Medianews.az
Abbas Abbasovu Milli Şuraya gətirən yol
126 baxış

Abbas Abbasovu Milli Şuraya gətirən yol

Rüstəm İbrahimbəyovun gizli namizədi açılır

Demokratik qüvvələrin adından hakimiyyətin qarşısına baş nazirin keçmiş müavini çıxarıla bilər; seçim anında iqtidarın içərisindən ona dəstək verə biləcək məmurlar var...

Prezident seçkiləri yaxınlaşdıqca, Azərbaycanın siyasi səhnəsində cərəyan edən proseslər də intensivləşir. Bu dəfə seçki öncəsi proseslər əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Əgər buna qədər keçirilən seçkilərdə hadisələrin inkişaf istiqamətləri və nəticələr təxmini də olsa, proqnozlara yatırdısa, indi vəziyyət kifayət qədər qarışıqdır.

 

Çünki adətən Azərbaycan vətəndaşları prezidentliyə potensial iddiaçıların kimliyini əvvəlcədən bilməyə vərdişlidir. Ancaq indi prezidentliyə namizədliyini elan etmiş yalnız iki iddiaçı - prezident İlham Əliyev və Müsavat başqanı İsa Qəmbər - məlumdur. Bununla belə, Müsavat Partiyasının da sıralarına qatıldığı Milli Şurada vahid namizəd məsələsi gündəmdədir və bununla bağlı müzakirələr olacaq. Bu quruma qatılmış əksər siyasi qüvvələr öz iddialarından imtina etmələrinin mümkün olduğunu bildiriblər. Bu isə ilk dəfə bu qədər geniş formatda birləşməyə nail olmuş müxalifət düşərgəsinin vahid namizəd müəyyənləşdirməyə yaxın olması anlamına gəlir.

Yəni anlaşılan budur ki, bu payız keçiriləcək seçkilərin siyasi düşərgələrdən hansının xeyrinə yekunlaşacağı barədə indidən qəti fikir söyləmək o qədər də asan deyil. Hətta adətən seçkiyə uzun müddət qalmışdan özünün mütləq qələbəsi barədə ağız dolusu danışmağa vərdişli hakimiyyət düşərgəsi də indi tərəddüdlü görünür. Yəni hakim siyasi dairələr də bu seçkidən qalib çıxa biləcəklərinə artıq o qədər də əmin deyillər. Bu, onların açıqlamalarından da açıq-aşkar hiss olunur.

Səbəbsə çox sadədir. Hakimiyyət bu seçki savaşına olduqca ciddi problemlərlə girmək məcburiyyətində qalıb. İqtidar Qərb siyasi dairələrindən tam arxayın deyil. Rusiyadan isə bu dəfə də “soyuq küləklər” əsir. Üstəlik, seçki yaxınlaşdıqca, şimal küləyi daha da sərtləşir. Hakimiyyətin bu küləyin qarşısında tab gətirə bilib-bilməyəcəyi barədə də hələ təxminlər qətiləşməyib.

Ancaq hər halda, iqtidar buna qarşı müəyyən sistemsiz özünümüdafiə addımları atmağa çalışır. Avqust ayı üçün nəzərdə tutulmuş YAP-ın qurultayının iyunun 7-də keçirilərək prezident İlham Əliyevin namizədliyinin tez-tələsik elan edilməsi buna örnək sayıla bilər. Bəzi məlumatlara görə, bu addım məhz Rusiyaya qarşı oynayan Qərb siyasi dairələrinin məsləhətləri ilə atılmışdı.

Təbii ki, Rusiyanın da bunun qarşılığında cavab addımları atacağı istisna deyil. Ancaq Kremlin planında nələrin varlığı məlum olmasa da, hələlik şimaldan iqtidara ilk zərbə “Milyarderlər ittifaqı”nın sədri, baş nazirin keçmiş müavini Abbas Abbasovdan gəldi. Təsadüfi deyil ki, son vaxtlar Abbas Abbasov Azərbaycanın siyasi səhnəsinə təsir göstərməyə can atmasıyla diqqəti çəkir. O, bir müddət öncə də hakimiyyətin hədələnməsi kimi qiymətləndirə biləcək “Bizə qarşı olanlar gedəcəklər”, açıqlamasıyla çıxış etmişdi.

Ancaq bu dəfə A.Abbasov hücumunun hədəflərini daha da konkretləşdirib. İndi onun məhz hakimiyyətin ən zəif nöqtələrinə zərbə endirməyə çalışdığı müşahidə edilir. Hər halda, “Milyarderlər ittifaqı” sədri ünvanı açıq göstərməsə də, öz bəyanatında “Korrupsiya və işsizlik kimi kəskin sosial problemləri həll etmək, ölkəni keyfiyyətli təhsil və tibbi yardımla təmin etmək əvəzinə onlar Rusiyanın qismində özlərinə düşmən uydurublar”, - deməsindən, hədəfdə məhz hakimiyyətin olduğunu anlamaq elə də çətin deyil. 

Çünki bu ittihamların müxalifətə ünvanlanması mümkün deyil. Hətta müxalifətdəkilər istəsələr belə, korrupsiya ilə məşğul ola bilməzlər. İşsizlik probleminin həlli, təhsilin və tibbi yardımın keyfiyyətinin yüksəldilməsi də müxalifətin səlahiyyətlərinə aid məsələlər deyil.

Deməli, A. Abbasovun hədəfində məhz nüfuzlu hakim siyasi dairələrdir. Çünki hakimiyyətin cəmiyyət və əksər beynəlxalq qurumlar tərəfindən korrupsiyada suçlanması adi hal alıb. A. Abbasov da hakimiyyəti ən yaralı yerindən vurur. 

Rusiyada yaşayan azərbaycanlıların taleyinin ön plana çəkilməsi isə böyük ehtimalla Azərbaycandakı elektoratın diqqətinə hesablanıb. Çünki A. Abbasovun ümumi sayını 2 milyon nəfərə yaxın göstərdiyi Rusiyadakı azərbaycanlıların Azərbaycandakı qohumları seçkilərin yekun nəticələri üçün həlledici faktorlardan birinə çevrilə bilər. Üstəlik, Rusiyadakı azərbaycanlıların özlərinin də səsvermə hüququ var. Bu, müəyyən mənada, Rusiyadakı Azərbaycan diasporunun hakimiyyətin təsirindən tamamilə çıxarılması və iqtidarın arxasının boşaldılması cəhdinə oxşayır. Belə anlaşılır ki, son zamanlar fəallaşaraq, Rusiyanın əyalətlərinə səfərlər edən A. Abbasov artıq hakimiyyəti 2 milyonluq Azərbaycan diasporuyla hədələmək imkanları qazana bilib. Hər halda, baş nazirin keçmiş müavini bu son xəbərdarlıq bəyanatını məhz Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti adından verdiyini də xüsusi olaraq vurğulayıb. 

Buradan bir önəmli nəticə çıxarıla bilər. Belə ki, A. Abbasovun açıqlamalarının məzmunu və son fəaliyyəti onun seçkilərə hazırlaşması təsəvvürü yaradır. Hər halda, onun son fəallığı adətən seçki təbliğatı aparan siyasətçilərin edə biləcəyi manevrləri xatırladır. Düzdür, A. Abbasov hələlik Azərbaycanın dövlət başçısı postuna iddia etdiyini və payız seçkilərinə qatılmaq kimi niyyətinin olduğunu heç vaxt dilə gətirməyib. 

Ancaq onun açıqlamaları və fəallaşması istər-istəməz Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun vahid namizədlə bağlı mövqeyini xatırlamağa ehtiyac yaradır. Çünki Rüstəm İbrahimbəyov artıq iki dəfə prezidentliyə namizəd kimi nəzərdə tutduğu “hörmətli şəxsin” olduğuna eyham vurub. O, sonuncu dəfə bu mövzuda danışarkən, “Mənim prezidentliyə öz namizədim var. Mən vaxtı çatanda cəmiyyətin çox hörmət etdiyi nüfuzlu bir şəxsin namizədliyini irəli sürmək fikrindəyəm”, - demişdi. Hələlik onun Milli Şuranın digər üzvləriylə bu barədə məsləhətləşməsi barədə məlumat mövcud deyil. Ancaq Milli Şuraya daxil olan siyasi qüvvələrdən öz iddialarından imtina etmək barədə təminatın alınması, kiminsə vahid namizəd olaraq irəli çıxmaq üçün siyasi səhnənin arxasında səbrlə uyğun zamanı gözlədiyini deməyə əsas verir.

Yəni hakimiyyətin dəyişdirilməsində və Azərbaycanın gələcək taleyində önəmli rol oynamaq kimi bir iddiaya düşən hələlik naməlum bir şəxsin mövcudluğu artıq şübhə doğurmur. Bu önəmli müəmmanın sirrinin açılmasında da yəqin ki, R. İbrahimbəyovun sözügedən açıqlaması əsas açar rolunu oynaya bilər. Çünki onun bu açıqlamasına məhz A.Abbasovun fəallığı və hakimiyyətə yönəlik sərt tutumu paralellik təşkil edir. Hər halda, baş nazirin keçmiş müavininin özünün hakimiyyət iddiası olmadan belə fəallaşmasına və hakimiyyətə meydan oxuyaraq “körpüləri tamamilə yandıracaq”, - tipli sərt mesajlar verməsinə anlam qazandırmaq çətin olardı. Üstəlik, gələcək prezidentliyə namizədin kimliyini öz əlində “kod açarı” kimi saxlayan R. İbrahimbəyovun A. Abbasovla olan şəxsi münasibətləri də uzaqgedən nəticələrə əsas verir. Yəni bütün siyasi səhnədə görünən “daşlar”ın hamısını öz yerinə oturdanda A. Abbasovun payız seçkilərində prezidentliyə namizəd ola biləcəyi qətiyyən istisna deyil. Hətta bəzi məlumatlara inansaq, A. Abbasovun prezidentliyə namizədliyinin avqust ayında rəsmən açıqlanması barədə artıq qərarın verildiyi barədə də məlumatlar var.

Digər maraqlı məqam Azərbaycan hakimiyyətinə alternativ olacaq istənilən prezidentliyə iddiaçının Rusiya tərəfindən dəstəklənə biləcəyi ilə bağlıdır. Hər halda, Azərbaycan-Rusiya münasibətlərinin indiki keyfiyyəti bu cür təxminlərə uyğundur. Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin də Rusiya günü ilə bağlı A. Abbasovu təbrik etməsi (onun məlum bəyanatı ilə eyni gündə) Kremlin mövqeyinin aydınlaşdırılması baxımından, kifayət qədər önəmli məqamdır. Bunu Kremlin Azərbaycan hakimiyyətinə mesajı kimi də qəbul etmək mümkündür.

Onu da qeyd edək ki, gələn məlumatlarda A.Abbasovun Azərbaycanda hakimiyyəti götürə bilmək imkanlarının iqtidar daxilindəki ayrı-ayrı qruplar tərəfindən də müzakirə olunduğu bildirilir. Həmin qruplarda belə qənaət var ki, Azərbaycan müxalifətinin böyük kəsiminin dəstək verəcəyi və Rusiyadan xeyir-dua alacağı halda A.Abbasovun istəyini reallaşdırması mümkündü. Buna görə də hakimiyyətdə yüksək vəzifə tutan və A.Abbasovla çox yaxın münasibətləri olan şəxslər bu halda ona dəstək verilməsini özlərinin siyasi gələcəyi üçün ən doğru addım hesab edirlər. 

A.Abbasovun isə hakimiyyətdə təmsil olunan qrupların demək olar ki, heç biri ilə birbaşa və şəxsi problemləri yoxdu. Yalnız “Naxçıvan klanı”na daxil bəzi şəxslərlə münasibətləri soyuqdu.

Nəqliyyat naziri Ziya Məmmədov, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, sabiq baş prokuror Eldar Həsənov və digəriləri ilə A.Abbasovun münasibətləri daha istidi və bu şəxslərin də seçim anında içəridən ona dəstək verməsi mümkündür.

musavat.com

Bizə qoşulun