
Quyu, kəndir, qurtuluş
Dövran dəyişib, daha oxucular əvvəlki qaydada yazılan yazıları oxumaq istəmirlər, heç yazarlar da əvvəlki üslubda yaza bilmirlər. Bir növ, inqilabi durum yaranıb. Ona görə də xalqın səsinə qulaq asmaq gərəkdir.
Bu saat adi blogger və siyasi fəallar var ki, gün ərzində jurnalistlərdən çox yazı - status, şərh yazırlar. Zaman-zaman onların qeydlərinə də göz atmaq lazım gəlir. İctimai rəyi öyrənmək baxımından bu, çox faydalıdır, hətta deyərdim ki, vazkeçilməzdir.
Odur ki, bir-iki gün əvvəl fəalların Milli Şuraya, ölkədə gözlənilən və gözlənilməyən dəyişikliklərə dair fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacib oldu. Götürüb sosial şəbəkədə böylə bir qeyd yazdım: “İndiki durumumuz nəyə oxşayır? 9 nəfərik, 20 ildir 15 metrlik quyunun dibindəyik, çıxa bilmirik. Nəhayət, quyuya bir kəndir sallanıb ki, çıxaq. 9 nəfərdən biri deyir, bu Amerika kəndiridir, bundan yapışıb çıxa bilmərik, biri deyir, bu, rus kəndiridir, buna etibar yoxdur. Bir başqası isə quyudan sırf İran kəndiriylə çıxmaq istəyir. Ancaq birtəhər bu quyudan çıxmaq lazımdır, yetər ki, kəndir ”kitayski" olmasın...".
Pah! Şərh seli daşdanmadımı. Məlum oldu ki, şərh yazan fəalların hamısı gerçəkdən də quyunun dibində olduğumuza dair qənaətlə razıdır, bu faktı qəbul edir. Şərhlərin məzmunundan isə bəlli oldu ki, problemə münasibətdə doğrudan da təxminən 9 nəfərik.
Quyunun dibindəkilərdən biri yazdı: “Məsələ ondadır ki, kəndir ”kitayski"dir, hələ kəndir sallayana da etibar yoxdur".
Başqa biri yazdı ki, Rusiya kəndirindən tutub çıxmaqdansa, Azərbaycan quyusunun dibində qalmaq yaxşıdır. (Hərçənd heç cür başa düşmək olmur ki, quyunun dibində qalmağın nəyi yaxşıdır).
Quyu sakinlərindən biri yekə bir cümlə yazdı, axırını belə gətirdi ki, indi heç olmasa quyuya kəndir sallayan var, ötənlərdə eləcə durub quyuya baxırdılar.
Bir nəfər kəndirin dartıcılıq qabiliyyətinə skeptik yanaşdı, yazdı ki, bu kəndir rezin kimidir, adam dartdıqca, uzanır, quyudan çıxmaq olmur.
Quyudan kəndirlə çıxmağın perspektivinə inanmayan bir şəxs nağıllardakı kimi ağ qoç və qara qoça ümid etməyi vacib saydı.
Zülfüqar adı həmkarım məsələyə sırf praqmatik prizmadan yanaşdı: “Əgər birinci kimin çıxacağı barədə razılığa gələ bilsələr, kəndirə də ehtiyac qalmaz...”.
Ancaq özünü quyuda hiss etməyən bir xanım layihəyə dair pessimist fikirlərini gizlətmədi, yazdı ki, payıza qədər vaxtınız var, çıxdınız, udacaqsız, çıxmasanız, quyuya dəyirman daşı salacaqlar. (Ola bilər, prinsipcə, bu, bizimkilərin əlindən gəlməyən iş deyil).
Quyudan çıxmaq üçün optimal təklif Xansultanlı soyadlı oxucudan gəldi: “Bir-birimizin çiyninə çıxa-çıxa birimizi quyudan çölə atmalıyıq. Birinci çıxacaq şəxsi düzgün tapmalıyıq ki, çıxandan sonra bizə xəyanət edib, özünə gün ağlamasın”.
Arada söhbət fırlanıb yenə də “yadelli kəndir”in üstünə gəldi. Köhnə vətənpərvərlərdən biri yazdı: “Bu günə qədər Amerikanın, rusun kəndiri hansı ”qurtuluş", xoşbəxtlik gətirib ki? Çobanvari də olsa bir-birinin çiynində quyudan çıxsalar, yaxşıdır".
Beləcə, məlum oldu ki, quyudan çıxmaq məsələsində yekdillik yoxdur. İnsanlar şəkkakdır, hesab edirlər ki, quyudan birinci çıxan kəndiri kəsəcək, xalq yenə quyuda qalacaq.
Fikirlər çox haçalanır. Bəziləri hesab edir ki, quyunun dibi də pis deyil, oturub dolanmaq olar. Bir başqaları özünü ümumiyyətlə quyuda hiss etmir.
Elələri var, qorxurlar ki, onları quyudan çıxaran kəndir sonradan sabunlanıb boyunlarına dolanacaq, yerdə qalanlar da “Salam, dar ağacı” şeirini oxuyacaqlar.
Xüləs, bu göft-gudan sonra heç kəsə olmasa da, müəllifə illərdən bəri quyu dibində qalmağımızın səbəbi bir qədər aydınlaşır. Yekdillik yoxdur. Hər ağızdan bir avaz gəlir. Heç olmasa xorla “bizi xilas edin!” deyə qışqırmaq yerinə bu quyudan bayıra yalnız mırtlaşmaq, vıdı-vıdı, dır-dır səsləri gedir.
İndi əgər oxucular soruşacaq olsa ki, bə bu il necə olacaq, nəhayət, quyudan çıxmaq şansımız varmı, deyərəm, şans həmişə var, amma bu xasiyyətlə biz quyuda çabalaya-çabalaya qalmasaq yaxşıdır.