Medianews.az
İsa Qəmbər Milli Şura, vahid namizəd və aksiyalardan danışdı
119 baxış

İsa Qəmbər Milli Şura, vahid namizəd və aksiyalardan danışdı

İsa Qəmbər: “İlham Əliyev seçkidə iştirak qərarı verib- verməyib, bu bəlli deyil”

Müsavat Partiyasının başqanı İsa Qəmbər iyunun 11-də bir neçə qəzet və portalların jurnalistləri üçün brifinq keçirdi. İ.Qəmbər öncə bildirdi ki, Milli Şuranın yaradılmasından sonra ona bir neçə qəzetdən və saytdan müsahibə üçün müraciətlər olub. Ona görə də düşünüb ki, bir neçə jurnalistlə görüşüb bu suallara aydınlıq gətirsin. İsa Qəmbər “Yeni Müsavat”ın əməkdaşının və brifinqdə iştirak edən digər jurnalistlərin suallarını cavablandırdı.

- İsa bəy, Milli Şuranın təsis toplantısında Rüstəm İbrahimbəyov təbrik məktubunda qeyd etdi ki, Avroatlantik məkana inteqrasiya məsələsində tələskənlik göstərmək, bunu bəyannamədə əks etdirmək bir az etik sayılmır. Siz də bu açıqlamadan sonra bəyan etdiniz ki, madam ki, Rüstəm müəllim bu məsələni təbrik məktubuna salmağı zəruri hesab edib, mən də öz mövqeyimi zəruri hesab edirəm. Bundan sonra bu məsələ cəmiyyətdə bir sıra müzakirələrə gətirib çıxardı ki, qüvvələr arasında anlaşmazlıq var. Ötən günlərdə bu məsələdə anlaşa bildiniz?

- Bu məsələ ilə bağlı cəmiyyətdə bir az yanlış anlaşma olub. Çünki Avroatlantik inteqrasiya hədəfi Milli Şuranın bəyannamə layihəsində öncədən var idi. Əvvəlcədən müxtəlif təkliflər hazırlamışdıq. Sonra təklifləri ümumiləşdirərək bir layihə də hazırladıq. Həmin layihədə Demokratik Qüvvələrin Milli Şurasının Avroatlantik məkana inteqrasiyanı da hədəflərdən biri kimi müəyyənləşdirdiyi qeyd olunmuşdu. Nədənsə yalnız Milli Şuranın təsisinə çox az qalmış -27 mayda bəlli oldu ki, bəzi həmkarlarımız həmin məsələnin sənəddə yer almasını istəmirlər. O zaman biz də Müsavat Partiyası olaraq prinsipial mövqeyimizi bəlli etdik ki, bu bizim üçün qırmızı xətlərdən biridir. Azərbaycanın çağdaş mürəkkəb dünyada öz təhlükəsizlik konsepsiyasını müəyyənləşdirməsi həddindən artıq önəmlidir. Bu baxımdan Azərbaycanın maraqlarına cavab verən istiqamət də Avroatlantik məkana inteqrasiyadır. Bundan sonra müəyyən müzakirələr oldu. Həmkarlarımız bizim təklif etdiyimizdən bir qədər başqa şəkildə kompromis şəkildə həmin müddəanı layihəyə təqdim etdilər. Biz də kompromis naminə razılaşdıq. Bundan sonra bu mövzunun yenidən aktuallaşdırılması o qədər də işin xeyrinə olmazdı. Mən də ona işarə etmək istədim. Milli Şuranın təsis günü məktubda həmin o mövqe bildirilməsəydi, mən də onun üzərinə qayıtmağa ehtiyac duymazdım. Mən və Müsavat Partiyası hesab edirik ki, ölkəyə özünü əsas alternativ qüvvə kimi təqdim edən Milli Şuranın hədəfləri cəmiyyətə kifayət qədər aydın olmalıdır. Buna görə də daxildə hansı istiqamətdə addımlar atacağımızı bəyan etməklə yanaşı, beynəlxalq aləmdə də, xarici siyasətdə də hansı istiqamətdə addımlar atmağı fikirləşməyimizi açıq şəkildə bəyan etməliyik. Buna görə də Avroatlantik məkana inteqrasiya müddəasının hansısa formada sənəddə olması zəruri idi.

- Bəziləri hesab edir ki, Milli Şuraya 129 nəfərin üzv olması çoxdur, bəziləri hesab edir ki, tərkib daha da genişləndirilməlidir. Sizin bu məsələdə mövqeyiniz necə olub?

- İdeya ilk dəfə ifadə ediləndə 50 nəfər sayı səslənmişdi. Biz də bunu məqbul hesab etmişdik. Hesab edirik ki, Milli Şuranın 50 nəfərdən ibarət olması maraqlı və yaxşı olardı. Amma sonda burda təmsil olunmaq istəyən qüvvələrin çoxluğu və müzakirələrin gedişi ona gətirib çıxardı ki, siyahı böyüdü. Siyahı 75-80 rəqəmini keçəndən sonra biz artıq sayı deyil, hakimiyyətin dəyişməsini istəyən qüvvələrin bir araya gəlməsini təmin edəcək varianta üstünlük verdik. Alınan rəqəm də 129 oldu. Orada bir nəfərlə bağlı, deyəsən, anlaşılmazlıq oldu. Hətta bəzi media strukturları yazdılar ki, Hacı Abgül Süleymanlı Milli Şuradan çıxıb. Çıxmaq söhbəti yox idi, sadəcə olaraq, siyahıya təkliflər var idi və bir sıra siyasi məhbuslar, o cümlədən Hacı Abgül də təklif olunmuşdu. Onunla əlaqə yaratmaq çətin olduğu üçün onun bu məsələyə münasibəti bir qədər gec aydınlaşdı və bir qədər açıq qaldı. Yəqin ki, o da vəziyyəti dəqiqləşdirəndən sonra üzvlük məsələsinə yekun mövqeyini bildirəcək.

- Rüstəm İbrahimbəyov iyunun sonunda Azərbaycana qayıtmasa, Milli Şura ilə bağlı vəziyyət necə olacaq? İbrahimbəyovun Azərbaycana gəlməməyi vəziyyəti necə dəyişə bilər?

- Rüstəm İbrahimbəyov özü bəyan edib ki, ayın sonunda Bakıya dönəcək. Biz də bu informasiyanı qəbul edərək bunun əsasında sonrakı fəaliyyətimizi planlaşdırmağa üstünlük veririk.

- Milli Şuranın prezidentliyə vahid namizədi məsələsindən hər şey, yoxsa çox şey asılıdır? Namizəd kimi daha çox sizin və Rüstəm İbrahimbəyovun adı çəkilir. Siz hansı şərtlər daxilində Rüstəm İbrahimbəyova güzəştə gedə bilərsiniz?

- Mən “şərt”, “güzəşt” kimi terminlərdən istifadə edilməsinin tərəfdarı deyiləm. Məsələyə bir az olumlu baxmaq lazımdır. Demokratik qüvvələrin Milli Şurası ölkənin demokratik ictimaiyyətinin seçkilərdə vahid strategiya, vahid platforma ilə iştirak etməsi üçün yaradılıb. Biz ölkədə hakimiyyəti dəyişmək istəyirik. Bunu dinc yolla, seçki yolu ilə etmək istəyirik. Bunun üçün də demokratik qüvvələrin vahid platformasına, vahid strategiyasına ehtiyac var. Eyni zamanda vahid platformaya və vahid seçki strategiyasına malik bir koalisiya seçkilərdə də bir namizədlə iştirak etsə, daha məntiqli olar. Bu situasiyada məntiqli namizəd aydın məsələdir ki, müstəqil intellektuallardan biridir. İlk növbədə Rüstəm müəllimdir. Çünki Milli Şura ideyası da ondan gəlibdir. Biz də bu ideyanı qəbul eləmişiksə, Rüstəm müəllimin vahid namizəd olması tamamilə mümkün ehtimaldır. Sadəcə olaraq, burada bir neçə məqamı xatırlatmaq istəyirəm. Əvvəla, bu, Müsavat üçün yeni bir situasiya deyil. Hələ bir neçə il əvvəl Müsavat 2013-cü il prezident seçkiləri ilə bağlı mövqelərini açıqlayarkən, dəfələrlə bunu ifadə edib. Hətta bu il yanvarın 4-də partiya tərəfindən mənim namizədliyim irəli sürüləndə də bəyan etmişik ki, tamamilə mümkündür ki, biz başqa bir müstəqil şəxsin namizədliyini seçkilərdə müdafiə edək. Hətta müxtəlif vaxtlarda, müxtəlif adlara da işarə eləmişik. Bu baxımdan bu konsepsiya tamamilə gözləniləndir. Sadəcə olaraq, bu, avtomatik həll olunan deyil. Bunun üçün əlbəttə ki, ciddi müzakirələr, ciddi anlaşmalar olmalıdır. Söhbət iki illik keçid müddətindən gedir. Söhbət Milli Şuranın namizədinin müəyyənləşib iki illik keçid müddəti üçün ona tam səlahiyyət verilməsindən və həmin iki il ərzində ölkədə çox ciddi islahatlar aparılmasından gedir. Söhbət konstitusiya, seçki islahatlarından, prezidentli respublikadan parlamentli respublikaya keçid istiqamətində çox ciddi addımlardan gedir. Bu iki illik keçid müddətinin sonunda seçkilər keçirilməlidir və parlament seçkilərində qalib gələn siyasi qüvvə, siyasi qüvvələr koalisiyası hökuməti formalaşdırmaq səlahiyyətinə malik olmalıdır. İdeya bundan ibarətdir. Bu konsepsiyanı tamamilə normal hesab edirik. Amma bu konsepsiyada namizəd olacaq şəxs bu məsələlərlə bağlı söhbətlərdə bilavasitə iştirak etməlidir, bu məsələlər danışılmalıdır, aydınlaşdırılmalıdır. Müsavat Partiyası özünü ölkədə gedən proseslər üçün, ölkənin xalqın gələcəyi üçün məsuliyyət daşıyan bir qüvvə hesab edir. Aydın məsələdir ki, belə bir qüvvə ciddi razılaşmalar, ciddi öhdəliklər və müqavilələr olmadan bu cür mühüm məsələlərdə öz son sözünü demək fikrində də deyil. İnşallah, Rüstəm müəllim də vətənə dönəndən sonra bu məsələlər müzakirə olunacaq. Müzakirələrin sonunda inanıram ki, biz müsbət qərarlar qəbul edə biləcəyik.

- Rüstəm müəllim bəyan edib ki, onun özünün namizədi var. Əgər Rüstəm müəllim başqa birisinin namizədliyini irəli sürsə - məlumata görə, Rüstəm müəllim Lalə Şövkətin namizədliyini vermək istəyir-vəziyyət necə olacaq?

- Bu, ehtimallar silsiləsindəndir. Əgər Rüstəm müəllim başqa bir şəxsin namizədliyini təklif edəcəksə, həmin şəxs də müzakirə oluna bilər. Ancaq bu, o demək deyil ki, həmin şəxs avtomatik şəkildə vahid namizəd olacaq. Dediyim kimi, bu, çox ciddi məsələdir və çox ciddi müzakirələrdən, çox ciddi öhdəlikləri üzərinə götürməklərdən keçəcək.

- Seçkilər yenə əvvəlki kimi saxtakarlıqla keçirilsə, Milli Şura seçkidən sonra mübarizəni necə davam etdirəcək?

- Milli Şura bir neçə gündür təsis olunub və özünün əsasnaməsini, ilk sənədlərini qəbul edib. Bizim hədəfimiz dinc yolla, xalqın dəstəyi ilə qalib gəlib islahatlar proqramına başlamaqdır. Nəzəri cəhətdən uğur olmayacağı ehtimalı var. Ancaq mən buna böyük ehtimal vermirəm. Çünki dünyada və ölkədə vəziyyət elədir ki, hakimiyyətin dəyişməsi zaman məsələsidir. Əminəm ki, Milli Şura öz hədəflərinə çatacaq və ölkədə xalqın hakimiyyəti konstitusiyaya uyğun olaraq bərqərar olacaq.

- Azərbaycanın gələcəyi baxımından Milli Şurada hansı baxışlar üst-üstə düşür, hansıları fərqlənir?

- Hamının fikri eynidir ki, xalqın hakimiyyəti bərqərar olunmalıdır. İkincisi, hamı bunun dinc yolla, seçkilərlə baş verməsini istəyir. Üçüncüsü, əgər bu bəyannaməni hamı imzalayıbsa, deməli, hər kəs ölkədə prezident respublikasından parlament respublikasına keçid istiqamətində addımlar atılmasını zəruri hesab edir. Xarici siyasətlə bağlı məsələ bir qədər kompromis variantda göstərildiyi üçün bu o deməkdir ki, o məsələdə diskussiyalar hansısa mərhələdə olacaq. Əksəriyyət Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır. Hətta bu müddəanın sənəddə olmasına maraq göstərməyən şəxslər də bəyan edirlər ki, onlar buna tərəfdardırlar, amma hansısa taktiki məqsədlər üçün indiki mərhələdə həmin müddəanın orada olmasına maraq göstərmirlər. Müsavatın mövqeyi isə əvvəldən bəllidir. Biz Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının tərəfdarıyıq. Eyni zamanda Azərbaycanın qonşularla çox yaxşı qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığının tərəfdarıyıq. Bu, Rusiya kimi böyük dövlətlərə də, Gürcüstan kimi kiçik dövlətlərə də aiddir.

- Hakimiyyət təmsilçiləri Milli Şuranın xarici qüvvələrin, xüsusilə də Rusiyanın layihəsi olduğunu iddia edirlər. Cəmiyyətdə də belə bir fikir kifayət qədər özünə yer edib...

- Hakimiyyət özünü o qədər qeyri-ciddi duruma gətirib salıb ki, onların dediyinə əhəmiyyət verməyin mənasını görmürəm. Müxalifəti, vətəndaş cəmiyyətini Ermənistanla əməkdaşlıqda ittiham edirlər, sonra da bəyan edirlər ki, biz sözsüz Ermənistana qaz verə bilərik. Həmin qüvvədir ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gələndə çox böyük narahatlıq ifadə eləmişdi. İndi isə deyirlər ki, biz Ermənistana qaz verə bilərik. Belə bir qüvvənin müxalifəti xarici qüvvələrlə əməkdaşlıq istiqamətində böhtanları kimə maraqlı ola bilər. Bəlli deyilmi ki, Rusiyanın proyekti bu hakimiyyətin özüdür. 1993-cü ildə də Moskvanın dəstəyi ilə hakimiyyətə gəliblər, 2003-cü ildə də Moskvanın dəstəyi ilə hakimiyyətdə qala biliblər. Ona görə də belə qüvvənin Milli Şuranı ittiham eləməsinin məntiqi yoxdur. Milli Şura ölkədə köklü demokratik dəyişikliklər hədəfini müəyyənləşdirən ciddi bir qüvvə mərkəzidir. Təbii ki, belə bir qüvvə mərkəzi beynəlxalq birliyin bu məsələlərə ən azı loyal yanaşmasında maraqlıdır. Beynəlxalq birlik bu avtoritar rejimə dəstək verməməlidir. Milli Şuranın da məhz Azərbaycanın maraqlarına xidmət edəcəyinə əminik. Milli Şura Azərbaycanın maraqlarına xidmət etməyəcəyi təqdirdə aydın məsələdir ki, Müsavat kimi digər bir sıra partiyalar belə bir birlikdə fəaliyyət göstərə bilməzdilər.

- YAP-ın qurultayını izlədinizmi?

- İzləməyə çalışdım. İnformasiya kifayət qədər məhduddur. Mənim diqqətimi cəlb edən o oldu ki, İlham Əliyevin özünün prezidentliyə namizədlik mövzusunda çıxışını, fikrini görmədim, oxumadım. İlham Əliyevin qurultayda onun namizədliyinin irəli sürülməsi, özünün iradəsi, mövqeyi, seçkilərdə iştirakı ilə bağlı işlətdiyi bir cümlə varmı? Yalnız sonda YAP sədri seçilməsindən sonra dedi ki, etimadınıza görə təşəkkür edirəm, etimadınızı doğruldacam. Orada da prezident seçkilərində namizəd olacağam cümləsi varmı? Yoxdur. Ona görə də mən hesab edirəm ki, “YAP öz namizədini müəyyənləşdirdi” fikri məhz YAP-a aiddir. Amma İlham Əliyev seçkidə iştirak qərarı verib-verməyib, bu bəlli deyil. Bu hakimiyyətin tamamilə fərqli qərarlar qəbul edəcəyini qətiyyən istisna etmirəm.

- İlham Əliyev YAP-ın qurultayında müxalifət liderlərinin ünvanına “köhnəlmiş”, “naftalin iyi gələn” kimi ifadələr səsləndirdi. Bu cür sərt sözlərin ölkə başçısı tərəfindən dilə gətirilməsini necə qiymətləndirirsiniz?

- Ola bilər ki, biz də hərdən deyirik bu hakimiyyəti tarixin arxivinə göndərəcəyik. Onlar da yəqin bu sözdən qıcıqlanıb əks cavablar verirlər. Kimin naftalin iyi verdiyinə, kimin isə yenilikçi olduğuna xalq qiymət verməlidir.

- Demokratik seçkilərə nail olmaq üçün Milli Şura nələr edilməli olduğunu düşünür?

- Bəzən cəmiyyətdə belə əhval-ruhiyyə yaranır ki, Milli Şura yarandısa hər şey həll oldu, bitdi. Əksinə, Milli Şura yarandısa ciddi fəaliyyət başlamalıdır. Mübarizənin yeni bir mərhələsi başlayır. Milli Şurada təmsil olunan və ona dəstək vermək istəyən bütün qüvvələr, bütün cəmiyyət ölkədə demokratikləşmə istiqamətində öz mövqeyini ortaya qoymalıdırlar, səylərini göstərməlidirlər. Proses mübarizədən keçəcək və hesab edirəm ki, dinc, kütləvi xalq hərəkatına ehtiyac var.

- Milli Şuranın yaranması İctimai Palatanın sonrakı taleyinə necə təsir edəcək?

- Hədəflərdə və formatlarda bir-birinə oxşarlıq olduğu üçün ikisinin eyni vaxtda tam gücü ilə çalışması bir az çətin görünür. Ona görə də ola bilər ki, İctimai Palata mövcudluğunu davam etdirmək şərti ilə fəallığını bir qədər azalda bilər. İctimai Palatada təmsil olunan qüvvələr də öz güclərini, səylərini Milli Şura formatında davam etdirə bilərlər.

- Milli Şuranın kütləvi aksiyalar keçirməsi gözlənilirmi?

- Mütləq olmalıdır. Çünki cəmiyyətin, xalqın gücü ortaya çıxmadan, dinc kütləvi aksiyalar keçirilmədən indiki mərhələdə hakimiyyəti hansısa müsbət dəyişikliklərə sövq etmək mümkün görünmür.

- Milli Şuranın vahid namizədi məsələsi reallaşacaqsa, Müsavat Partiyasının 4 yanvarda prezidentliyə namizəd irəli sürməklə bağlı qərarına yenidən baxılması ehtimalı var?

- İndiki mərhələdə qərar qüvvədədir. Müsavatın seçkidə iştirak qərarı var və biz qərarı həyata keçirmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Təşkilatlarımızla, vətəndaşlarımızla, tərəfdarlarımızla görüşlərimiz davam edir. Həm texniki-təşkilati iş davam edir. Məsələn, biz seçkilərə hazırlıqla bağlı seçki komissiyalarında məşvərətçi səslə iştirak edəcək şəxslərin, müşahidəçi kimi iştirak edəcək şəxslərin bütün bölgələr üzrə siyahılarını hazırlayırıq. Bütün rayonlar üzrə seçki qərargahları yaradılır. Bu, böyük bir təşkilatın resurslarının yenidən səfərbərliyə alınması prosesidir. Əgər yuxarıda dediyim məsələlər, inşallah, müsbət həll olunacaqsa və Milli Şura seçkidə vahid qüvvə kimi vahid namizədlə iştirak edəcəksə, Müsavatın da indi toparlandığı potensial da həmin istiqamətdə ortaya qoyulacaq. Prosesə töhfəmizi verəcəyik. Şər deməsən, xeyir gəlməz, əgər bu variantda bizim dəyərlərimiz, prinsiplərimiz diqqətə alınmayacaqsa, biz seçkilərə hazırlığımızı davam etdirəcəyik. Bu cür ciddi bir məsələni biz taleyin təsadüflərinə buraxa bilmərik.

 

 

https://www.youtube.com/watch?v=AFg2iqcI27M

Bizə qoşulun