib o da kədərlənəcəkdi, amma onun bu hissi ilə sizin keçirdiyini hisslər arasında çox fərq olacaqdı...
Qarabağın azadlığı uğrunda canından keçmiş əsgərlərimizin və onların içindən seçilmiş milli qəhrəmanlarımızın hamısı, o cümlədən də, 18.06.10 tarixində böyük rəşadət göstərərək şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimov xüsusi mənada qarabağlı deyil (ümumi götürdükdə, hamı qarabağlıdır). O Biləsuvar rayonunun Əliabad kəndində doğulub, boya-baça çatıb. Onu şəhidliyə çəkən qarabağlı olması olmayıb. Qarabağın əvəzinə başqa torpaqlarımız da olsaydı, o canla, başla mübarizəyə qalxacadı. Mübariz Qarabağda yaşanan faciələrə və haqsızlıqlara dözə bilmədiyinə görə bu addımı atıb və Qarabağın Milli Mübarizə Şəhidi olub.
Nə etməli?
Bu gün 22 yaşlı Milli Mübarizə şəhidinin və Qarabağın azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin, xüsusən də, qarabağlı olaraq hər bir qarabağlının borcudur. Hörmətli qarabağlılar! Mübarizlərimiz sizin el-obanızdan çıxarılmağınıza dözə bilmədilər. Onlar sizin qətl-qarət olunmağınıza səbir edə bilmədilər. Onlar sizin yenidən öz yurdunuza qayıtmağınızı bütün varlığı ilə arzuladılar və bu yolda canlarını qurban verdilər.
Əziz qarabağlılar! Milli Mübarizə Şəhidləri timsalında Mübariz İbrahimov hamıdan daha çox sizin şəhidinizdir. Siz də onun xatirəsini hamıdan daha çox əzizləməli və onun uca adını daha da ucaltmalısınız.
Mübariz sizin dilinizin əzbəri olmalıdır. Onun adını övladınızın adında yaşadın, övladınızı çağırdıqda qəhrəmanınızı xatırlayın, övladınıza böyüdükcə daşıdığı adın mahiyyətini anladın. Məşhur şəhidlərimizin və onun şəklini evlərinizdən asın, gözünüz sataşdıqca ruhlarına rəhmət oxuyun. 22 yaşlı Milli Mübarizə Şəhidinin şəkilini azyaşlı uşağınıza göstərib deyin: Mübariz! Şəhid! Qarabağ! Qarabağ! Bu, tədricən uşağınızın şüuraltı hisslərinə hopacaq və bir gün hökmən üzə çıxacaq...
Açdığınız iş yerlərinə, ofislərə və obyektlərə və s. yerlərə onun adını verin. Nələrisə onun adına ithaf edin, ümumiyyətlə, onu xatırladacaq və tanıtdıracaq işlər görün. Nə üçün Milli Mübarizə Şəhidimizin milli-mənəvi vəsiyyətnaməsini böyüdüb şəkli ilə birgə evinizdən və iş yerlərinizdən asmayasınız? Nə üçün həmin vəsiyyətnaməni yüksək tirajla çap etdirərək cəmiyyətdə yaymayasınız? Nə üçün ticarət şirkətləri Mübariz adına məhsul istehsal etməsin? Nə üçün paltar fabrikləri Mübarizin şəklini libaslar üzərinə həkk etməsin? Nə üçün? Bəziləri deyirlər ki, müəyyən qruplaşmalar Mübarizdən öz mənafelərinə uyğun istifadə edirlər. Elə isə, özünüz ona həqiqətən və Allah üçün sahib çıxın və riyakarların ağzından vurun.
Bəlkə bununla onun dəyərlidən dəyərli işinin əvəzini bir az çıxa bildiniz... Əslində isə onun zəhmətinin əvəzi yalnız can verməklə ödənə bilər. Çünki o can verib.
Ey şəhid! Təşəkkür edirik.
Təşəkkür insani və vicdani borcdur. Quranda buyurulur: Şükür (təşəkkür) etsəniz, artıraram. Küfr etsəniz, (bilin ki,) həqiqətən də əzabım şiddətlidir.
Biz ona necə təşəkkür etmişik? Ümumiyyətlə, təşəkkür etmişikmi? Biz Milli Mübarizə Şəhidlərimizin və onların davamçısı şəhid Mübarizin ailəsi ilə maraqlanmışıqmı? Onlara maddi və mənəvi dəstək olmuşuqmu? Onun adının dillər əzbəri emişikmi? Etməmişiksə, nemətə şükür etməmişik. Etməmişiksə, nankorluğa cavab olaraq: “...həqiqətən də əzabım şiddətlidir.” (Qurani-kərim)
Şəhid Allahın bir millətə ən böyük hədiyyəsidir
Belə şəhidlər hər zaman yaranmır. Onlar neçə ildə bir dəfə yetişir. Onlar Allahın millətimizə, xüsusən də sizə bəxş etdiyi nemətidir. Bunu dəyərləndirməsək, Allahın şiddətli əzabını dadacağıq. Bu təhdid deyil, həqiqətin özüdür ki, bizə Quran xəbər verib. Bu əzabın bir nümunəsi budur ki, Allah bizə daha belə oğullar yetişdirməyəcək, ömrümüzdən bərəkət kəsiləcək...
Bir nəfər gəlib mənim yanan evimi söndürmək istərkən həlak olarsa və mən onun ailəsi ilə maraqlanmasam, onun adını daim hörmətlə çəkməsəm, el məni qınayar. Amma məlum olsa ki, evimi söndürməyə gələn şəxs həlak olacağını bilə-bilə bunu edib və mən onun zəhmətini dəyərləndirməsəm, el-obanın və millətin qınağı birə-beş artar.
Əziz qarabağlılar! Qarabağ yanmırdımı və elə indi də yanmırmı? Elə isə necə olur ki, sizin Qarabağınızı qurtarmaq üçün belə böyük şücaət göstərmiş şəxslə lazımınca maraqlanmayasınız?! Unutqanlıq millətimizin, ümumiyyətlə, insanın ən böyük bəlasıdır.
Bu, bir sadə Vətən oğlu kimi sizə xatırlatmamdır. Kim çalışıbsa, Xaliq də biləcək, xalq da biləcək. Sözüm unutqanlaradır...
musavat.com